Oyanar qara bəxtim
...O, dizlərini qucaqlayıb oturmuşdu. Çuxura düşmüş gözləri, solğun yanaqları, qırış-qırış olmuş əlləri, dümağ saçları çöhrəsinə bir nuranilik versə də, dilindən qopan ah-nalələr, qəlbindəki həsrət, baxışlarındakı nisgil başına gələn fəlakətlərdən, bəlalardan xəbər verirdi. Viran edilmiş Xocalının dəhşətlərini görmüş minlərlə insanlardan biri olan bu ananı sözlə, şirin dillə ovutmaq çox çətindir. Hər gün dizlərini əlləri arasına alıb beləcə oturar, gözlərini məchul bir nöqtəyə zilləyib saatlarla düşüncələrə dalar, özündən asılı olmayaraq bəzən gülümsəyər, bəzən də kirpiklərindən süzülən göz yaşları yanaqları aşağı yuvarlanaraq bu ixtiyar qarını sanki sakitləşdirərdi.
Ana Xocalısız keçən hər gününü belə sonsuz xəyallar, düşüncələr, iztirablar içərisində keçirir. Ikimərtəbəli evini, səliqə-sahmanlı həyətini, bağ-bağçasını, kölgəsində balalarına süfrə açdığı tut ağacını, yaxınlarını, qohum-qonşusunu, birdə ki, başına gətirilən müsibətləri heç cür unuda bilmir. O, bəzən ürək ağrılarını bayatılara çevirir, özünə bir təskinlik verirmiş kimi yanıqlı-yanıqlı zümzümə edir:
Qoy ağlasın mərd məni,
Anlamaz namərd məni.
Ölsəm də, yandıracaq
Qəbirdə bu dərd məni.
Ananın dərdi böyükdür. Bu, şəxsi dərd deyil, torpaq, el-oba, minlərlə insanın dərdidir. Dərdlərin hər biri dəhşətli anlardan, əzab-əziyyətli saatlardan, məşəqqətli günlərdən doğulub, ananın sinəsinə çalın-çarpaz dağ çəkib, gözlərinin qarşısında silinməz bir səhnəyə çevrilib.
Ermənilər oğlanlarını, qızını, həyat yoldaşını gözlərinin qarşısında güllələyiblər, nəvələrini süngüyə keçiriblər, qardaşlarının başını kəsiblər, bacısını, bacısı uşaqlarını, gəlinini girov götürüblər, neçə-neçə qohum-əqrəbasını diri-diri yandırıb, neçələrinin gözlərini çıxarıblar. Ana bütün bunları görüb. O, kəsilən başların futbol topu kimi ayaqlarda oynadıldığını, sinəsinə bıçaq sancılan cavanların dəhşətli səsini, əlləri, qolları kəsilən insanların saralan çöhrəsini, övladlarına verilən işgəncələrə dözməyib nalə çəkən anaların fəryadını yaxşı xatırlayır. Əsirlikdə keçirdiyi o günlərin dəhşətlərindən hələ də özünə gəlməyən ana taleyindən tez-tez gileylənir:
Əzizim qara baxdım
Nur yağdı nura baxdım.
Xocalıya yas tutub
Oyanmır qara baxtım.
Ana əsirlikdə günlərlə ac-susuz qaldığı günləri, qocalara, uşaqlara, qadınlara verilən işgəncələri, həyasını qorumaq üçün özünə qəsd edən gəlinləri, qızları, qürurunu əyməyib düşmənin üzünə tüpürən və başı kəsilən oğulları xatırlamaya bilmir. Azərbaycanlı, türk qanını içməkdən, baş kəsməkdən, göz çıxarmaqdan, dinc insanlara işgəncə verməkdən ləzzət alan, qürur duyan ermənilərin murdar sifətləri, qanlı əlləri, vəhşi baxışları hər an ananın gözləri qarşısındadır:
Xocalıda qalan var,
Yamacım var, talam var.
O torpaqda
uyuyan
Neçə şəhid
balam var...
- deyə xəyallara dalan, göz yaşı tökən ananı ovutmaq, ona dərdlərini unutdurmaq olmur. O, heyrətdən, dərddən,
həsrətdən yoğrulmuş
heykələ bənzəyir.
