Soyqırıma gedən yol
İyirminci əsrin son on illiyinin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımı bəşər tarixində ən qanlı olaylardan biri kimi daim xatırlanmaqla yanaşı, ermənilərin əsl mahiyyətinin, iç üzünün ifşa edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Həyata keçirilmə metodu baxımından isə Xocalı faciəsinin tarixdə misli yoxdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir.
Tarixin ən dəhşətli
kütləvi terror aktının səhifəsi
XX əsrin Xocalı faciəsindən əvvəl dünyada iki yaşayış məntəqəsi eyni aqibətə uğramış, eyni metodla Yer üzündən silinmiş və sakinləri məhv edilmişdir. Bunlardan birincisi Belarusun Xatın kəndidir. 1941-ci ildə faşistlər Xatın kəndini tamamilə yandırmış, dinc sakinləri soyuqqanlıqla məhv etmişdilər. Buna bənzər ikinci hadisə Vyetnam müharibəsi zamanı Sonqmi kəndində baş vermişdir. Sonqmi kəndinin sakinləri partizanlara dəstək vermək bəhanəsi ilə böyükdən-kiçiyə qədər bütünlüklə məhv edilmişdir. Bu iki hadisə müharibə tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Lakin onlar Xocalı faciəsi ilə müqayisə oluna bilməzlər. Bu iki kənddə törədilən faciələr yalnız Xocalıdan əvvəl erməni separatçıları tərəfindən qəsb edilərək yandırılıb - yaxılan, sakinləri qətl edilən altı Azərbaycan kəndi - Bağanis-Ayrım, Kərkicahan, Meşəli, Cəmilli, Malıbəyli və Quşçular ilə oxşar olar bilər. Xocalı soyqırımı miqyasına və böyüklüyünə görə, onların hamısından daha dəhşətli, daha müdhişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev bununla bağlı qeyd etmişdir: "Bu amansız və qəddar soyqırımı aıktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Əslində, Xocalı faciəsi bir gecənin olayı deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdü. Onlar Qarabağın digər ərazilərində də bu cür faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan Xocalı qətliamının da əsası qoyulurdu.
Faciənin
başlanğıcı
"Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilər bütün tarix boyu Azərbaycan torpaqlarına göz dikib və indi də bu məkrli niyyətlərindən əl çəkməyiblər. Ermənilərin bu niyyətinin növbəti dəfə açıq mərhələyə keçməsi 1985-ci ildə SSRİ-də ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə özünü bir daha büruzə verdi. Lakin həmin vaxt ümummilli lider Heydər Əliyevin Siyasi Büroda olması ermənilərə və onların himayədarı olan Qorbaçova Azərbaycanla bağlı planlarının reallaşmasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin törədilməsinə imkan vermirdi. Elə bu səbəbdən həm ermənilər, həm də onların mərkəzi hakimiyyətdə olan himayədarları o vaxtlar Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan bu Azərbaycan bölgəsilə bağlı məkrli planlarını həyata keçirmək üçün M.S.Qorbaçovun vasitəsilə Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasına nail ola bildilər. Təsadüfi deyil ki, ümummilli liderin Siyasi Bürodan getməsindən sonra 1987-ci ilin noyabrında erməni akademik A.Aqanbekyan Parisdə verdiyi açıqlamada Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı SSRİ rəhbərliyinə təklif verdiklərini açıqladı. Elə bu vaxtlar erməni "Qarabağ Komitəsi", onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən "Miatsum" adlanan hərəkat da formalaşdırıldı. Bütün bunlar 1988-ci ilin fevralından etibarən, hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Məhz həmin dövrdə həm Dağlıq Qarabağda, həm də Yerevanda Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi tələbilə silsilə mitinqlər başladı. SSRİ rəhbərliyi tərəfindən heç bir ciddi müqavimət görməyən və bundan daha da ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin iclasında vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul etdilər.
