İtmiş güzgü
O, həyəcanla yolun bir tərəfindən digərinə keçməyə çalışır, lakin maşınlar mane olurdu. Az qalırdı ki, ürəyi yerindən çıxsın. Kənardan keçənlər ona qəribə tərzdə baxırdılar. O isə hey - ana, ana, - deyərək sağa-sola qaçırdı.
Kimsə qoluna toxundu:
- Bacım, ölmək istəyirsən? Görmürsən maşınlar necə keçir, - deyə tutub saxlamaq istədi. O isə gözlərindən yaş axa-axa:
-Anamı görürsən, qardaşımla yanaşı dayananı deyirəm, - əlləri ilə əks tərəfdə dayanan oğlanı göstərərək irəliyə doğru yüyürdü. Yolu keçib dayanacaqda sağ əlini cibinə qoyaraq digər əli ilə kətə yeyən, cındırı çıxmış paltarda dayanan oğlana yaxınlaşdı. Saçları sifətinə tökülən, üzü çoxdan su görməyən bu gənc qadının ona yaxınlaşmağından qorxaraq geriyə çəkildi və əlindəki kətə yerə düşdü. Əlini cibindən çıxaranda şikəstliyi bəlli oldu. Qadın şikəst əlindən tutub barmaqlarına baxdı. Üç barmağının bitişik olduğunu görəndə: "Aman, qardaşım", - deyərək bayıldı. Ətrafa yığışanlar qadını yerdən qaldırdılar. Bir kişi baş vermiş hadisədən qorxaraq qaçmaq istəyən gəncin qolundan yapışıb, - sən bu qadına neynədin ə, - deyə qışqırdı. Gənc oğlan yuxusuz gözlərini asta-asta tərpədərək, - vallah, heç nə, - hövlnak dilləndi. - Sən Allah, burax gedim, əmi. Mən heç nə oğurlamamışam.
Başqa bir qadın isə:
- Onu buraxma, qardaş! - dedi. - Bu küçə bomjlarından nə desən gözləmək olar.
Onları dövrəyə alanlar kənarda dayanan polisi də çağırdılar. Bir əli cibində olan gəncin isə dodaqları qorxudan səyriyirdi...
E Yadigara deyəndə ki, sənin təyinatını Xocalıya veriblər, çox sevindi. Əslən Malıbəylidən olan həmin gənc buna görə dekanlığa öz minnətdarlığını da bildirdi. Cəmi 15 kilometr məsafədə yerləşən Xocalıda yaxın qohumları yaşayırdı. Rəhmətlik atası da həmişə, - sənə Varisin qızını alacağam, - deyərdi. Varis Yadigargilin yaxın qohumuydu, evləri qəsəbənin yuxarı başında yerləşirdi. Atasının ölümündən sonra gediş-gəlişləri azalsa da, heç özü də bilmədən Əzizəyə vurulmuşdu. Hələ ikinci kursda oxuyanda anası ilə onlara qonaq getmişdi. Qızın biş-düşünü görən anası geri qayıdanda qəflətən oğluna belə bir sual vermişdi:
- Əzizə
mənim çox xoşuma gəldi. Sənin necə, ay bala?
- Nə deyim, ana, pis qıza
oxşamır.
-Yadındadı, atan həmişə
deyərdi ki, sənə Varisin qızını alacam.
...Hə. - Anası diqqətlə
oğluna baxdı. Bir anlıq ona elə gəldi
ki, Əzizənin gözlərinə baxır. Bunu
bilirmiş kimi Yadigar gülümsədi...
- Canım, mənim anam, -
dedi. - Atamın özü mənim üçün müqəddəs
olduğunaE
Sözünün
ardını gətirə bilmədi. Qəhər onu
boğdu. Ana oğlunu qucaqlayıb göz yaşı
içində, - mənim yadigar balam, - dedi...
Xocalı məktəbində
dərs deyən Yadigar hər gün Malıbəylidən gələr,
dərsin sonunda çıxıb öz kəndlərinə
gedərdi.
Bir günü məktəb direktoru onu yanına
çağırıb bildirdi ki, sənə torpaq sahəsi
ayırmışıq ki, özünə ev
tikəsən. Həmin gün sevincinin həddi-hüdudu
yox idi. Xəbəri evdə anasına, Əzizəyə
bildirəndə sevincinə şərik oldular. Rayon rəhbərliyinin
köməyi, camaatın yardımı sayəsində az bir müddətdən sonra öz evinə
yığışdı. Anası:
- Mən burada tək qalan
döyüləm, - deyərək oğlunun yanına
köçdü. Bir neçə il ərzində
Yadigar rayonun ən hörmətli adamlarından oldu. O, ictimai
işlərdə yaxından iştirak edir, rayonda keçirilən
tədbirlərin təşkilatçısı kimi əlindən
gələni əsirgəmirdi. Elə buna görə onu rayon
sovetinə nümayəndə də seçmişdilər...
