Xocalı soyqırımı
qurbanlarının xatirəsi dünya ölkələrində
də anılır
İğdır
Türkiyənin
İğdır şəhərində Birinci Dünya
müharibəsində erməni quldurlarından zərərçəkmişlər
dərnəyi Xocalı soyqırımının 17-ci
ildönümünə həsr olunmuş anma mərasimi
keçirmişdir.
İğdırlı jurnalist Sərdar Ünsal bildirmişdir ki, ermənilər tərəfindən qətlə yetirilmiş türklərin xatirəsinə ucaldılmış abidə kompleksində keçirilmiş mərasimdə dərnəyin rəhbəri Göksel Gülbeyi qeyd etmişdir ki, əsrlər boyu türk dövlətində yaşamış və türk milləti tərəfindən qorunmuş ermənilər Osmanlı imperiyası dağılmağa başlayanda çörəyini yediyi millətin əleyhinə qalxdılar. Onlar 1915-1920-ci illərdə günahsız əhalini qətlə yetirmiş, minlərlə türkü evlərə, damlara dolduraraq diri-diri yandırmışlar. Bu qaniçənlərin övladları 1992-ci ildə Qarabağın Xocalı şəhərində yüzlərlə Azərbaycan türkünü şəhid etmişlər. Türk dünyası erməni qatillərinin törətdiyi bu faciəni heç vaxt unutmayacaqdır.
Göksel Gülbeyi dünya ictimaiyyətini Xocalı soyqırımının baiskarlarını qınamağa, Azərbaycanın haqq işini dəstəkləməyə, bir milyondan artıq qaçqın və məcburi köçkünün yurd həsrətini başa düşməyə çağırmışdır.
Digər çıxış edənlər də Xocalı faciəsini türk millətinin ürəyində qanayan yara adlandırmışlar.
Sonra şəhidlərin ruhuna dua oxunmuş, abidə önünə qərənfillər düzülmüşdür.
İzmir
Türkiyənin İzmir şəhərindəki Doqquz Sentyabr Universitetində Azərbaycanın baş konsulluğu, Dünya Azərbaycanlıları Konqresi (DAK) və universitetin təşkil etdiyi "Qafqazda aktual mövzular" konfransında əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Baş konsul Səyyad Aran konfransdakı çıxışında bildirmişdir ki, əsrlər boyu xaricdəki havadarlarının dəstəyi ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparan və dəhşətli qətliamlar törətmiş ermənilər Xocalı şəhərində XX əsrin ən böyük faciələrindən birini törətmişlər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bir neçə istiqamətdən Xocalı şəhərinə girmiş erməni vəhşiləri dinc sakinlərə qanlı divan tutublar. 613 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar, qocalar işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmiş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Azğınlaşmış cəlladlar öldürülmüş insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Xocalı faciəsi son yüz ildən artıq dövrdə ifrat erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir qanlı səhifəsi olmuşdur.
Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri Sinan Oğan bildirmişdir ki, ermənilər 17 il əvvəl Xocalıda vəhşi qətliam törətmişlər, lakin Türkiyə parlamenti bu günədək bununla bağlı heç bir qərar qəbul etməmişdir. Sinan Oğan daha sonra demişdir ki, Türkiyənin Ermənistanla əlaqələrini normallaşdırmaq cəhdləri də heç bir nəticə verməyəcəkdir. Ən qəribəsi budur ki, Ermənistan bu səylərin qarşılığında heş bir addım atmır. Əksinə, ermənilər qondarma soyqırımı iddialarından vaz keçməyəcəklərini bəyan edirlər.
Doqquz Sentyabr Universitetinin kafedra müdiri dosent Kamal Arı, Avrasiya Strateji Araşdırmalar Mərkəzinin eksperti Arif Kəskin də Xocalı soyqırımının insanlığa qarşı ən ağır cinayət olduğunu, ermənilərin bu vəhşiliyinin bütün dünyada pislənilməsinin zəruriliyini söyləmişlər.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı hazırladığı CD-lər, fotolar, ədəbiyyat, bröşürlər, "Xocalı və onun dəhşətləri" bukletləri paylanmışdır.
