Xarici ölkələrdə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və onun internet səhifəsinin təqdimatı olmuşdur

 

İSTANBUL. Fevralın 26-da İstanbulda "Xocalıya ədalət: humanitar və hüquqi tanınma perspektivləri" mövzusunda keçirilmiş konfransda Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" beynəlxalq kampaniyasına Türkiyədə start verilmişdir.

İslam Konfransı Gənclər Forumunun Baş qərargahında təşkil olunmuş konfransda millət vəkilləri, hökumət nümayəndələri, bələdiyyə başçıları, elm adamları və nüfuzlu KİV təmsilçiləri iştirak etmişlər.

"DUA" filminin nümayişi ilə başlanmış konfransda çıxış edən DƏ-İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın əhəmiyyətindən danışmış, ona 20-dən çox ölkədə start verildiyini vurğulamışdır. O, kampaniyaya dəstəyə görə, qardaş Türkiyə ictimaiyyətinə və hökumətinə təşəkkürünü bildirmişdir.

Kampaniyanın Türkiyə üzrə milli əlaqələndiricisi Əminə Yetim "Xocalıya ədalət" kampaniyasını və onun internet saytını təqdim etmişdir.

Konfransın açılışında cıxış edən DƏ-İKGF-nin prezidenti Əli Sarıqaya, İstanbul Böyük Şəhər Bələdiyyəsinin gənclər və idman müdiri Enis Erdem kampaniyanın vacibliyini vurğulayaraq, onun hərtərəfli dəstəklənəcəyini bildirmişlər.

Açılış mərasiminin sonunda iştirakçılar kampaniyanın bəyannaməsini imzalamışlar.

Konfransın ilk geniş iclasında çıxış edən Yeditəpə Universitetinin professoru, Yaxın Keçmiş Tarixi Araşdırmalar Mərkəzinin sədri Mehmet Saray və Qazi Universitetinin professoru İlyas Doğan Azərbaycan torpaqlarının işğalından və Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi tanınmasının əhəmiyyətindən söhbət açmışlar.

İkinci geniş iclasda tələbələrin çıxışları dinlənilmişdir. Gənclər Xocalı faciəsini beynəlxalq hüquq prizmasından təhlil etmişlər. Onlar vurğulamışlar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş torpaqlar azad edilməyənədək, o cümlədən Xocalı faciəsinə görə üzr istənilməyincə, təcavüzkara qarşı beynəlxalq təzyiq azalmamalıdır. Bu baxımdan, Turkiyənin Ermənistanla sərhədlərin açılmaması siyasətini davam etdirməsinin zəruriliyi vurğulanmışdır.

Konfransda çıxış edən "Hollywood"un ilk türk prodüseri Mehmet Çələbi ABŞ-da türk diasporunun Xocalı məsələsini daim gündəlikdə saxladığını bildirmişdir. O demişdir ki, Xocalı faciəsinin fəal şəkildə inkarı siyasətini yürüdən Amerikanın Erməni Milli Komitəsi bu yaxınlarda Çikaqodakı türk diasporu tərəfindən məhkəməyə verilmişdir. "Xocalıya ədalət" kampaniyası faciəni inkar edərək, insanlığa qarşı cinayətləri ört-basdır edən qurumlara qarşı da mübarizə aparmalıdır.

Tədbirin sonunda rejissor Korhan Yurtsevərin çəkdiyi "Xocalı qətliamı. Bu, son olsun!" filmi nümayiş etdirilmişdir.

KİYEV. Fevralın 25-də soydaşımız R.Seydimovun "Xocalı" mövzusuna həsr olunmuş rəsm sərgisinin Ukrayna siyasətçilərinin və ictimai xadimlərinin də iştirakı ilə keçirilmiş bağlanış mərasimində "Xocalıya ədalət" beynəlxalq kampaniyası və onun internet saytı təqdim olunmuşdur.

BERLİN. Fevralın 26-da Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin bürosunda Bundestaq və Berlin şəhər parlamenti üzvlərinin, diplomatik korpusun, hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, universitet müəllimlərinin, mədəniyyət xadimlərinin, hüquq müdafiəçilərinin və jurnalistlərin iştirakı ilə "Xocalıya ədalət" kampaniyasının və internet saytının təqdimat mərasimi keçirilmişdir.

Bundestaqın üzvləri Otto Hauserin və Hakkı Keskinin də qatıldıqları tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya parlamentinin üzvü Eduard Lintner çıxış etmişlər.

Mərasimdə "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilmiş, "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi keçirilmiş, yazıçı Günel Rzayevanın Qarabağ mövzusuna həsr olunmuş "Atama" hekayəsi oxunmuş və alman rəssamı Peter Foellerin "Garabach" əsəri nümayiş etdirilmişdir.

BUXAREST. Fevralın 26-da Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyində hökumətin, QHT-lərin və mətbuat təmsilçilərinin iştirakı ilə keçirilmiş tədbirdə "Xocalıya ədalət" kampaniyasının və onun internet saytının təqdimat mərasimi keçirilmişdir.

Bununla yanaşı, "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm sərgisi və rumın dilində nəşr edilmiş "Xocalı faciəsi" kitabının təqdimatı da olmuşdur.

VYANA. Fevralın 26-da Vyananın mərkəzi küçələrinin birində Azərbaycanın işğal olunmuş ərazilərini simvolizə edən çadır qurulmuş və burada ölkənin elm mərkəzlərinin, yerli icmaların və mətbuat nümayəndələrinin iştirakı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatı keçirilmişdir.

RİQA. Fevralın 26-da Riqadakı "Ocaq" Mədəniyyət Mərkəzində yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə "Xocalıya ədalət" kampaniyasının və internet saytının təqdimatı olmuşdur.