Lakin xoşbəxt
günlər çox sürmədi. Dağlıq
Qarabağ hadisələri başlayandan onun gecə-gündüzü
yox idi. Arabir atılan güllələr elə
bil Yadigarın ürəyinə dəyirdi. Anası ermənilərin xain olduqları haqqında
çox danışmışdı.
Bir dəfə
Bakıda keçirilən müəllimlərin konfransında
çıxış üçün söz alıb, ermənilərin
bədxah niyyətləri barədə xeyli danışdı. Çıxışından
sonra çoxu ondan üz döndərdi. Geriyə
qayıdan kimi məktəbdə yığıncaq keçirərək
qərara aldılar ki, özünümüdafiə dəstələri
düzəltsinlər. Bütün bunlara rəhbərlik
Yadigara tapşırıldı. Artıq
onun nə gecəsi vardı, nə də gündüzü.
Hamıya zarafatca deyirdi:
- Vallah, evdə iki
yaşlı oğlum üzümə baxaraq anasından -
"bu kimdi?" - deyə soruşur.
Kəndin ətrafında
dörd yerdə postlar qurulmuşdu...
1992-ci ilin
fevral ayı girəndən yağan qar ərimək bilmirdi. Havaların
şaxtalı keçməsi Xocalının kənarla əlaqəsini
demək olar ki, tamam kəsmişdi. Ətraf kəndlərdən
gələn xəbərlər ürəkaçan deyildi...
Səhərə
yaxın güllə səsinə ayıldılar. Pəncərədən
baxan Əzizə kəndin yuxarı başında alovlanan evi
vahimə ilə süzərək Yadigara tərəf
çevrildi. Əri küncdəki
sandıqdan çıxartdığı tüfəngə
patron qoyurdu. "Nə edirsən sən?"
- deyə Əzizə yavaşca
pıçıldadı.
Yadigar əsəbi-əsəbi
dilləndi:
- Tez uşaqları da
götürüb kəndin aşağı başına tərəf
get. - Bir qədər sonra yenə həyəcanla:
- Əzizə,
uşaqları qoru, - dedi.
Yeddi
yaşı yenicə tamam olan Lalə - "ata, bəs sən
getmirsən?" - deyə soruşdu.
Uşağın
üzünə diqqətlə baxdı. Balaca
qızcığaza elə gəldi ki, atasını bir daha
görməyəcək. Yadigar hələ
də yatmaqda davam edən iki yaşlı Tahirə
yaxınlaşdı. Əyilib
uşağın alnından öpdü. Əzizə
yır-yığışında idi. Elə
bil ətrafda atılan güllələri eşitmirdi. Patrondaşını çiyninə atan Yadigar pəncərəyə
yaxınlaşdı. Ətraf od-alovun
içində yanırdı. Geriyə -
Tahirin beşiyinin yanına qayıtdı.
Uşağı yerindən götürüb Əzizəyə
yaxınlaşdı, - "bunu kürəyinə
bağla", - dedi. Elə bil Əzizə
yuxudan ayıldı. Tələsik qalın
şala bürünmüş oğlunu Lalənin köməyilə
kürəyinə bağladı.
- Qızım, qalın
geyinmisənmi? - deyə soruşdu.
Qorxudan dili-dodağı titrəyən
Lalə başı ilə cavab verdi.
Yadigar əlində
tüfəng evin arxasında dayanmışdı. Əzizə
qucağındakı Tahirlə aşağı
düşürdü. Lalə
anasının ardınca gəlirdi. Onları görən
Yadigar:
- Tez kəndaşağı
düşün, - dedi.
Əzizənin ona
baxdığını görəndə:
- Uşaqları da
götürüb dağı keçin, - dedi. - Qarşıda
meşəlik var, oradan bizimkilərə çatın. - Əzizəyə:
- "Uşaqlar
amanatı", - deyə pıçıldadı...
İki gün sonra Lalə
hospitalda gözlərini açanda yanında nə
anasını gördü, nə də qardaşı TahiriE
Artıq o
günlərdən neçə illər keçmişdi. Lalə
xalasıgilin himayəsində yaşayırdı. Keçirdiyi qanlı-qadalı illər arxada qalsa da,
qardaşını unutmur, daim soraqlayıb axtarırdı.
