Müdhiş gecənin şahidləri

 

- ...De ki, Xocalı erməni şəhəridir.

- Xocalı Azərbaycan şəhəridir!

- Bir deyirəm, təkrar et ki, Xocalı erməni şəhəridir.

- Xocalı Azərbaycan şəhəridir!

- Sən, deyəsən, ölməkdən qorxmursan.

- Adam ölümə görə yurdunu satmaz.

- Xocalının erməni şəhəri olduğunu söylə, səni, yoldaşını qızını azad edək.

- Xocalının erməni şəhəri olduğunu söyləməyə vicdanım qürurum heç vaxt yol verməz - həyat yoldaşımı körpə övladımı öldürsəniz belə.

- Yandırın dizinə qədər! İndi yəqin biz deyəni deyərsən.

- Xocalı Azərbaycan şəhəridir həmişə bizim olacaq...

 

Adam ölümə görə yurdunu satmaz

 

Pirşağıdakı "Qızılqum" sanatoriyasında 17 ildir ,məcburi köçkünlük həyatı yaşayan Əntiqə Qəhrəmanova kürəkəni Təvəkkülün qəhrəmanlığından danışdıqca qəhərdən özünü saxlaya bilmir, ağlayırdı. Ermənilər Xocalıya hücum edəndə Təvəkküllə həyat yoldaşını körpə qızını əsir götürürlər. Təvəkkülü ağaca bağlayıb ondan Xocalının erməni şəhəri olduğunu deməyi, əvəzində isə öldürməməyi vəd edirlər. Lakin Təvəkkül bütün işgəncələrə mətinliklə dözərək Xocalının Azərbaycan şəhəri olduğunu deyir. Ermənilər onu əvvəlcə dizinə qədər yandırırlar. İstədikləri cavabı ala bilmədikdə isə onu həyat yoldaşının övladının gözü qarşısında diri-diri yandırırlar. Yoldaşını qızını isə güllələyirlər.

1992-ci il fevralın 25-dən 26-na keçən qanlı gecənin şahidi olan 71 yaşlı Əntiqə nənə qızının, nəvəsinin başına gətirilən müsibətləri yada saldıqca sızlayır, kürəkəninin adının heç yerdə çəkilməməsindən giley edir. Əzizlərinin acı taleyi onu qədər incitsə , kürəkəni Təvəkkülün qəhrəmanlığı ilə fəxr edir. Əntiqə nənə Xocalıdan çıxdıqları zaman yaşadıqları ağrı-acını danışanda Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını dönə-dönə çəkdi. Dedi ki, Əlif olmasaydı, bəlkə mən sağ qala bilməyəcəkdim. Xocalıdan çıxanda yanımda olanların əksəriyyətini ermənilər öldürdülər. Başımıza güllə yağa-yağa, ayağımız, başımız açıq halda qaçırdıq. Getdikcə yolda neçə qadın-qızın döşünün kəsildiyini, neçəsinin meyitinin eybəcər hala salındığını gördük. O gecə başımıza gəlməyən müsibət qalmadı. Mən heç özüm bilmirəm o gün necə sağ qalmışam. Meşələrlə, qayaların, tikanlı kolların arası ilə ayaqyalın, başıaçıq birtəhər gəlib özümüzünkülərin yanına çatdıq. Şaxtalı havada meşədə əlimə batmış tikanları 4 gün çıxarda bilmədim.

Əntiqə nənə Xocalıdan danışdıqca, ağlayır, yurd həsrətinə dözmədiyini deyir. "Hər gün Xocalını yuxuda görürəm, elə bilirəm ki, torpaqlarımız alınıb Xocalıya qayıtmışıq".

Xocalını tərk edəndə Əntiqə nənənin qız nəvələrindən böyüyünə iki yerdən güllə dəyir. Uşaq iki ay Sabunçuda, xəstəxanada müalicə alır. Qızının yadigarı olan iki aylıq Vüsala isə həmin gecə möhkəm soyuq dəydiyi üçün 4 yaşına qədər qulağından müalicə edilir.

Əntiqə nənənin gileyi vardı. Ermənilərin qızını kürəkənini vəhşiliklə qətlə yetirdikdən sonra Əntiqə nənə qızının üç övladını saxlayıb, böyüdüb, ərsəyə çatdırıb. Amma indiyə qədər bir nəfər qapını açıb deməyib ki, Əntiqə nənə, ata-anasız qalmış üç nəfərə baxarsan, bəlkə nəyəsə ehtiyacın var?

Əntiqə nənə "Qızılqum" sanatoriyasının binasında yaşayır. Altı nəfərdən ibarət ailəsi bir otaqda qərar tutub. Onlar da məcburi köçkünlər üçün tikilən rahat şəraitli mənzildə yaşamaq istəyirlər. Əntiqə nənə deyir ki, bizə ev versinlər, canımız bu şəraitsizlikdən qurtarsın. Sabah da torpağımız alınanda həmin evi dövlətimizə təhvil verək gedək.