Elə həmin dövrdə ermənilərin niyyəti Dağlıq Qarabağın bir çox yaşayış məntəqələri kimi, Xocalını da özünümüdafiəsini gücləndirməyə vadar etdi. 1988-ci il fevralın 12-də Xocalı rəhbərliyi Əsgəranda keçirilən yığıncağa dəvət olundu. Yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi V.Konovalovun, şöbə müdiri M.Əsədovun iştirakına baxmayaraq, ermənilər Ermənistana birləşmək istədiklərini açıq şəkildə bəyan etdilər. Xocalının sabiq icra başçısı Elman Məmmədov xatırlayır ki, həmrn yığıncaqdan çıxıb Xocalıya gəldikdən sonra ağsaqqallar və ziyalılarla təcili görüş keçirərərk vəziyyəti onlarla müzakirə etdi. Elə həmin gündən Xocalının və ətraf kəndlərin müdafiəsi üçün müdafiə komitəsi yaradıldı. Xocalının müdafiəsi məqsədilə postlar təşkil olundu. Bu postlara çıxan dəstələrin isə silahları yalnız ov tüfənglərindən ibarət idi. Ermənilərin Xocalı və bütövlükdə, Dağlıq Qarabağ üçün yaratdığı təhlükə ilə bağlı Bakıya, Moskvaya saysız-hesabsız teleqramlar vurulsa da, nəticə olmadı.
Sonrakı mərhələdə hadisələr daha gərgin məcrada inkişaf etməyə, qətllərlə müşayiət olunmağa başladı. Fevralın 24-də Əsgəran rayonunda erməni separatçıları tərəfindən iki azərbaycanlı gənc qətlə yetirildi, 19 nəfər isə müxtəlif dərəcədə yaralandı.
Azərbaycan ərazilərinin
işğalının rəsmiləşdirilməsi
Ancaq bu hələ başlanğıc idi. Ermənilərin məkrli siyasətinin tərkib hissəsi olaraq Sumqayıtda əvvəlcədən hazırlanmış qəsdlər törədildi və bu işdə ermənilərin özü ilə yanaşı, SSRİ dövlət təhlükəsizlik orqanları da yaxından iştirak etdi. Əslində, burada əsas məqsəd Ermənistanda yaşayan azərbaycanlıları deportasiya etmək və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına zəmin hazırlamaq idi. Bu siyasətin tərkib hissəsi olaraq Ermənistanda azərbaycanlıların yaşadığı şəhər və kəndlər yandırılmağa, soydaşlarımızın əmlakları yağmalanmağa, özləri buradan deportasiya olunmağa başladı. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu, bununla da, Ermənistan monoetnik dövlətə çevrildi.
Ermənistandan zorla çıxarılan azərbaycanlıların bir hissəsi də Xocalıda yerləşdirildi. Onlara Xocalı rəhbərliyi tərəfindən torpaq sahəsinin ayrılmasını isə nə Əsgəran, nə də Xaqkəndi qəbul etmir və bu qərarı özbaşınalıq kimi qiymətləndirirdilər. Ermənistandan soydaşlarımızın deportasiyası isə hadisələrin bir qədər də gərgin məcrada inkişafına səbəb oldu. Artıq yollarda "Daş müharibəsi" gedirdi. Bu müharibə əsas etibarı ilə Xankəndi-Xocalı-Əsgəran arasında özünü göstərirdi. Bu istiqamətdə keçən yoldan azərbaycanlılara məxsus avtomobilləri ermənilər daşa tutur, onları əzir, sahiblərinə müxtəlif xəsarətlər yetirirdi. Bunun əvəzi isə daha çox Əsgərandan Xankəndiyə və ya əks istiqamətdə hərəkət edən və beləliklə, Xocalıdan keçmək məcburiyyətində qalan ermənilərə məxsus avtomobillərdən çıxılırdı. Elə bu səbəbdən ermənilər Xocalı maneəsinin mümkün qədər tez neytrallaşdırılmasına çalışır və kiçik bir həmlə ilə Xocalını məhv edəcəklərinə inanırdılar. Elə bu məqsədlə 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən nümayişdən sonra 12 minə qədər erməni 10 kilometrlik bir məsafəni piyada qət edərək Xocalıya tərəf üz tutdu. Ermənilərdən irəlidə isə 4 "Kraz" və "Kamaz" markalı yük avtomobilləri gəlirdi. O da məlum olmuşdu ki, ermənilərin arasında xüsusi təlim keçmiş döyüşçülər var. Ermənilər benzin doldurulmuş butulkalarla, ucu itilənmiş dəmirlərlə silahlanmışdılar. Lakin bunlar Xocalı sakinlərini qorxutmadı. Əksinə, Xocalıya iki kilometr qalmış ermənilərə qarşı az bir qüvvə ilə həmləyə keçən xocalılılar onları geri yola sala bildilər.
