Dünya azərbaycanlıları Xocalı soyqırımı barədə həqiqətləri xarici ölkələrdə fəal yayırlar

 

Ermənilərin onilliklər boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi olan Xocalı soyqırımından 17 il ötür. 1992-ci il fevralın 26-da bütün dünya Xocalı şəhərində dəhşətli bir vəhşiliyin şahidi oldu. Şəhərdən çıxmağa çalışan mülki əhali məhz azərbaycanlı olduğu üçün erməni hərbi birləşmələri tərəfindən soyqırımına məruz qaldı. Sovet ordusunun 366-cı hərbi alayın köməyindən yararlanan ermənilər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara belə aman vermədilər. Şəhərin özü isə yerlə yeksan edildi.

Bu gün hər birimizin qarşısında duran əsas vəzifələrdən biri insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmaq, dinc azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistanın bütün dünya miqyasında ifşa edilməsinə nail olmaq, Azərbaycan dövlətinin bu məqsədlə həyata keçirdiyi fəaliyyətə dəstək verməkdir. Çünki ideoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.

Bunları nəzərə alan Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, azərbaycanlıların məruz qaldığı soyqırımı cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ümdə məqsəd kimi öz fəaliyyətinin prioritet istiqaməti elan edib. Cəmi 5 ilə yaxındır ki, fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev Fondu ölkəmizin üzləşdiyi ədalətsizliklə bağlı həqiqətlərin dünyaya çatdırılmasında xeyli görüb. Fondun bu məqsədlə apardığı davamlı 2005-ci ildə "Azərbaycan" internet portalının yaradılması ilə başlayıb. Portalda faktlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törətdiyi azğınlıq, ölkəmizin tarixini əks etdirən memarlıq abidələrinə qarşı vandalizm aktları barədə məlumatlar yerləşdirilmişdir. "Azərbaycan" portalında Xocalı soyqırımı ayrıca bölmə kimi təqdim olunur. Burada 1992-ci ilin fevralında erməni işğalçılarının Xocalıda törətdiyi soyqırımı haqqında geniş məlumatla yanaşı, qanlı faciəni əks etdirən fotoşəkillər yerləşdirilib.

Heydər Əliyev Fondunun 2006-cı ildə hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu da Ermənistanın Azərbaycana təcavüzü barədə obyektiv məlumatları daha geniş auditoriyaya çatdırmaq üçün həyata keçirilən davamlı fəaliyyətin tərkib hissəsidir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanan bukletlər toplusu gerçəkləşdirilən layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, münaqişənin başlanması, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı cinayətkar fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verən topluda Xocalı soyqırımı haqqında həqiqətlər yer alıb. Topludakı bukletlərdən biri "Xocalı soyqırımı" adlanır. Toplu müxtəlif dillərdə çap olunaraq xarici ölkələrdə yayılıb.

Heydər Əliyev Fondunun bu silsilədən olan digər nəşrləri - "Azərbaycanın qarşılaşdığı müharibə: mədəni irsin hədəfə alınması" "Pirlər müharibələr" kitabları Qarabağ müharibəsinin faciələrindən, tarixi-maddi abidələrimizin, müqəddəs dini yerlərimizin dağıdılmasından bəhs edir.

Heydər Əliyev Fondu Xocalı faciəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətindəki fəaliyyətinə öz xətti ilə xarici ölkələrdə anma mərasimlərinin, elmi-praktik konfransların keçirilməsini daxil edib. Ötən illərdə olduğu kimi, Xocalı faciəsinin 17-ci ildönümündə xarici ölkələrdə ziyalıların, elm adamlarının, tanınmış insanların iştirakı ilə belə tədbirlər keçirilir.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ölkəmizin hüdudlarından kənarda görülən işlər sırasında Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin həyata keçirdiyi tədbirlər diqqəti cəlb edir. Hələ ötən il fevralın 27-də fondun Rusiya nümayəndəliyi tərəfindən Moskvada keçirilmiş "Xocalı. 16 il sonra" mövzusunda elmi-praktik konfrans Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması yönündə keçirilən əhəmiyyətli tədbirlərdən biri olmuşdur.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Əməkdaşlıq Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası sivilizasiyalararası dialoq üzrə birinci baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə ötən il "Xocalıya ədalət" kampaniyasına start verilmişdir. 2008-ci ilin mayında İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq Dialoq uğrunda Gənclər Forumu İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında bu kampaniya İKT ekspertləri tərəfindən dəstəklənmiş 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuşdur. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin ötən ilin iyununda Uqandada keçirilmiş konfransında Leyla Əliyevanın təşəbbüsü təsdiq edilmişdir.

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində fevralın 22-də Hollandiyanın Haaqa şəhərində "Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyi azərbaycanlı tələbələrin iştirakı ilə anma mərasimi yürüş təşkil etmişdir. Bu tədbirlər zamanı "Xocalıya ədalət" beynəlxalq kampaniyasının www.justiceforkhojaly.org ünvanlı internet saytının təqdimatı olmuşdur.

Xocalı faciəsinin ildönümündə dünyanın bir çox şəhərlərində yaşayan azərbaycanlıların diaspor təşkilatları tərəfindən piketlər, mitinqlər keçirilir, anma mərasimləri təşkil olunur. Dünya Azərbaycanlıları Konqresi bu istiqamətdə üzərinə düşən mənəvi borcunu layiqincə yerinə yetirir. Ulu öndər Heydər Əliyevin onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə tövsiyələri DAK-ın keçirdiyi bu silsilədən olan bütün tədbirlərinin əsas qayəsini təşkil edir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının mahiyyətinin dünyaya çatdırılması yönündə təşəbbüslərini də DAK özü üçün örnək sayır. DAK-ın təşkilatçılığı ilə bu il və ötən illərdə Xocalı soyqırımı ilə bağlı keçirilən anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi nümayiş etdirilmişdir. Mərasimə dəvət olunanlar ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-şəkillərin ekspozisiyası və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində yer alan Xocalı faciəsindən bəhs edən materiallarla tanış olmuşlar. "Qarabağ həqiqətləri" toplusunun da geniş ictimaiyyət arasında yayımı təşkil edilmişdir.

İctimai rəyi formalaşdırmağa yönələn bu kimi bütün tədbirlər Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin daha obyektiv və dürüst informasiya almasına imkan yaradır. DAK bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsini diqqət mərkəzində saxlayır.

 

 

Nadir Orucov

Dünya Azərbaycanlıları Konqresinin Bakı

nümayəndəliyinin rəhbəri

 

Azərbaycan.-2009.-27 fevral.-S.3.