Yaxşı rəsmlər çəkirdi Lalə.
Onun bir neçə sərgisi də
keçirilmişdi. Qardaşının şəklini həmişə
belə çəkərdi: anasının qucağında, sol
əlinin baş barmağı da daxil olmaqla bitişik, o biri əlində
balaca ayı balası. O, demək olar ki, bütün
qaçqın şəhərciklərini
dolaşmışdı. Lakin qardaşı barədə
heç bir məlumat almamışdı. Bir günE
...Səhər qonşu
qızı Tahirənin səsinə ayıldı. Xalası ona sakit olmağı məsləhət
görsə də, qız daha möhkəm, - bu qədər
yatmaq olar, dursun, bazara gedəcəyik, - deyə pilləkənin
kənarını tıqqıldatdı.
- Onda özün get, onu
durğuz, - xalası dedi. Pilləkənlə
yuxarı qalxmaq istəyəndə Lalənin əsnəyə-əsnəyə
aşağı düşdüyünü gördü.
- Yenə yuxularında kimin
şəklini çəkirdin? - deyə
Tahirə dilləndi.
- Hər kiminki olsa da, bircə
səninki deyildi, - zarafata zarafatla cavab verdi.
Evdən
çıxan qızlar bazarda xeyli gəzib dolaşdılar. Aldıqları
ağır olduğuna görə onu zorla aparırdılar.
Bazarın qapısına çatanda nimdaş geyimli bir
oğlan onlara yaxınlaşdı, əli ilə Lalənin əlinə
toxunub sakitcə dedi:
- Bacı, verin sizə
kömək edim.
Tahirə onu kənara itələdi
və hirslə:
- Çəkil get işinin
dalınca, - dedi.
Lalə isə:
- Heç nə olmaz,
götür, - dedi. Bir qədər getmişdilər ki, Tahirə
oğlandan soruşdu:
- Sən burada günə nə
qədər qazanırsan?
- Nə bilim, ay bacı, olur
da, beş-on manat.
- Axırıncı dəfə
daşıdığıva görə sənə nə qədər
veriblər?
- Əşi, bir kişi idi, deyərdin milyonu var, verdiyi pulu desəm
gülərsiz.
- Nə qədər idi ki?
- Heç nə. Yanında
bir yekəpər vardı, ona dedi ki, məni yola salsın. O da
məni hədələdi:
- Burdan itilməsən, səni
mal kimi çırpacam. - Mən də qaçdım.
Tahirə başını
bulayıb soruşdu:
- Səncə, biz sənə
nə qədər pul verəcəyik?
- Siz heç verməsəniz
də olar. Birinci dəfədir ki, məniynən belə
danışan adam görürəm.
Tahirə əli ilə Laləni
göstərib dedi:
- Sən heç bilirsən
kimin çantasını daşıyırsan? Məşhur
bir rəssamın.
Oğlan
qıza sarı çevrilib baxdı. Heç nə demədi.
Tahirə əl çəkmirdi, hey oğlanla
söhbət edirdi.
- Hə, niyə susdun? Yəqin
hələ rəssam görməmisənE
- Niyə, ay bacı, biznən
mehmanxananın zirzəmisində bir oğlan qalır, o da qəşəng
şəkillər çəkir.
Nəsə
yadına düşdü. Çantaları yerə
qoyub əlini qoynuna saldı. Oradan bir
neçə dəfə qatlanmış kağız
parçası çıxardı. Onu Tahirəyə
uzadıb dedi:
- Al bax, o çəkib.
Tahirə şəklə
elə diqqətlə baxırdı ki, deyərdin ən məşhur
bir rəssamın əl işinə tamaşa edirdi. Kağız
parçasını Laləyə uzatdı, - al gör nə
gözəl çəkib, - dedi.
Lalə şəklə
baxanda çaşdı. Onların qarşısında dayanan
oğlanın şəkli idi. Heyrətlə dilləndi:
- Elə bil fotoaparatla çəkiblər
bunu.
Oğlan şəkli cibinə
qoydu və birdən nəsə yadına düşdü:
- Böyüyümüz
ondan pul almır. Bu yaxında bir kişi gəldi
ki, filan şəkilləri çək, sənə pul verim.
- O kişi
kim idi ki?
- Kim olacaq ,
deyirlər ki, böyük bir rəssamdır. - Oğlan
sözünə ara verdi. Daşıdığı
sumkaları əlində dəyişdi. Elə
bil nəsə yadına düşdü.
- Onu da deyim ki, həmin
oğlan daha yaxşısın çəkə bilər, amma
onun sol əlinin üç barmağı bir-birinə
bitişikdi.
