Heydər Əliyev Fondu Xocalı faciəsini dünyaya XX əsrin ən qanlı soyqırımlarından biri kimi tanıdıb

 

Ötən əsrin ən ağır faciəsi, qəddarlığı, amansızlığı ilə Naqasaki, Xirosima, Xatın soyqırımları ilə bir sırada dayanan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini zəbt etmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirdilər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq təcəssümü idi. Bəşər tarixinin ən böyük faciələrindən biri olan bu soyqırımından 17 il ötməsinə baxmayaraq, bu faciənin ildönümü hər il daha geniş miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarının xatirəsi əziz tutulur.

Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzaladı. Ulu öndər qətliamı kəskin şəkildə pisləyərək bunu bəşəriyyətə qarşı ən ağır cinayət adlandırdı. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu davam etdirir. Bu istiqamətdə görülən işlərdə təşkilatın fəaliyyəti özünəməxsus yer tutur. Məhz fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.

Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən İslam Konfransı Təşkilatının (İKT) Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində davam edir. İKT-nin Gənclər Forumunun və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) təşkilatçılığı ilə ötən il keçirilmiş toplantıda Rusiya Federasiyası nümayəndəliyinin bu istiqamətdə daha səmərəli fəaliyyəti xüsusilə seçildi. İslam ölkələri birliyinin üzvləri olan dövlətlər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, onun rəhbəri Leyla Əliyevanın təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününun İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul ediblər. Bu ildən başlayaraq 26 fevral hər il islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi geniş miqyasda qeyd olunacaq, Xocalı həqiqətlərinə dair fotoşəkillər, filmlər əks etdiriləcək və qətliamın qurbanlarının anım mərasimləri keçirilərək soyqırımı kəskin şəkildə pisləyən şüarlar səsləndiriləcəkdir. Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib.

İKT-nin humanitar faciələr üzrə ekspertləri XX əsrdə müsəlman xalqlarına, o cümlədən soydaşlarımıza qarşı törədilən soyqırımı aktlarını geniş müzakirə edərək Xocalı soyqırımını hüquqi normalara qarşı ən ağır cinayət hadisəsi kimi qiymətləndiriblər. Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın qətliama obyektiv qiymət verilməsi təşəbbüsləri dünyanın sülhpərvər qüvvələri, demokratik ölkələri tərəfindən birmənalı dəstəklənib.

Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri nümayəndələrinin, deputatların, islam ölkələri gənclər təşkilatları təmsilçilərinin və diplomatlarının iştirakı ilə keçirilmiş toplantıda gənclər forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası çərçivəsində keçirilən müzakirələr soyqırımı haqda dolğun təsəvvür formalaşdırdı. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs olunduğu müzakirələrdə respublikamızda və digər ölkələrdə dinc əhalinin, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə dair sənədlər, filmlər və fotoşəkillərin bütün dünyada daha geniş yayılması vacibliyi diqqət mərkəzində oldu.

İslam ölkələrində vahid soyqırımı qurbanları gününün təsis edilməsi təklifi də müsəlmanlara qarşı qətliamların dünyaya bəyan edilməsi istiqamətində mühüm addımlardan biridir. Təklif İKT rəhbərliyinə təqdim olunub. Beynəlxalq təşkilatın Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci baş əlaqələndiricisinin təşəbbüsü ilə başlanmış kampaniya artıq müsəlman dövlətlərinin böyük marağına səbəb olub. Elə bunun nəticəsi olaraq Xocalı qətliamının islam ölkələrində dərsliklərə daxil edilməsi haqda yeni təkliflər irəli sürülərək bir sıra ölkələr tərəfindən dəstəklənib. Bu isə öz növbəsində uşaqların hələ orta məktəb illərindən qətliam barədə məlumatlandırılmasına və nəticədə gələcək nəsillərin ermənilərin etnik təmizləmə, işğalçılıq siyasətinin əsl mahiyyətini aydın şəkildə dərk etməsinə səbəb olacaqdır.

Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Artıq bir sıra dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaşlarımıza qarşı törədilmiş etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin bəşəri borc olduğunu başa düşürlər. İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin iclasında qəbul olunan yekun sənəd bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Sənəddə Xocalı soyqırımının Avropa, Asiya və Afrika ölkələri regional parlamentlərarası assambleyasının dialoqu zamanı bəşəriyyətə qarşı kütləvi qətliam kimi tanınması barədə məsələnin qaldırılması əks olunub.

Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Həyata keçirilən tədbirlərin səmərəsi kimi islam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı və İslam Konfransı Gənclər Forumu Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni təşəbbüslə çıxış edib. Erməni təcavüzkarlarının soydaşlarımıza qarşı qətliamları haqqında məlumatların İKT-yə üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması məsələsi gündəmdədir. İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyası üzv ölkələrdə 2009-2012-ci illərdə prioritet şəkildə həyata keçirilməsinin vacibliyini özündə ehtiva edir.

Xocalı faciəsinin müsəlman dövlətlərinin ali təhsil məktəblərin dərsliklərinə salınması və qətliama aid həqiqətlərin daha geniş miqyasda yayılması təklifləri islam ölkələrinin ali təhsil və elm nazirlərinin dördüncü konfransının yekun qətnaməsinə daxil edilib. Bu sənəd də ermənilərin Xocalıda törətdikəri qətliamlar haqqında əsl faktların İKT-yə üzv ölkələrin ali təhsil müəssisələrinin dərsliklərində əks olunmasını dəstəkləyir və "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasının bu ildən başlayaraq bir neçə il ərzində davamlı və geniş miqyasda keçirilməsi zəruriliyini əks etdirir. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Faciənin soyqırımı kimi tanıdılması, bəşəriyyətə qarşı bu ən ağır cinayətə siyasi qiymət verilməsi, soyqırımı həqiqətlərinin İKT ölkələrində yayılması haqqında siyasi qərar, Gənclər Forumunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə İKT-yə üzv ölkələrin xarici işlər nazirlərinin 35-ci sessiyasında və beynəlxalq təşkilata üzv ölkələrin 11-ci zirvə görüşündə qəbul edilən qətnamələrdə əksini tapıb.

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" konfransının qətnaməsində beynəlxalq hüquq normalarına uyğun olaraq hər hansı dövlətin təcavüzkar siyasət yürütməsinin yolverilməz olduğu əks etdirilib. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də öz əksini tapıb. İslam Konfransı Təşkilatının Gənclər Forumu təhsil nazirlərinin konfransında quruma üzv ölkələrin dərs kitablarına Xocalı faciəsi haqqında fəslin daxil edilməsi təşəbbüsünü irəli sürüb.

Soyqırımın 17-ci ildönümü ərəfəsində bir sıra ölkələrdə keçiriləcək anım tədbirləri əvvəlki illərlə müqayisədə daha geniş miqyasda təşkil olunacaq. 26 fevral yalnız Azərbaycanda deyil, digər müsəlman ölkələrində də humanitar fəlakətlər qurbanlarının xatirəsinin anma günü kimi tarixə düşdü. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların nəticəsiz qalmadığını sübut edir.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-26 fevral.-S.4.