VARŞAVA. Fevralın 26-da Varşava Universitetində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Tədbirdə ölkə ictimaiyyəti, Polşada akkreditə olunmuş diplomatların, mətbuatın nümayəndələrinin iştirakı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və internet saytının təqdimatı olmuşdur.

Bundan başqa, Vaşinqtonda ABŞ Konqresinin binasında konqresmenlərin iştirakı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatının keçirilməsi nəzərdə tutulmuşdur. Kampaniya çərçivəsində Corc Vaşinqton Universitetində Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı hazırladığı film göstəriləcək, rəsm sərgisi təşkil ediləcək, kampaniyanın və internet saytının təqdimatı olacaqdır.

BERN. Fevralın 25-də İsveçrə Federal Hökumətinə məxsus "Politforum"da Azərbaycanın bu ölkədəki səfirliyi Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Səfirlikdən bildirmişlər ki, İsveçrə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən və İsveçrə parlamentinin, Xarici İşlər Nazirliyinin, diplomatik koprusun, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, Azərbaycan və türk icmaları nümayəndələrinin iştirak etdikləri tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun acı nəticələri haqqında ətraflı məlumat verilmişdir.

Tədbirdə İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı olmuşdur. Təqdimat zamanı kompüter vasitəsilə "Xocalıya ədalət" kampaniyasının internet səhifəsi haqqında ətraflı məlumat verilmişdir.

Bundan əlavə, tədbirdə Heydər Əliyev Fondu və Azərbaycan XİN tərəfindən birgə tərtib olunmuş "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" nəşrinin də təqdimatı olmuş, bu haqda film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş "Xocalı uşaqların gözü ilə" adlı fotosərgiyə də baxmışlar.

Eyni zamanda, Bernə ezamiyyətdə olan Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən Azərbaycanın gömrük xidmətinin tarixindən, ermənilərin Cənubi Qafqazda məskunlaşdırılmasından bəhs edən "Azərbaycanın gömrük xidməti: tarixi ənənələr və müasirlik" kitabının tədqimatı keçirilmişdir.

BRÜSSEL. Azərbaycanın Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı səfirliyindən bildirmişlər ki, Azərbaycan və türk diaspor təşkilatları Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı tədbirlər keçirmişlər.

Əvvəlcə Avropa Parlamentinin binası qarşısında, gediş-gəlişin daha çox olduğu Şuman meydanında qurulmuş çadırda faciəyə həsr olunmuş sərgi açılmış, film nümayiş etdirilmişdir. Sərgiyə gələnlər İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına qoşulmuş və müvafiq sənədi imzalamışlar.

Sonra soydaşlarımız Ermənistan səfirliyinin qarşısında toplaşaraq, Azərbaycan torpaqlarının işğal edilməsinə etirazlarını bildirmiş, ərazilərimizin azad olunmasını tələb edən şüarlar səsləndirmiş və Ermənistan hökumətinə ünvanlanmış etiraz məktubunu səfirliyin əməkdaşına təqdim emişlər.

Buradan Avropa Parlamentinə doğru yürüş başlanmışdır. Yürüşü Şuman meydanında başa çatdırmış soydaşlarımız Avropa təsisatlarını Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına göz yummamağa, Xocalı soyqırımını tanımağa və Ermənistana təsir göstərməyə çağırmışlar.

Avropa İttifaqında sədrlik edən Çexiyanın Baş naziri Miroslav Topolanekə, Avropa Komissiyasının rəhbəri Xose Manuel Barrozaya və Avropa Parlamentinin Sədri Hans-Gert Potteringə ünvanlanmış etiraz məktubları qurumun rəsmilərinə təqdim edilmişdir.

Brüsseldə keçirilmiş etiraz aksiyasına qonşu Hollandiyadan və Almaniyadan gəlmiş Azərbaycan və türk icmalarının nümayəndələri də qoşulmuşlar.

Həmin gün Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış mətbuat bülleteni Belçikanın rəsmi qurumlarına, yerli kütləvi informasiya vasitələrinə, xarici ölkələrin Belçikadakı səfirliklərinə, Avropa İttifaqı və NATO yanındakı diplomatik nümayəndəliklərə göndərilmişdir.

Bu etiraz aksiyasının davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə martın 3-də Avropa Parlamentinin binasında qurumun üzvü xanım Jizela Kalenbaxın himayəsi ilə Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcəkdir. Konfransda faciə barədə geniş məlumat veriləcək, sərgi və film nümayiş etdiriləcək, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasının internet səhifəsinin təqdimatı olacaqdır.

PEKİN. Fevralın 26-da Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən "Şuşa" Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Mərasimdə Pekində akkreditə olunmuş diplomatik korpusun, o cümlədən Türkiyə, Gürcüstan səfirliklərinin yüksək səviyyəli diplomatları, soydaşlarımız və burada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Səfir Yaşar Əliyev Xocalı faciəsinin tarixindən, onun başvermə səbəblərindən, eləcə də ermənilərin törətdikləri vəhşiliklərdən söhbət açmışdır.

Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Heydər Əliyev Fondunun Xocalı faciəsinə dair hazırladığı film nümayiş etdirilmişdir. Film disklərə köçürülərək mərasim iştirakçılarına paylanmışdır.

Tədbirdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" ("Justice for Khojaly") kampaniyasının və onun internet saytının təqdimatı da olmuşdur.

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatları, habelə, Azərbaycana qarşı törədilmiş terror aktları haqqında materiallar Pekində fəaliyyət göstərən diplomatik missiyalara, beynəlxalq təşkilatların nümayəndəliklərinə, Çinin elmi-tədqiqat institutlarına və kitabxanalarına təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 fevral.-S.3.