Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı
ilə bağlı dinləmələr davam etdirilmişdir
Türkiyə Böyük
Millət Məclisində
(TBMM) Xocalı soyqırımı
ilə bağlı dinləmələr fevralın
26-da davam etdirilmişdir.
TBMM-in sədr
müavini Nevzat Pakdilin sədrliyi ilə keçirilən geniş iclasda çıxış edən
Cümhuriyyət Xalq Partiyasının İzmirdən
olan millət vəkili Canan Arıtman demişdir ki, 1992-ci il fevralın 26-da Xocalıda
törədilmiş qətliam
Azərbaycanın, bütün
türk dünyasının,
bəşəriyyətin tarixində
ən qanlı səhifələrdən biridir.
Ermənilərin "Böyük
Ermənistan" xülyasının
davam etdirilməsini ehtiva edən etnik təmizləmə siyasəti nəticəsində
Dağlıq Qarabağdan
azərbaycanlı türklərin
didərgin salınmasına
yönəlmiş bu qətliamda erməni silahlı birləşmələri
mülki əhalini - qadınları, uşaqları,
yaşlı insanları
vəhşicəsinə qətlə
yetirmiş, işgəncə
verərək şəhid
etmişlər. Məsum
insanların gözləri
oyulmuş, dəriləri
soyulmuş, hamilə qadınların qarınları
yarılaraq hələ
doğulmamış körpələr
süngülənmişdir. Bu müdafiəsiz, məsum insanların "günah"ları
türk olmaları idi.
Belə vəhşi
və insanlığa
zidd qətliamı törədən ermənilər
hansı üzlə qürurlu tarixə malik olan biz türkləri soyqırımı
törətməkdə ittiham
edirlər? Hələ
bu azmış kimi, bizim içərimizdəki
bəzi "üzdəniraq
ziyalılar"ın erməniləri
dəstəkləyərək, onlardan üzr istəmələri çox
acı bir haldır. Türk millətinə qarşı
qəflət içərisində
olan bu qaragüruhun,
görəsən, Xocalı
qətliamı ilə
bağlı ermənilərin
üzr istəmələrini
tələb edən açıqlamaları olacaqmı?
Heç sanmıram, amma bir şeydən
əminəm ki, bu cür anlamaz
insanlar bir gün öz günahları içində
boğulacaqlar. Onlar ömürlərinin sonuna
qədər türk millətinin arasında bu günahla yaşamağa məhkumdurlar.
Xocalı qətliamını
törədən ermənilər
Azərbaycan torpaqlarının
20 faizini işğal etmiş, 1 milyondan çox Azərbaycan türkü məcburi köçkün və qaçqın kimi pərişan halda yaşamağa məcbur olmuşdur. Bu gün Ermənistanda bir nəfər də Azərbaycan türkü yaşamır, amma Azərbaycanda hələ də minlərlə erməni yaşamaqdadır.
Bax, bu, türk millətinin nəcibliyinin və fərqliliyinin sübutudur.
Ermənilərin Xocalıda
törətdiyi qətliam
birinci deyildir. Son bir əsrdə erməni quldurları Anadoluda və Azərbaycanda on minlərlə
türkü vəhşicəsinə
qətlə yetirmişlər.
Bu gün
Ermənistanın bayrağında
və gerbində bizim Ağrı dağının rəsmi
vardır. Konstitusiyalarında
bizim Şərqi Anadolu bölgəmizin Ermənistana aid olduğu yazılır. Ermənistan
rəhbərliyi Türkiyə
ilə diplomatik əlaqələr qurulduqdan,
sərhədlər açıldıqdan
sonra da soyqırımı, Türkiyənin
təzminat ödəməsi
və ərazi iddialarından əl çəkməyəcəklərini açıq şəkildə
bəyan edirlər. Ermənistan sərhədlərimizi
müəyyən edən
müqavilələrin ləğvi
üçün Rusiya
və Avropadakı lobbiçilik fəaliyyətini
davam etdirməkdədir.
Son addım olaraq,
Obama hökumətini Türkiyəni
"soyqırımı" ilə suçlayan bir qətnamə qəbul etməyə məcbur etmək istəyirlər. Biz "bir millət, iki
dövlət" dediyimiz Azərbaycanın işğal
altındakı torpaqlarının azad olunması
üçün BMT Təhlükəsizlik Şurasının
və ATƏT-in qətnamələrinə məhəl qoymayan
Ermənistanın bu qərarlara əməl etməsini təmin
etməliyik. Xocalı qətliamını bütün
dünyaya anladaraq, Ermənistanın insanlığa
qarşı törətdiyi bu cinayət üçün cavab
verməsini təmin etməliyik.
"Böyük Ermənistan"
adlı ideyanın reallaşmasına çalışanlardan
biri Zori Balayanın 1996-cı ildə çap etdirdiyi
"Ruhumuzun canlanması" kitabında Xocalıda ermənilərin
törətdikləri vəhşiliklər belə təsvir
olunur: "Biz dəstə üzvü Xaçaturla qarət
olunmuş evlərdən birinə girdiyimiz zaman əsgərlərimizin
13 yaşında bir türk uşağını pəncərəyə
mismarladıqlarını gördük. Xaçatur
uşağın qışqırmaması üçün
anasının kəsilmiş döşünü onun
ağzına basdı. Sonra mən türk
uşağının qarnının, döşünün və
başının dərisini çıxardım. Saatıma
baxdım. Uşaq 7 dəqiqədən sonra qan itirməsi səbəbindən
öldü. Sonra Xaçatur uşağın cəsədini
doğradı və itlərə atdı. Axşam eyni şeyləri
daha 3 türk uşağının da başına gətirdik".
Hörmətli millət vəkilləri!
Mən bu insanlığa zidd qətlləri lənətləyirəm.
Atatürk "Azərbaycanın kədəri bizim kədərimiz,
Azərbaycanın sevinci bizim sevincimizdir" demişdir. Türkiyənin
Azərbaycan siyasəti cümhuriyyət boyunca belə
olmuşdur və bundan sonra da belə olacaqdır. Azərbaycanlı
qardaşlarımızı incitməyə heç bir
hökumətin nə haqqı, nə həddi, nə də səlahiyyəti
vardır.
Azərbaycanlı
qardaşlarımız bütün acılarını
paylaşır, ortaq şəhidlərimizin xatirəsini rəhmətlə
anırıq!
Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2009.-27 fevral.-S.2.