Moskvada xatirə gecəsi keçirilmişdir
Azərbaycanın Rusiyadakı səfirliyində
Xocalı faciəsinin
17-ci ildönümü qeyd
edilmişdir. "Xocalı: iddia
müddəti bitmir" xatirə gecəsi Heydər Əliyev
Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə
səfirlik tərəfindən təşkil edilmişdi.
Tədbirdə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin
rəhbəri Leyla Əliyeva, Milli Məclisin deputatı
Dünyamin Xəlilov, Türkiyə, İraq, Özbəkistan,
Tacikistan, Mali, Sudan, Qırğızıstan səfirləri,
Qazaxıstan, Misir, Fələstin səfirliklərinin əməkdaşları,
habelə Rusiya elmi ictimaiyyətinin, Azərbaycan diasporunun və
gənclərin nümayəndələri, politoloqlar, mətbuat
işçiləri iştirak edirdilər.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni
açaraq, keçən əsrin ən dəşhətli
cinayətlərindən biri haqqında söhbət
açmış, Xocalıda azərbaycanlıların
soyqırımını dünya miqyaslı böyük faciə
adlandırmışdır. Diplomat təəssüflə
vurğulamışdır ki, bu gün dünyada yeni-yeni
münaqişələr baş verir və beynəlxalq birlik
öz diqqətini onlara yönəltməli olur. Lakin həlak
olanların xatirəsi naminə biz əlimizdən gələni
etməliyik ki, Xocalı faciəsindən mümkün qədər
çox adam xəbər tutsun və onu
unutmasın. Biz elə etməliyik ki, Azərbaycan
xalqının dərdini və ağrısını
bütün dünyada etiraf etsinlər.
Səfir
Xocalı faciəsi haqqında fevralın 26-da "Nezavisimaya
qazeta"da dərc edilmiş obyektiv məqalənin müəllifi,
rusiyalı jurnalist və politoloq Aleksandr Karavayevə təşəkkürünü
bildirmişdir.
O demişdir: "17 ildə ilk dəfədir Rusiyanın
"Nezavisimaya qazeta" nəşrində bu barədə
Aleksandr Karavayevin çox düzgün və gərəkli məqaləsi
dərc edilmişdir. Rusiya, rus xalqı və
Rusiyada yaşayan xalqlar tarixi bilməli, nələr baş
verdiyini və indi nələr baş verməsi haqqında
bütün həqiqəti bilməlidir".
Bununla əlaqədar, səfir
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri
İslam Konfransı Təşkilatının Gənclər
Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsünü
xüsusi vurğulayaraq demişdir ki, bu qurumun gənclər
qanadı Xocalı faciəsi və Ermənistan-Azərbaycan
münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə
çatdırmaq üçün eyni vaxtda dünyanın bir
neçə iri ölkəsində aksiyalar keçirir. Bu, bir daha təsdiq edir ki, böyüməkdə
olan nəsil Azərbaycanı bütün dünyada
tanıdacaq və Azərbaycan xalqımızın üzləşdiyi
faciələrin unudulmasına imkan verməyəcəkdir.
Heydər Əliyev Fondunun
RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva
öz çıxışında bildirmişdir ki, artıq
17 ildir Azərbaycan xalqı Xocalı faciəsi
qurbanlarının işıqlı xatirəsini bütün
dünyada ehtiramla yad edir. L.Əliyeva demişdir: "Bu faciə
Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən
biri kimi həmişəlik yazılmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni işğalçıları Azərbaycanın
Xocalı şəhərini tutmuşdur. Nəticədə
şəhərin 613 nəfər dinc sakini, o cümlədən
106 qadın, 70 ahıl yaşlı insan, 63 uşaq
amansızcasına öldürülmüş, 155 nəfər
itkin düşmüşdür. Bu qəddarlığın,
bu vəhşiliyin səbəbi nə idi?" L.Əliyeva həmin suala özü cavab verərək
vurğulamışdır ki, bu, qəsdən törədilmiş
aksiya Azərbaycan xalqına qarşı əsl
soyqırımı, kütləvi vahimələndirmə
aksiyası idi.
L.Əliyeva daha sonra demişdir: "Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamışdır və heç vaxt qırıla bilməz. Dəhşətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törədilmiş və indiyə qədər beynəlxalq birlik tərəfindən bu fakta siyasi-hüquqi və ən başlıcası, mənəvi qiymət verilməmişdir. Biz xalqımızın məruz qaldığı qəddarlığa və haqsızlığa qarşı etiraz səsini ucaltmış bütün insanlara, o cümlədən rusiyalılara minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, işğal altındadır, ölkədə 1 milyon qaçqın və məcburi köçkün var. Azərbaycan hökuməti bu insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdır, bütün qaçqın-köçkünlər üçün normal həyat şəraiti təmin edilmişdir".
L.Əliyeva sözünə davam edərək bildirmişdir ki, Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət yetirir, hər il bu mövzuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təşkil edilir. Bu gün Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbirlər keçirir. Bu tədbirlərə alimlər, tarixçilər, kulturoloqlar, gənclər və kütləvi informasiya vasitələri cəlb olunur. İslam Konfransı Təşkilatının Mədəni Dialoq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi kimi mən 2008-ci il mayın 8-də "Xocalıya ədalət" aksiyası keçirilməsi təşəbbüsünü irəli sürmüşəm. Bu aksiyanın məqsədi faciə haqqında məlumatı beynəlxalq birliyə çatdırmaqdır. Bu gün dünyanın bir sıra ölkələrində "Xocalıya ədalət" veb-saytının təqdimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tapmaq mümkündür".
Leyla Əliyeva bu kədərli gündə xatirə gecəsinə gələrək, bizi dəstəkləyənlərin hər birinə minnətdarlığını bildirmişdir. O, faciənin şahidləri, gecənin keçirildiyi salonda olan Zaur Əliyevə və Anar Yusubova xüsusi təşəkkür etmişdir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri çıxışının sonunda demişdir: "Doğma şəhərində bu faciə baş verəndə onlar lap uşaq idilər. Mən əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli yolla həll ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və bu insanlar öz evlərinə, öz doğma torpaqlarına qayıda biləcəklər".
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Dünyamin Xəlilov bu hadisəni böyük faciə adlandırmışdır. O, ermənilərin Azərbaycan torpaqlarına iddia etmələri, 200 il müddətində onların Azərbaycan və türk xalqlarına qarşı törətdiyi vəhşiliklər haqqında arxiv sənədlərini təqdim etmişdir. Deputat bildirmişdir ki, Azərbaycan parlamenti Xocalı ilə bağlı qanun layihəsi hazırlayır.
Xatirə gecəsində Heydər Əliyev Fondunun köməyi ilə çəkilmiş, günahsız qurbanların işıqlı xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir. Səfirliyin foyesində fotosərgi təşkil edilmiş, Xocalı hadisələrinə dair müxtəlif nəşrlər, "İRS-Naslediye" jurnalının nüsxələri paylanmışdır. Jurnalın bu nömrəsində o qanlı qırğını törətmiş hərbi canilərin adları ilk dəfə dərc edilmişdir.
Axırda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmişdir.
Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2009.-27 fevral.-S.2.