Ermənilərin Xocalı soyqırımı barədə etirafları

 

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından 17 il ötür. Erməni qəsbkarları tərəfindən Xocalıda törədilmiş soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olmuşdur. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi.

1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən dağıdıldı. Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyətinin və ağır hərbi texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək xalqımıza qarşı soyqırımı həyata keçirmişdir. Xocalının işğalı zamanı uşaqlar, qadınlar və qocalar xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmiş, meyitlər insanlığa ləkə gətirəcək bir şəkildə təhqir edilmişdir. Xocalının işğalına dair istintaq materiallarında göstərilir ki, hücumda mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Üevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Ulu öndərimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanında bu faciənin siyasi qiyməti verilir: "1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı". Azərbaycan hökuməti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Xocalı şəhərində törədilmiş vəhşilyin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hər bir azərbaycanlı da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da son illər bu istiqamətdə əməli addımlar atırlar. Soyqırım günü diaspor təşkilatları nüfuzlu Avropa ölkələrində mitinqlər, nümayişlər təşkil edərək, həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə cəlb edərək, faciəni törədənlər barədə geniş məlumatlar verirlər. Xocalıda törədilmiş soyqırım aktı barədə beynəlxalq ictimaiyyəti məlumatlandırarkən erməni şovinistlərinin faciə ilə bağlı müxtəlif vaxtlarda ən ali tribunalardan verdikləri açıqlamalara və qələmə aldıqları kitablara da istinad edilməlidir.

Ermənistanın sabiq prezidenti R.Köçəryan Avropa Şurasının mötəbər kürsüsündən dünya ictimaiyyətinə xitabən Dağlıq Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakından fəxr duyduğunu bildirmişdi. Bu hərbi cinayətdə iştirak edən R.Köçəryan əslində bununla soyqırımı aktına birbaşa rəvac verdiyini təsdiqləmiş oldu. Bu fakt Xocalıda baş verən qanlı hadisələrin Ermənistan rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırıldığını və həyata keçirildiyini göstərir.

Erməni yazıçısı Zori Balayan Xocalıda baş verənlərlə bağlı yazdığı kitabda erməni xislətini bir daha açıb ortaya qoydu. O yazır ki, Xocalıya hücum əməliyyatından sonra yaxınları ilə həmin qanlı hadisələr törədilən yerdə olmuş və evlərdən birinin divarına 11 yaşlı bir türk qızının mismarlandığını görmüşdür. Z.Balayan yazır ki, "türklərə olan nifrətimi hələ də can verən qızın sinəsindən dərinin qopardılması ilə soyutmağa çalışdım". Bu faktı qələmə alan erməni "ziyalı"sı azərbaycanlılara qarşı necə dərin nifrət bəslədyini açıq yazmaqla, törədilən qanlı olaya haqq qazandırır. Beynəlxalq axtarışda olan bu şəxsin tapılıb ciyanət məsuliyyətinə cəlb olunması üçün ciddi addımlar atılmalıdır.

Xocalıya yaxın ərazidə yerləşən Daşbulaq kəndində ölüm düşərgələri yaradılmışdır. Bununla bağlı erməni müəlliflərinin özləri tərəfindən dünya mətbuatında çap edilmiş məqalələr diqqəti cəlb edir. Erməni müəlliflərinin Suriyada nəşr olunmuş "Xaç uğrunda", Fransada çap edilən "Qarabağ gündəliyi" adlı kitablarında insanların başına gətirilən dəhşətli işgəncələrdən bəhs olunur. Biz erməni müəlliflərinin etiraflarından da istifadə edərək, Xocalıda törədilən vəhşiliyi dünya ictimaiyyətinə çatdırmalıyıq.

Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilmişdir. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Qabaqcadan xüsusi düzəldilmiş pusqulardan ermənilər qaçıb canını qurtarmaq istəyən Xocalı sakinlərini avtomat, pulemyot və digər silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirməklə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktını həyata keçirmişdilər.

Beynəlxalq hüquq normalarına görə, soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər.

Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında quruculuq və yüksəliş dövrünü yaşayır. Ölkəmiz iqtisadi inkişaf templərinə görə dünyada lider mövqeyə malikdir. Azərbaycan regional və beynəlxalq enerji-kommunikasiya layihələrinin əsas iştirakçısı və təşəbbüsçüsüdür. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilmiş, digər sosial və infrastruktur layihələri də reallaşdırılır. Dövlətimizin iqtisadi və hərbi qüdrəti, beynəlxalq nüfuzu günü-gündən artır. Bir sıra beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanın işğalçı dövlət olduğunu qəbul edir, ondan işğal etdiyi Azərbaycan ərazilərini azad etməyi tələb edirlər. Bu istiqamətdə aparılan işlər müsbət nəticə əldə etməyə ümidləri artırır.

Bölgədə gerçəkləşdirilən bütün layihələrdən kənarda qalan Ermənistan iqtisadi böhran məngənəsindən çıxa bilmir. Azərbaycanın artıq iqtisadi qüdrəti qarşısında Ermənistan dövlətinin dərin tənəzzül keçirməsi işğalçı ölkə rəhbərliyinin aqressiv mövqeyindən əl çəkməsinə gətirib çıxarıb. Son vaxtlar Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinə daha çox maraq göstərməsi buna misaldır. Bütün bunlar və mövcud vəziyyət qarşıda duran vəzifələrin yerinə yetirilməsinə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həll edilməsinə imkan yaradacaq.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-26 fevral.-S.7.