Türkiyə paytaxtının
Keçiörən bələdiyyəsi Xocalı qətliamını
soyqırımı kimi tanıyıb
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən dəhşətli qətliamdan 17 il ötür. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş mənfur siyasətin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə törədilmiş qəddar cinayətdir. Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq, məhv etmək niyyətini güdmüşlər.
Fevralın 26-da Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə "sülhsevər" ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə məhv edərək, insanlığa silinməz ləkə olan soyqırımı aktını törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək dəhşətli zülm, təhqir və həqarətə məruz qoyulmuşlar. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri qəddar, tükürpədici üsullardan istifadə etmişlər.
Xocalı soyqırımı Azərbaycanın Qarabağ müharibəsində üzləşdiyi ən ağır itki, sonrakı məğlubiyyətləri qismən labüd edən faciə olmuşdur. Həmin dövrdə mərkəzi hakimiyyətin səriştəsizliyi, respublikada xaos və anarxiyanın baş alıb getməsi, hakimiyyət uğrunda amansız mübarizə, ordudakı başıpozuqluq, cəbhə xəttində yaşanan faciələrə göstərilən laqeydlik təkcə Xocalı faciəsinin deyil, sonrakı müsibətlərimizin də başlıca səbəblərindəndir. 1992-ci ilin mart-may aylarında Xocalı faciəsi ətrafında cərəyan edən siyasi oyunlar ümumilikdə Azərbaycanın Qarabağ itkisinin səhnəarxası gerçəkliklərini anlamaq üçün kifayət edir. Hadisəyə ilk günlərdən hüquqi və siyasi qiymətin verilməməsi 1992-ci ildə hakimiyyətdə olmuş qüvvələrin siyasi səbatsızlığından, milli faciəyə etinasızlığından irəli gəlmişdir. Xosalı faciəsinə laqeyd yanaşan Ayaz Mütəllibov iqtidarının devrilməsi yolu ilə hakimiyyətə yiyələnmiş AXC-nin bir illik fəaliyyəti dövründə də Xocalı faciəsi əsl siyasi qiymətini almamış, soyqırımı aktının dünya ictimaiyyəti tərəfindən tanınması üçün lazımi təbliğati tədbirlər görülməmişdir.
Həmin dövrdə Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının sədri olmuş Vaqif Qasımov bildirdi ki, faciənin əsl səbəblərinin araşdırılması üçün hələ Mütəllibov hakimiyyəti dövründə komissiya yaradılsa da, heç bir obyektiv nəticə əldə olunmadı. Onun sözlərinə görə, AXC iqtidarı dövründə müəyyən şəxslər Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməkdə maraqlı deyildilər. "1992-ci ildə deputat Ramiz Fətəliyevin rəhbərliyi altında Milli Məclisdə yaradılmış istintaq komissiyasının hazırladığı hesabat faciə ilə bağlı gerçəkliyi tam olaraq özündə əks etdirmirdi. Sanki həmin dövrdə müəyyən qüvvələr bu faciəyə siyasi-hüquqi qiymətin verilməsində maraqlı görünmürdülər. Ayaz Mütəllibovdan sonra hakimiyyətdə olan Xalq Cəbhəsi də bu istiqamətdə heç bir real addım atmamışdı. Hətta həmin illərdə Xocalının icra hakimiyyətinin başçısı olan Elman Məmmədov Milli Məclisdə məsələ qaldırmışdı ki, faciəyə niyə obyektiv siyasi-hüquqi qiymət verilmir. Həmin vaxt mən özüm də məsələ ilə əlaqədar xarici işlər naziri vəzifəsini tutan Tofiq Qasımova və hökumət üzvlərinə müraciət etmişdim. Lakin belə görünürdü ki, müəyyən qüvvələr faciəyə siyasi-hüquqi qiymətin verilməsi məsələsinə nədənsə etinasız yanaşırlar" - deyə Vaqif Qasımov vurğuladı.
Onun sözlərinə görə, Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymətin verilməsi yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub. 1994-cü ilin əvvəlində ölkə rəhbərliyinin tövsiyəsi ilə bu istiqamətdə əməli addımlar atılıb. Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasında "Xocalı soyqırımı haqqında" qərar layihəsi hazırlanaraq fevralın 24-də qəbul olunub. Həmin gün eyni zamanda Milli Məclisin soyqırımı ilə bağlı dünya azərbaycanlılarına rəsmi müraciəti ünvanlanıb.
- Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli "Xocalı soyqırımı günü haqqında" qərarı ilə ermənilərin Xocalıda xüsusi amansızlıqla həyata keçirdikləri soyqırımı aktı əsl qiymətini alıb. Həmin qərarda fevralın 26-nın "Xocalı soyqırımı günü" kimi qeyd olunması, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulmuşdur. "Milli Məclisin dünya azərbaycanlılarına müraciətində isə göstərilirdi ki, "Əcdadlarımızın və bizim müqəddəs vətənimiz olan Azərbaycan torpaqlarında, müstəqil Azərbaycan Respublikasının ərazisində 6 ildir ki, müharibə gedir. "Böyük Ermənistan" xülyası ilə erməni xalqının başını dumanlandırmış Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri müxtəlif ölkələrin irtica qüvvələri tərəfindən aşkar və gizli şəkildə dəstəklənərək ölkəmizin 12 rayonunu zəbt etmişdir. Düşmən kənd və şəhərlərimizi viran qoyur, ulu yurdlarımızda ağlasığmaz cinayətlər, bəşər tarixində bənzəri olmayan vəhşiliklər törədir. Xocalı soyqırımı bunun təkzibolunmaz sübutudur" - deyə məlumat verən sabiq millət vəkili həmçinin vurğuladı ki, müraciətdə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin və onun sakinlərinin başına gətirilən ağır faciə XX əsrdə bəşəriyyətin şahid olduğu ən dəhşətli faciələrdən biri kimi qiymətləndirilmiş, Milli Məclis vətənə bağlı olan hər bir soydaşımızı, həmvətənimizi fevralın 26-nı "Xocalı soyqırımı kimi" tanımağa çağırmışdır.
Bir müddət Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi vəzifəsində çalışmış Vaqif Qasımov hesab edir ki, aparılan təbliğat işi nəticəsində qardaş ölkənin ictimaiyyətində Xocalı soyqırımı ilə bağlı obyektiv qənaət formalaşıb. Onun sözlərinə görə, ölkə rəhbərliyinin lazımi diqqət və qayğısı ilə Azərbaycanın Türkiyədəki səfirliyi faciənin tanıdılması istiqamətində ardıcıl və sistemli iş aparıb. "Xocalı faciəsi ilə bağlı ilk növbədə Türkiyə ictimaiyyəti dolğun və obyektiv məlumatlara malik olmalıdır. Yalnız bundan sonra Türkiyə hökuməti və Böyük Millət Məclisi faciənin soyqırımı kimi tanınması istiqamətində müəyyən addımlar ata bilər. Bütövlükdə, Türkiyə ilə sıx bağlı olduğum 1997-2005-ci illərdə - Türkiyə Bölgələrarası Standartlaşdırma Təşkilatının baş katibi, sonralar Mərmərə Qrupu Vəqfi İqtisadi Zirvələrinin baş katibi, eləcə də Azərbaycanın qardaş ölkədəki səfirliyində çalışdığım dövrdə dost ölkənin aparıcı kütləvi informasiya vasitələrinin diqqətini bu soyqırımına yönəltməyə çalışmışam. Qardaş ölkədə nəşr olunan onlarla qəzetdə dərc etdirdiyim məqalələrdə faciə ilə bağlı həqiqətlər geniş əksini tapmışdır. Türkiyənin digər mətbuat və televiziya kanallarında da hər il Xocalı soyqırımı haqqında çoxlu sayda materiallar yer alır. Bununla belə, hesab edirəm ki, faciənin tanıdılması istiqamətində bundan sonra da xaricdə yaşayan soydaşlarımız fəallıq nümayiş etdirməlidirlər".
Vaqif Qasımov bildirdi ki, Xocalı soyqırımını Türkiyədə ilk olaraq rəsmən tanıyan Ankaranın Keçiörən bələdiyyəsi olub. 1 milyon 300 min vətəndaşın yaşadığı bələdiyyənin 9 mart 2005-ci il tarixli qərarında göstərilir ki, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində yüzlərlə dinc sakinin amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən soyqırımı törədiblər. Bələdiyyə qərarında həmçinin Ermənistanın təcavüzkar dövlət olduğu, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığı xüsusi vurğulanıb. Sənəddə qətliam qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün "Xocalı xatirə lövhəsi"nin hazırlanması məsələsi də əksini tapıb. 2005-ci il martın 9-da Keçiörən bələdiyyəsinin sədri, Azərbaycanın böyük dostu Turqut Altınokun, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri, millət vəkili Haluk İpək və digər rəsmi şəxslərin, habelə KİV nümayəndələrinin iştirakı ilə Keçiörəndə Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş xüsusi lövhənin açılışı olub. "Abidənin açılış mərasimində iştirak edənlər bir daha ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı faktlarından söz açdılar. Həmçinin bütün çıxışlarda birmənalı səsləndi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca, Türkiyə təcavüzkar dövlətlə sərhədlərini açmayacaqdır" - deyən Vaqif Qasımov sonda vurğuladı ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və sistemli iş aparır. Xaricdə yaşayan hər bir azərbaycanlı bu prosesdə fəal iştirak etməli, dövlət başçısının yeritdiyi siyasətə dəstəyini fəal surətdə verməlidir.
S.Elmanoğlu
Azərbaycan.-2009.-26 fevral.-S.8.