İniltilərini bayatılara,
ağılara çevirən
bu insanın üzünü güldürmək
asan deyil:
Əzizim qarlı
qışam
Dərd əlində qalmışam.
Xocalısız gülmərəm
Qanadı qırıq quşam.
Ana ermənilərə müvəqqəti
əsir düşsə
də, o dərdin əbədi əsiridir. Xocalısız üzü gülmür, bir an eyni açılmır,
yediyi içdiyi qəhərə, ağıya
çevrilib boğazına
tıxanır. Xatirələri, düşüncələri gecələr
dəhşətli yuxulara
çevrilib dincliyini əlindən alır və ixtiyar anaya rahatlıq vermir. O, yuxularında
məktəbə yola
saldığı fidan
nəvələrini, zabitəli
həyat yoldaşını,
ona övlad nəvazişi göstərən
gəlinlərini, pəhləvan
cüssəli oğlanlarını,
mehriban qonşularını,
şirindilli poçtalyonu
və neçə-neçə
əziz adamları görüb onlarla danışır, öpüşüb-görüşür
və təlaş içərisində hövlnak
oyanır. Artıq bu adamlar yoxdur. Onlar ermənilər tərəfindən
vəhşicəsinə öldürülsələr
də, ana bu insanların yoxluğuna inanmır.
Əzizlərini, Xocalını yuxularda
gördüyü üçün
çöhrəsinə bir
təbəssüm qonur
və çox çəkmir ki, bu təbəssüm acı göz yaşları ilə əvəz olunur.
Ananın gözlərinə baxmaqdan
çəkinirəm. Çünki bu gözlərdə intiqam, həsrət və çoxlu suallar görürəm.
"Torpaqlarımız alınacaqmı?", "Deyəsən,
dünyada ədalət
qalmayıb, insanlar hara baxır?", "Xocalıya qayıdıb şəhitlərin ruhunu sevindirə biləcəyikmi?
Bu qisas yerdə
qalacaqmı?" - deyir bu baxışlar. Minlərlə günahsız azərbaycanlının
- qocaların, uşaqların,
qız-gəlinlərin, oğulların
qisasını almaq üçün alışıb-yanır
bu gözlər, titrəyir bu əllər, pörşələnir
bu dodaqlar.
Ana yenə də bayatı çağırır.
Alıbdır sar sinəmi,
Soyutmaz qar sinəmi.
Dərdimi bəyan
etsən
Parçala, yar sinəmi.
Ana doluxsundu:
"Ay bala, mənim dərdimi dərd bilən bilər. Allah bu haqsızlığı
götürməz" - deyə
yenidən söz boxçasını açdı:
Əzizim dilim yanar
Dərdimi qanan qanar.
Qisas gününü
görsəm,
Yatmış bəxtım oyanar.
Ixtiyar ananın
əllərindən öpdüm,
nəmli gözlərinin
yaşını sildim
və onu əmin etdim ki, qisas yerdə
qalmayacaq, şəhidlərin
ruhunu sevindirəcəyik,
torpaqlarımızı ermənilərdən
azad edəcəyik, əsir yurdlarımıza qayıdacağıq, sən
də doğma Xocalına dönüb torpağını öpəcəksən,
əzizlərinin məzarını
ziyarət edəcəksən,
həyətində yenidən
süfrə açacaqsan,
əllərini göyə
qaldırıb torpaqlarımızın
azad olunmasında ağıllı siyasət
yeridən Prezidentimizə,
döyüşən əsgərlərimizə,
igid oğullarımıza
Allahdan kömək diləyəcəksən.
Ananın çöhrəsi
bir az
açıldı, gözlərinə
təbəssüm qondu,
"Allah, sən özün
kömək ol" - deyə əllərini başı üzərinə
qaldırdı. O, dediklərimə
inandı və mən də işğal olunmuş torpaqlarımızın erməni
faşistlərindən azad
olunacağı, çoxları
kimi xocalılı ananın da öz yurduna, ocağına qayıdacağı
günün gələcəyinə
inanıram...
Tahir Rzayev
Milli Məclisin deputatı
Azərbaycan.-2009.-26 fevral.-S.6.