Hadisənin səhərisi günü Zori Balayan "YAK-140" təyyarəsilə 12 nəfər həkimlə birlikdə Ermənistandan Xankəndiyə gəldi. Yalnız sentyabrın 21-də Bakıdan Mərkəzi Komitə Xocalıya nümayəndə heyəti göndərdi. Lakin bu nümayəndələr erməniləri cəzalandırmağa yox, daha çox öz iradlarını bildirməyə gəlmişdilər. Hadisədən az sonra mərkəzdən gələn istintaq qrupu baş verənlərə görə, bir neçə Xocalı sakininin həbsinə dair qərar çıxardı. Bundan sonra yollarda və digər məntəqələrdə keşik çəkən sovet ordu qüvvələri ermənilərə tərəfdarlıq etməyə başladı.
SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi vəziyyətin real qiymətləndirilməsində maraqlı deyildi. 1988-ci il martın 24-də mərkəz tərəfindən qəbul edilən "1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" tarixli qərar isə məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi.
Belə bir dəstək erməni separatçılarının təcavüzkarlığını daha da artırdı. Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Burada əsas məqsəd Dağlıq Qarabağda yaradılmış Xüsusi İdarə Komitəsi vasitəsilə bu ərazilərin Azərbaycandan alınıb Ermənistana verilməsinin təminatına hesablanmışdı. Volskinin rəhbərlik etdiyi bu komitə Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin daha gərgin məcrada inkişaf etməsinə səbəb oldu. Belə ki, komitənin fəaliyyətə başlamasından az sonra Xankəndidə yaşayan 14 min azərbaycanlı buradan zor gücünə çıxarıldı, geri qayıtmamaları üçün onların evləri yandırıldı. Xankəndini tərk etməyə məcbur qalan azərbaycanlıların bir qismi yenə də pənah yeri kimi Xocalıya üz tutdu. Bu dövrdə artıq odlu silahlardan daha geniş istifadə olunurdu. Həmin dövrdə Yerevandan Xocalı aeroportuna edilən gündəlik reyslərin sayı isə 30-a çatdı. Bu təyyarələr vasitəsilə ermənilər Xankəndiyə hərbi sursat daşıyırdılar. Ancaq sonradan Xocalı polisinin fədakar əməyi sayəsində Ermənistandan gələn reyslərin sayı 4-ə qədər azaldı. Hətta Moskvanın bu məsələyə qəti etirazını bildirməsinə baxmayaraq, Xocalı polisi inadından dönmədi və sərnişin reyslərindən başqa heç bir yük təyyarəsinin Xocalı aeroportuna enməsinə yol vermirdi. Buna görə ermənilər Xocalı polisini "Məhəmməd Əsədovun bandası" adlandırırdı.
Belə bir vaxtda Azərbaycan xalqının etirazı nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Bununla belə, məkrli planın reallaşmasında maraqlı olan ermənilər və onların Moskvadakı himayədarları ləğv olunan Xüsusi İdarə Komitəsinin əvəzinə Təşkilat Komitəsi adlanan yeni bir qurumun yaradılmasına nail oldular. Yeni komitəyə V.Polyaniçko təyin edildi. Ancaq onun fəaliyyəti dövründə vəziyyət daha da pisləşdi. Elə həmin dövrdə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan ərazisinə qarşı açıq müdaxilənin başlandığını göstərən ilk rəsmi sənəd oldu. SSRİ rəhbərliyi isə nəinki ermənilərin bu qanunsuz əməllərinə göz yumur, əksinə, Azərbaycana qarşı daha ağır cinayətlərin törədilməsinə zəmin hazırlayr və özləri də bunda yaxından iştirak edirdi.
Bunun nəticəsində müasir hərbi texnika və silahlarla silahlanmış iri qoşun kontingenti 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Bakı qırğınında erməni əsgər və zabitlərindən də istifadə olunduğu sonradan konkret faktlarla təsdiqləndi. Qanlı yanvar faciəsi SSRİ-nin süqutunun bir qədər də sürətlənməsini və istiqlaliyyət, ərazi bütövlüyü uğrunda mübarizəni daha da gücləndirdi.