Ankara
Azərbaycanın Qarsdakı Baş konsulluğu Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.
Mərasimdə Qars və İğdır vilayətlərinin rəhbərliyi, burada yaşayan azərbaycanlılar, alimlər iştirak etmişlər.
Ölkəmizin Qarsdakı baş konsulu Həsən Zeynalov Xocalı soyqırımı haqqında məlumat vermişdir. Bildirmişdir ki, erməni quldurları Azərbaycanın Xocalı şəhərində 106 qadın, 63 uşaq və 70 yaşlı insan da daxil olmaqla 613 dinc sakini qətlə yetirmişlər. Mindən çox insan yaralanmışdır. Azərbaycan xalqı son 200 ildə erməni millətçilərinin etnik təmizləmə siyasətinə məruz qalmışdır. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalını davam etdirir. Xocalı qətliamı XX əsrin faciəsidir və təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdəndir.
Həsən Zeynalov əlavə etmişdir ki, bu soyqırımının təşkilatçıları və günahkarları layiqli cəzalarını almalı, Ermənistanın hərbi və siyasi təcavüzünə dünya ictimaiyyəti tərəfindən qiymət verilməlidir.
Mərasim iştirakçıları baş konsulluqda Heydər Əliyev Fondunun təbliğat materialları əsasında hazırlanmış və Xocalıda ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotosərgi ilə də tanış olmuşlar.
İndoneziya
Azərbaycanın İndoneziyadakı səfirliyi Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar tədbirləri davam etdirir.
Səfirlik fevralın 25-də İndoneziyanın
nüfuzlu "Kompas", "Media İndonesia", "The
Jakarat Post", "Sinar Harapan", "Suara Karya" qəzetlərinin,
"Antara" xəbər agentliyinin, "TVRİ",
"Metro" televiziya kanallarının rəhbərliyinə
Dialoq və Əməkdaşlıq uğrunda İslam
Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın dəstəyi ilə həyata
keçirilən "Xocalıya ədalət" beynəlxalq
kampaniyasının saytının ünvanını
(www.justiceforkhojaly.org) və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
müfəssəl məlumat göndərmişdir.
Tehran
Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımının ildönümünə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, İranın dövlət rəsmiləri, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri mərasimdə iştirak etmişlər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İştirakçılar Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət lövhə qarşısına gül-çiçək düzüb faciə qurbanlarının xatirəsini ehtiramla andılar.
Xocalı faciəsi ilə bağlı sənədli filmin nümayişindən sonra Heydər Əliyev Fondunun nəşri olan "Qarabağ həqiqətləri" kitabı əsasında səfirliyin fars dilində hazırladığı çap məhsulları iştirakçılara paylandı. Soyqırımı əks etdirən bu materiallar iştirakçılarda Xocalı faciəsinin dəhşətləri barədə aydın təsəvvür yaratdı.
Mərasimi giriş sözü ilə açan səfir Abbasəli Həsənov Xocalı soyqırımının dəhşətlərindən bəhs edərək təəssüflə bildirdi ki, dünya birliyi Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymamasına göz yumur. İslam birliyi tarixən haqqa, ədalətə, bəşəri dəyərlərə qarşı olan təcavüzkar qüvvələrlə mübarizədə barışmaz olub. Lakin təcavüzkar dövlətə bəzi islam ölkələri tərəfindən də dəstək verilməsinə rast gəlinir ki, bu hal, ümumiyyətlə, başa düşülən deyildir.
Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verən dünya şöhrətli cərrah Cavad Heyət bildirdi ki, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi istiqamətində aparılan mübarizədə dünya azərbaycanlıları səylərini daha da artırmalı, Azərbaycan həqiqətləri bütün incə çalarları ilə beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu proses mövsümi xarakter daşımamalı, sistemli formada və ardıcıl olaraq gündəlik işimizə çevrilməlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Mustafa Dəmirəzən ötən əsrin əvvəllərində ermənilərin Türkiyə ərazisində törətdikləri tarixi cinayətlərdən və haqsız iddialarından bəhs etdi.
