Ölüm doğdu o gecə...
Qarabağ hadisələri başlanandan indiyə qədər hər dəfə əlimə qələm alanda bütün vücudum lərzəyə gəlir. İçimdəki qəzəbi və etirazı istədiyim şəkildə yazmağa çətinlik çəkirəm. Hiddətim və qəzəbim fikrimi dəqiq ifadə etməyə imkan vermir. Çünki xalqıma edilən gözgörəsi zülm o qədər böyük, haqsızlıq o qədər dəhşətlidir ki, bunları insan ağlı dərk edə bilmir. Zülmün və haqsızlığın bu dərəcədə ola biləcəyini təsəvvürümə gətirə bilməzdim.
Qəlbimə və ağlıma 20 illik zaman kəsiyində sığmayan bu dəhşətləri və üstümüzə yağış kimi yağdırılan böhtanları, çamurları hansı sözün qüdrəti ilə deyim? Hansı ifadələrlə cümlələrə düzüm? Şahidi olduğumuz bu müsibətlər heç bir dilin çərçivəsinə sığışmır..
Əcdadları bu torpağa gəlmə olan ermənilər indi Ermənistan adlandırılan
dədə-baba torpaqlarımıza
sahib olmaları bəs
deyilmiş kimi, Azərbaycandakı torpaqlarımıza
da zaman-zaman tamah salıblar. Onlar bu torpaqlara sahib çıxmaq üçün
mütləq yalan danışıb, ev sahibinə böhtan atıb, doğrunu bucağa qısıblar. Bunlar azmış kimi,
dünyanı da öz yalanlarına inanmağa məcbur ediblər. Çox uzağa getməyək.
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda dinc yaşayan qarabağlılara qarşı
törətdikləri soyqırımını
sonra özlərinə
sərfəli şəkildə
təbliğ etdilər.
Dünyaya səs saldılar
ki, guya Xocalıda qırılanlar
azərbaycanlılar yox,
zavallı, hər yerdən, hətta Ermənistandan belə, əli üzülmüş
ermənilərdir. Guya azərbaycanlılar
ermənilərə qarşı
barbarcasına hərəkət
edərək soyqırımına
yol veriblər. Onlar ənənələrinə sadiq
qalaraq bu dəfə də tarixi hərtərəfli saxtalaşdıraraq həqiqətə
kölgə salmağa,
Avropa və Amerikada yaşayan havadarlarını da özlərinin yalanlarına
məharətlə inandırmağa
çalışdılar. 1988-ci ildə, ondan sonra 1990-cı il
yanvarın 13-də Bakıda
və Sumqayıtda özləri özlərinə
qarşı mənfur
siyasətlərini həyata
keçirərək aləmə
bəyan etdilər ki, azəri türkləri onları vəhşicəsinə qırır.
Öz küdurətlərinə və
başqa xalqlara atdıqları böhtana görə qonşuları
tərəfindən qovulan
bu millət dünyaya pərpətöyün
toxumu kimi səpələnib. Əfsanəvi "dənizdən-dənizə" və "Böyük Ermənistan" xülyasına
görə biz öz torpağımızın sahibi
deyilik.
Qarabağ hadisələri başlayandan
bugünə qədər
başımıza gətirilən
müsibətləri xronoloji
surətdə yazmaq, bunları tarix və gələcək nəsil üçün bir ibrət dərsi qoymaq üçün əli qələm tutan hər bir azərbaycanlı
bu hadisələrə
biganə münasibət
göstərməməlidir.
SSRİ dövründə qeyri-rus
millətindən olanlara,
xüsusən də, Qafqazda yaşayan müsəlmanlara qarşı
ikili münasibət göstərən imperiya rəhbərləri Azərbaycanda
ermənilərə elə
bir meydan vermişdilər ki, ölkənin heç bir yerində onlar qədər yüksək şəraitlə
təmin edilmiş başqa millət yox idi. Bütün bu
azğınlıqlar, qudurğanlıqlar
və xaricdən havadarlıq onları
1988-ci ildə əsası
olmayan bir məsələni - "dənizdən-dənizə"
və "Böyük
Ermənistan" ideyasını
yenidən ortaya atmağa şirnikləndirdi.