Həmin dövrdə Qarabağda cərəyan edən hadisələr daha qanlı xarakter almaqda idi. Bu hadisələrin mərkəzində dayanan əsas yerlərdən biri də Xocalı idi. Qarabağın digər azərbaycanlılar yaşayan bölgəsi kimi bura da tez-tez ermənilər tərəfdən atəşə tutulurdu. Lakin bu dövrdə Azərbaycan hökuməti Xocalının müdafiəsini təşkil etmək əvəzinə, burada genişmiqyaslı tikinti işləri aparırdı. 1990-cı ilin aprelində isə Xocalıya şəhər statusu verildi. Xocalının mövqeyini və oynadığı rolu nəzərə alan təşkilat komitəsi çox zaman iclaslarını məhz Xocalıda keçirirdi. Bununla belə, ermənilər yenə Xocalını atəş altında saxlayır və bəzən buraya həmlələr etməyə cəhd göstərirdi. Ancaq hər dəfə layiqli cavablarını da alırdılar. Bu hal Xocalının işğal olunduğu günə qədər davam etdi.
1991-ci ildən etibarən isə Xocalıda vəziyyət daha da ağırlaşdı. Belə ki, Xocalıya gedən yollar ermənilər tərəfindən tez-tez bağlanırdı. Bu isə Xocalı ilə mütəmadi əlaqə saxlanmasında ciddi problemlər yaradırdı. Quru nəqliyyatından istifadə etmək olduqca təhlükəli hal alırdı. Bu səbəbdən şəhərlə əsas əlaqə vertolyot vasitəsilə saxlanırdı.
1991-cı ilin oktyabrından isə tam mühasirədə saxlanan Xocalıya gedən bütün avtomobil yolları bağlandı. Artıq şəhərlə gediş-gəliş yeganə nəqliyyat vasitəsi kimi vertolyotlarla həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Həmin dövrdə Dağlıq Qarabağda erməni separatçıları da fəaliyyətini genişləndirirdi. Bunun nəticəsi olaraq 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ Respublikası" adlanan oyuncaq dövlət yaradıldığı bildirildi. Həmin ilin noyabr ayının 26-da Azərbaycan Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olunduğunu bəyan etdi.
Xocalı qətliamına
hazırlıq
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları - terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Moskvadan və xaricdəki erməni diasporundan verilən dəstək, eləcə də o vaxtkı Azərbaycan rəhbərliynin yarıtmaz siyasəti nəticəsində lazımi müqavimətlə üzləşməyən ermənilər 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndlərini işğal etdi. Bunun ardınca Xocavənd kəndi də işğalçıların nəzarti altına keçdi.
Bu dövrdə Xocalı yenə də döyüşür və ermənilərin işğal siyasətinin daha sürətlə genişlənməsinə mane olurdu. Belə ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edəndə Xankəndi və erməni silahlılarının yerləşdiyi digər məntəqələr də Xocalıdan atəşə tutulur və düşmənin öz niyyətini həyata keçirməsinə maneələr yaradılırdı. Lakin Xocalıya və Qarabağın düşmən hücumuna məruz qalan digər bölgələrinə o vaxtkı Azərbaycan iqtidarı tərəfindən lazımi yardımlar edilməməsi və hakimiyyət uğrunda gedən savaşlar ermənilərin öz niyyətini daha asan reallaşdırmağa imkan verirdi. Məhz bunun nəticəsində 1992-ci il yanvarın 10-da ermənilər Axullu kəndini zəbt edə bildilər. Elə həmin ilin fevralında Malıbəyli və Quşçular kəndləri hücuma məruz qaldılar. Xankəndidə yerləşən 366-cı alayın bilavasitə iştirakı ilə bu kəndlər də ermənilər tərəfindən işğal olundu. Malıbəyli və Quşçular kəndlərinin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı yenə də 366-cı motoatıcı alayın əsgər və zabit heyəti, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülər hesabına ermənilərin əlinə keçdi.
Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. İndi ermənilər üçün əsas hədəf Xocalı idi.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını Yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətləriniə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Düzdür, buna nail ola bilməsələr də, ermənilər 366-cı alayın köməyilə tarixə ən dəhşətli qanlı səhifələrdən birini yazdılar.
7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağın silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da məhz Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqlarından biri də onun bu cür strateji mövqedə olması və buradakı hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaratmaq məqsədinə çatmaq idi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulmasından və içindəki 40 nəfər azərbaycanlının həlak olmasından sonra isə Xocalı ilə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi qismən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və könüllü döyüşçülərdən təşkil olunmuşdu.