Lalənin
başı gicəlləndi. Bir anlıq yerindəcə
dondu. Oğlan isə danışmağında davam
edirdi:
- Əvvəlcə
internatda yaşayıb. Orada bir müəllimi var imiş, əclafın
biriymiş. Uşaqları oğurluq etməyə
göndərirmiş. O da bir gün oğurluq adıynan
çıxıb, daha ora dönməyib.
Lalənin
gözləri qaraldı. Elə bil kimsə ona, "Bu, sənin
qardaşındı" - deyirdi. Həyəcanla
oğlandan soruşdu:
- Onun neçə
yaşı var?
- Nə bilim, ay bacı, olar
da 14.
Tahirə Lalədə
baş verən dəyişikliyi görüb söhbəti dəyişmək
istədi:
- Gün əzində
qazandığınızdan kiməsə nəsə verirsiz?
Oğlan özündən
razı halda dilləndi:
- İndi
hamının böyüyü var, bacı. Bax,
buranın, qaldığımız zirzəminin haqqını
verməsək, bizə rahatlıq verərlər?
Lalə yerindəcə
dayandı. İçindən gələn kədər onu
boğurdu. Özünü toparlayıb oğlandan
soruşdu:
- Heç o oğlan
uşaqlığından bir şey danışır? Yəni
ata-anası barədə...
Oğlan razı halda dilləndi:
-Yoxsa sən də onun şəkillərini
almaq fikrinə düşdün?
Yavaşca
gülümsədi. Bütün həyatı boyu ilk dəfə onunla adam kimi danışdıqlarına görə
az qalırdı bildiklərinin hamısını
danışsın.
- Özünün haralı
olduğunu bilmir, amma sənədində Xocalıdan
olmağı barədə "peçat" var.
Lalə özünə gələndə
başının üstə xeyli adam
yığışdığını gördü. Gözləri çantalarını daşıyan
oğlanı axtardı, tapa bilmədi. Tahirənin
rəngi ağappaq idi. Lalənin
özünə gəldiyini görəndə sevindi. "Azzz, sənə nə oldu birdən-birə?"
- dedi. O, ətrafı süzərək həyəcanla dilləndi:
- Hanı bayaqkı oğlan?
-Nə bilim, sən
özündən gedəndə o çıxıb getdi, -
dedi. Sonra əlavə elədi:
- Pulunu verdim getdi...
Lalə küçədə
rastlaşdıqları oğlanı çox axtardı. Bəzən
elə olurdu ki, saatlarla bazarları dolaşırdı. Lakin həmin
oğlana rast gəlmədi. Bir gün yuxuda anasını
gördü. Anası əlində bir güzgü tutmuşdu.
O nə güzgüdü, - deyəndə, anası:
- Sənə demişdim ki, səni
köçürdəndə onu sənə verəcəm, bax
bu həmən güzgüdü.
Anası güzgünü
onun sifətinə yaxınlaşdırır. Bu vaxt
güzgüdə on dörd-on beş yaşlarında bir
oğlan görünür.
- Bu kimdi? - deyə
anasından soruşur. O, qəmli tərzdə dillənir: " Bu sənin qardaşındır". Onun qışqırığına qonşu
otaqdakılar da gəlirlər. Birtəhər
sakitləşdirirlər. Tahirə ondan nə olduğunu
soruşanda, - anam mənə qardaşımın şəklini
göstərdi, - dedi.
Həmin gün diş həkimindən
çıxanda, qəflətən yolun digər tərəfində
anasının güzgüdə ona göstərdiyi
oğlanı gördüE
Özünə gələn
kimi az qala bağrı çatlayacaqdı.
Oğlana yaxınlaşdı. Polis mane
olmaq istədi:
- Bacı, bir qədər
sakitləşin. Deyin görək bu sizin nəyinizi
oğurlayıb, - dedi. Lalə oğlanın sol əlini
əllərinə alıb diqqətlə baxdı. On iki il əvvəl Xocalıdan qaçanda
qardaşının əlləri donmasın deyə qarla
ovuşdurduğunu xatırladı. Bu, həmin əllər
idi. O əlləri dodaqlarına yaxınlaşdıraraq
pıçıltı ilə dilləndi:
- Bacın boyuna qurban
qardaş!..
Kənarda
dayananlar heyrətlə baxırdılar. Oğlan nə
edəcəyini bilmirdi. Qardaşının
əlinin içinə baxan Laləyə elə gəldi ki,
anası onun ovcundan gülümsəyərək ona baxır.
Akif Əliyev
Azərbaycan.-2009.-26
fevral.-S.10.