Şair Tərlanın "Qarabağ marşı" şeiri iştirakçılar tərəfindən hərarətlə qarşılandı.
Küveyt
Azərbaycanın Küveytdəki səfirliyinin Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun təbliğat materialları əsasında hazırladığı bəyanat və səfir Şahin Abdullayevin müsahibəsi nüfuzlu "Əl-Ray", "Əl-Dər", "Əl-Roya" qəzetlərində dərc olunmuşdur.
"Ermənistan faşizmi azad dünya qarşısında öz simasını göstərdi" və "Xocalı soyqırımı ermənilərin əsl simasını ifşa etdi" başlıqlı məqalələrdə keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalıda törətdikləri vəhşiliklərdən ətraflı bəhs olunmuşdur. Məqalələrdə qanlı faciələrdə əli olan erməni vandallarının əməllərinin beynəlxalq hüquqa zidd olduğu xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində dünya ictimaiyyəti Xocalı faciəsi haqqında həqiqətləri öyrənmişdir.
Səfirliyin bəyanatının və müsahibənin Küveytin digər qəzetlərində də çap olunması gözlənilir.
Tbilisi
Marneuli şəhərində azərbaycanlıların "Qeyrət" xalq hərəkatı fevralın 25-də Xocalı soyqırımına həsr olunmuş mərasim keçirmişdir.
Hərəkatın liderlərindən olan Zümrüd Qurbanlı, Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdaradze, "Gürcüstan" qəzetinin redaktoru Süleyman Süleymanov və başqalarının çıxışlarında separatizm, zorakılıq, müharibə pislənmişdir.
Mərasimdə Tbilisi Azərbaycan Dövlət Dram Teatrının kollektivi xalq şairi Zəlimxan Yaqubun şeirləri əsasında səhnələşdirilmiş "Xocalı" ədəbi-bədii kompozisiyasını göstərmişdir.
Danimarka
Danimarkanın Herlev şəhərində "Vətən" cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Müxtəlif xalqların diaspor təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Xocalı qətliamı barədə geniş məlumat verən "Vətən" cəmiyyətinin sədri Səfər Sadiqi ermənilərin tarix boyu xalqımıza qarşı terror və soyqırımı aktları, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Cəmiyyətin üzvləri Güllü Cahangirova, Təranə Hüseynova, Şahin Atayev "Gülüstan müqaviləsi" imzalandıqdan sonra Azərbaycan xalqının başına gələn müsibətlərdən söz açmışlar. Herlevdəki çeçen icmasının rəhbəri İlyas Musayev dünya mətbuatının Xocalı faciəsi barədə yazdıqlarından sitatlar gətirmiş, Gürcü cəmiyyətinin sədri Rusudan Qiorqberidze isə gürcü xalqının hər bir məsələdə Azərbaycanla həmfikir olduğunu bildirmişlər.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmiş, bir neçə dildə çap edilmiş bröşürlər qonaqlara paylanmışdır.
Stokholm
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, İsveçin paytaxtı Stokholmdakı Sergelstorg meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirmişlər. "Qarabağ", "Azərbaycan naminə", "Prometey", "Odlar Yurdu", "Ərk", "Azərbaycan Federasiyası-İsveç" və digər təşkilatların üzvlərinin iştirak etdiyi mitinq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Xocalı qətliamında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırımı barədə ingilis və isveç dilində çıxışlar olmuşdur.
Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi vəhşiliklərdən bəhs edən bröşürlər şəhər ictimaiyyətinə paylanmışdır. Mitinqin sonunda soyqırımı aktını pisləyən qətnamə qəbul edilmiş və sənəd beynəlxalq insan hüquqları təşkilatlarına göndərilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-26 fevral.-S.9.