1988-ci ildən başlanan
milli faciələr
1990-cı ildə ermənilərin
əli ilə davam etdirildi, ardı-arası kəsilməyən
qanlı qırğınlar
törədildi, tarixdə
analoqu olmayan soyqırımı hadisələri
baş verdi.
Xocalı soyqırımı da ermənilərin ruslarla birlikdə düşündükləri və
vəhşicəsinə həyata
keçirdikləri məkrli
siyasətin nəticəsidir.
Bu, erməni millətçilərinin
xalqımıza zərbə
vurmaq üçün
əl atdıqları
insana yaraşmayan mənfur və eybəcər hərəkətlərin
məntiqi davamıydı.
1992-ci ilin
25 fevral gecəsi... Qarabağ hadisələri
başlanan vaxtlardan üzü bu yana xalqımızın
başına gətirilən
müsibətlərin, demək
olar, hamısı gecələr törədilib.
Xocalı faciəsi də fevralın 25-dən
26-na keçən gecə
baş verdi.
Müasir silahlarla silahlanmış
erməni və sovet hərbi birləşməsinin əsgərləri
Xocalıya daxil olub yalın əllə torpağını
müdafiə etmək
istəyən xocalılı
oğul və qızlarımızı qana
bələdi. Nə idi
çiçəyi burnunda
ölən yeniyetmələrimizin,
torpağımızın bütövlüyünü
qorumaq istəyən cavanlarımızın, namuslu
qız-gəlinlərimizin günahı?
Vətən torpağını sevmək, onu qorumaq istəmək haçandan günah hesab olunurdu? O qanlı gecə Azərbaycan xalqı bir daha min illik
qəhrəmanlıq tarixini
ortaya qoydu, qəhrəmanlıq ənənələrini
müdrikcəsinə sübut
etdi. O sübut etdi ki, bu
xalq azadlığı,
torpağının müstəqilliyi
yolunda ölümə
hazırdır. Ölümə hazır olmayan millət isə azadlığını qazana
bilməz. Yalın əllə
müasir silahlara cavab verən cavanlarımız sübut
etdilər ki, bu millət üçün azadlıq
zəruriyyət səviyyəsinə
yüksəlib. Azadlığını zəruriyyət bilən bir xalq isə
artıq yetkin xalqdır. Bu cavanlar silahla deyil, ölümləriylə
ölüm saçan
tanklara meydan oxuyarkən artıq ölümün o tayına
- yəni, ölümdən
yüksək olan şəhidlik zirvəsinə
yüksəldilər. Bu
zirvədə olanlar Babəkin, Nəsiminin və Koroğlunun xeyir-duasını qazandılar.
Onlar məlum həqiqəti bir daha təsdiq
etdilər ki, vətən oğulları
vətən uğrunda
ölməyi bacarmasalar,
vətən dirilməz.
Vətən uğrunda ölməyi
bacaran oğullarımızın
şücaəti sayəsində
biz özümüzü dünyaya
tanıda bildik.
O qanlı
gecə qəlbimizə
elə dağ çəkildi ki, bu dağın sızıltısı torpaqlarımız
azad olunmayınca davam edəcək və çəkdiyimiz bütün əzab və zilləti bizə həmişə xatırladacaq. Təqvimlərimizə 25-26 fevral qara
hərflərlə yazılıb
və gələcək
nəsillər bu iki rəqəmi tarix kimi yadda
saxlayıb, hər zaman qatilləri lənətləyəcəklər.
Bu kiçik
qeydlərimi bu yaxınlarda haqq dünyasına qovuşmuş
böyük şair Bəxtiyar Vahabzadədən
gətirdiyim bir bənd şeirlə bitirmək istəyirəm:
Qara geydi bu Vətən,
Yox hayına
bir yetən.
Həyata hamiləykən
Ölüm doğdu o gecə...
Daşdəmir Əjdəroğlu
Azərbaycan.-2009.-26 fevral.-S.4.