 

qar qırmızı rəng almışdı

 

 Hazırda Pirşağıdakı Xocalı şəhər orta məktəbində müəllimə işləyən Səidə Cəfərova da o müdhiş gecənin canlı şahididir. Onun dediklərindən:

- Fevralın 25- axşama doğru ermənilər Xocalını atəşə tutmağa başladılar. Adəti üzrə atışma düşəndə qadınlar, yaşlılar, uşaqlar zirzəmilərə doluşurdular. Həmin günün axşamı da atışma başlayanda üz tutduq zirzəmiyə. Amma bir az keçəndən sonra, - təxminən gecə saat 11 olardı, - dedilər ki, ermənilər sovet ordusunun bölmələri ilə birləşib şəhərə hücuma keçiblər, hər tərəfdən tanklarla bizi mühasirəyə alırlar. Məsləhət görüldü ki, qadınlar, qocalar körpələri götürüb meşə ilə Ağdama tərəf getsinlər. Zirzəmidən çıxıb yanacaqdoldurma məntəqəsinin yanına gəldik. Vəziyyət o qədər gərgin idi ki, əynimizə palto, ayaqqabı geyməyə macal tapmamışdıq. Xocalı camaatının bir hissəsi yanacaqdoldurma məntəqəsinin yanına yığılmışdı. Ermənilərin hücumu getdikcə şiddətlənirdi, şəhəri topa tuturdular. Elə burdan meşə yolu ilə Ağdam tərəfə üz tutduq. Camaat dəstələrlə, necə gəldi, kor-koranə gedirdi. Tərslikdən həmin gün möhkəm şaxta idi. Ayağımda ayaqqabı olmadığından ayaq barmaqlarımın ucu sırsıra bağlamışdı. Əllərimi demək olar ki, hiss etmirdim. Səhərə yaxın birtəhər gəlib Xocalı ilə Ağdamın arasında yerləşən Qarakənd kəndinin yaxınlığına çatdıq. Elə burda ermənilər camaatımızın qarşısını kəsib, böyük əksəriyyətini qırdılar. Şumluq olan bu ərazidə daldalanmağa, güllədən gizlənməyə yer yox idi. Məcbur olub qarda sürünə-sürünə ərazini keçməyə başladıq. Amma hava işıqlandığı üçün ermənilər adamları görürdülər. Mənimlə bir yerdə olanların bir hissəsi həlak oldu, bir qismi isə yaralandı... Biz Xocalını nisbətən tez tərk etmişdik. Ona görə alaqaranlıqda sağ qalanlar oldu. Amma elələri vardı ki, Xocalıdan bir qədər gec çıxmışdılar. Ermənilər onların əksəriyyətini əsir götürdülər. Əsir götürə bilmədiklərini isə öldürdülər. Mən çiynimdən yaralandım. Al-qan içində idim. Sürünə-sürünə bir xeyli getdikdən sonra yolu tanıyanlar dedilər ki, artıq Ağdamın Şelli kəndinə çatmışıq. Ayağa qalxdıq. Bir az da gələndən sonra gördük ki, Şellidə çoxlu maşın dayanıb. Demə, ermənilərin Xocalıya hücum etdiyi, camaatı qırdığı barədə xəbər Ağdama çatıbmış. Sağ qalan xocalılıların hansı istiqamətdən gələ biləcəklərini təxmini bildikləri üçün Ağdam camaatı bura toplaşmışdı. Sağ olsunlar, bütün yaralıları öz maşınlarına mindirib Ağdam mərkəzi xəstəxanasına çatdırdılar. Səhər tezdən bütün həkimlər artıq işdə idilər. Bizi palatalara yerləşdirdilər. Kimisini əməliyyat etdilər, kimisini təcili Bakıya yola saldılar. Gecə ikən ermənilər Ağdamı da atəşə tutdular. Mərmilərdən biri düz xəstəxanaya düşdü. Məni bir neçə yaralını həkimlər öz maşınları ilə gətirib qatara mindirdilər. Ordan da bizi Bakıya yola saldılar. Bakıda 15 gün xəstəxanada müalicə aldıqdan sonra Pirşağıda yerləşdik.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün dünya Azərbaycanın Xocalı şəhərində dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi birləşmələri 366- alayın köməyi ilə Xocalını yerlə yeksan etdilər. Köməksiz mülki əhali isə yalnız azərbaycanlı olduğu üçün amansızlıqla qətlə yetirildi. Körrələrə, əlsiz-ayaqsız qocalara belə, aman verilmədi. Gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağa, qadına, qocaya, xəstə insanlara vəhşicəsinə, görünməmiş qəddarlıqla əzab-əziyyət vermək, onları öldürmək düşmənlərimizin qədər vandal olduğunu bir daha sübut edir. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü kimi vurulduğu üçün Xocalı yarası həmişə qəlbimizi ağrıdacaq. Xocalı soyqırımı tayı-bərabəri olmayan vəhşilik aktı ilə yanaşı, həm bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

 

 

Rəşad Cəfərli

 

Azərbaycan.-2009.-26 fevral.-S.6.