Qeyri-bərabər
döyüş
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən tam mühasirəyə alındı. Bundan sonra hər gün toplardan, ağır texnikadan atəşə tutulur, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Belə dəstələr güclü silah-sursat və texnika ilə təchiz olunmuşdular. Xocalı əhalisinin gözlənilən təhlükədən xəbəri olsa və ölkə rəhbərliyi bu barədə məlumatlandırılsa da, yenə də heç bir tədbir görülmədi, Xocalı taleyin ümidinə buraxıldı. Xocalı şəhərinin sabiq icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov bu məqamı belə xatırlayır: "Biz onları dəfələrlə məlumatlandırdıq. Nələrin baş verdiyini demişdik. Amma hakimiyyətin "qabiliyyəti" göz önündə idi. Bildiyiniz kimi, həmin vaxtlar iqtidara gəlmək istəyən AXC də bir tərəfdən hakimiyyəti iflic vəziyyətinə salmışdı. Başları hakimiyyət davasına qarışdığı üçün tək Xocalı yox, bütün torpaqlarımız müdafiəsiz qalmışdı. 1991-ci ilin noyabrından sonra Xocalıda hərbi qüvvə qalmamışdı. Yalnız Milli Qəhrəman Aqil Quliyevin başçılıq etdiyi 16 nəfərlik dəstə döyüşürdü. Onların da 12 nəfəri Xocalı hadisəsi zamanı döyüşlərdə şəhid oldu".
Ölkə rəhbərliyinin səriştəsizliyi və yaranmış şərait ermənilərin Xocalı ilə bağlı planlarının daha tez həyata keçirməsinə təkan verirdi. Fevralın 25-də Xocalı daha dəhşətli dərəcədə artilleriya və digər hərbi texnikadan atəşə tutulmağa başladı. Bu işdə yenə də 366-cı alayın texnikasından geniş istifadə olundu. Ümumiyyətlə, bu alay Xocalı ilə yanaşı, Azərbaycanın digər kəndlərinin də atəşə tutulmasında dəfələrlə iştirak edib. Bunun əsas səbəblərindən biri də alayda xeyli sayda erməninin olması idi. Yeri gəlmişkən qeyd edək ki, 366-cı alaydan Xocalıya edilən hücumda Ermənistanın indiki müdafiə naziri Seyran Muşeqoviç Ohanyan da yaxından iştirak edib. Xocalının işğalına dair istintaq materiallarından belə məlum olur ki, məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak edib.
Hücumdan əvvəl isə şəhər aramsız şəkildə atəşə tutuldu. Xocalı sakini Şaiq Qurbanov həmin günü belə xatırlayır: "Fevral ayının 25-i axşamüstü idi. Bu ağır günlər elə bil adamları bir-birinə daha da doğmalaşdırmışdı. Hamı xoflu idi. Sakinlər dəhşət içərisində "İlahi, özün kömək ol" - deyə əllərini göyə tutaraq imdad diləyirdilər. Birdən atışma səsi gəldi. Əvvəl aeroport tərəfdən, sonra Mehdikənd sarıdan güllə səsləri çoxalmağa başladı. Güllə gələn istiqamətləri saydım: düz 9 yerdən atırdılar.
Güllələr
dolu kimi yağırdı. Bir az sonra mərmilər də
atmağa başladılar. Qarşımızdakı
üçmərtəbəli evə düşən mərmidən
toz aləmi götürdü. Sonra türklər məhəlləsindəki
evlərdən biri alışdı. Bir oldu üç, üç oldu
beş, beş oldu on beş. Köhnə Xocalıda, Qaladərəsində
də evlər od tutub yanırdı. Artıq aləm
qarışmışdı, adamlar qışqırıq
içərisində ora-bura qaçır,
çıxılmaz vəziyyətdə nə edəcəklərini
bilmirdilər".
Xocalı
özünümüdafiə batalyonunda döyüşən
Rauf Qəmbərov isə o dövrü belə
xatırlayır: "Fevralın 25-dən 26-na keçən
gecə qərargahda növbətçi idim. Axşam saat 9 ərəfəsində
Həsənabaddan ermənilərin
danışığını tutduq. Eşitdik ki, bu axşam
Xocalıya basqın olacaq. Tez evə gəldim.
Arvad-uşağı qonşum Şiraslanın zirzəmisinə
yığdıq. Qayıdanda gördüm ki, 366-cı alay
ağır texnika ilə Xocalıya tərəf irəliləyir".
Həmin vaxt Xocalını
qoruyanlar düşmənin qarşısını kəsməyə
çalışsalar da, qeyri-bərabər şəraitdə
ciddi müqavimət göstərsələr də, erməni
hərbi birləşmələri 366-cı alayın köməyi
ilə Xocalıya daxil olduE
Rasim Bayramov
Azərbaycan.-2009.-26 fevral.-S.5.