Bu qan yerdə qalmaz
Goranboy rayonunun
Aşağı Ağcakənd bölgəsində hər
şəraiti olan Xocalı rayonunun inzibati mərkəzi
formalaşır. "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq bu yerlərdə 500 ailəlik
qəsəbələr salınır. Aşağı
Ağcakənddə, Meşəli və Börü kəndlərində
yüzlərlə yaşayış evi tikilib. Məktəblər,
uşaq bağçaları, feldşer-mama məntəqələri,
inzibati binalar inşa edilib. İşıq, su çəkilib,
yollar sahmana salınıb.
Ötən ilin yekunlarına
həsr olunmuş toplantıda xocalılara dövlət
qayğısından geniş söhbət getdi. Görülən
işlərdən minnətdarlıqla danışıldı.
Bununla yanaşı ürək ağrısıyla qeyd olundu
ki, xocalılılar gecə-gündüz öz doğma
torpaqlarına qayıtmaq həsrətilə yaşayırlar.
Xocalı faciəsindən on
yeddi il keçir.
Aylar, illər ötdükcə
əsrin bu böyük faciəsinə, ermənilərin misli
görünməmiş vəhşiliyinə dünya dövlətlərinin
laqeydliyi daha kəskinliklə qəlbimizi göynədir. Uzun
illər Xocalıda işləmişəm. İyirmi ilə
yaxın Cəmilli kənd məktəbinə rəhbərlik
etmişəm. Sonra təhsil şöbəsinin inspektoru, Kərkicahan
qəsəbə sovetinin sədri işləmişəm.
Neçə ildir ki, "Xocalının səsi" qəzetinin
redaktoruyam. Hər gün məcburi köçkünlərlə
görüşürəm. Onların həyat şəraiti,
arzu və istəklərinə yaxından bələdəm.
Ulu öndər Heydər Əliyevin
ənənəsinə uyğun olaraq ölkə
başçısı İlham Əliyev tərəfindən
məcburi köçkünlərin həyat şəraitinin
daha da yaxşılaşdırılması üçün hər
cür qayğı və kömək göstərilməsinə
baxmayaraq, Xocalı faciəsinin ağrı-acısı ürəkləri
göynədir. Bu qeydləri yazdıqca ötən günlər
yenidən yada düşür. Xocalı faciəsi olmaya bilərdimi?
Bəli, bu müdhiş qırğının
qarşısını almaq mümkün idi. Əgər o
dövrdə respublika rəhbərliyinin laqeydliyi olmasaydı,
Xocalı salamat qala bilərdi. Rəngi saralmış gündəliyimi
vərəqləyirəm.
1992-ci il 12 fevral: Prezidentə,
Ali Sovetə, Nazirlər Sovetinə, AXC-yə vurulan
saysız-hesabsız teleqramlar cavabsız qalır.
Mətbuat, televiziya susur.
Qarabağın, əsasən Xocalının ağrılı
günləri barədə ictimaiyyətə məlumat verilmir.
Xocalı vuruşur,
özünü, torpağını müdafiə edir, ölkə
rəhbərliyindən isə bir haray yoxdur.
13 fevral: Rus-erməni hərbçiləri
silahsız dinc əhalini gülləbaran edir. Televiziya
MK-nın mənasız, məzmunsuz qərarlarını,
Prezidentin təmtəraqlı görüşlərini göstərir,
Xocalıda isə mühasirə halqası get-gedə
daralır.
15 fevral: Stepanakertdə (Xankəndidə)
yerləşən rus alayı hərbi sursatı ermənilərə
verib getmək istəyir. Daxili qoşun - Don diviziyası
asayişi qoruyur, rus alayı isə azərbaycanlılar
yaşayan kəndləri talan edib yandırır. Bu sahədə
əsas rolu dördüncü ordu oynayır. Bu quduz dəstəyə
kapitan Arutyunyan və Oqanyan başçılıq edirlər.
19 fevral: Rusiya Prezidenti Boris
Yeltsinin rus qoşunlarının komandanı Şapoşnikov və
Ermənistan prezidenti Levon Ter-Petrosyanla Moskvada məxfi
görüşü keçirilir. Elə həmin
görüşdə görünür, "Xocalı
soyqırımı"nın ssenarisi hazırlanır. Bundan
sonra Stepanakertdə 366-cı alayın zabitlərinə ABŞ
dolları paylanır. Deyilənlərə görə,
Xocalının işğalı üçün 10 milyon,
Ağdamın zəbtinə isə 15 milyon rus pulu
ayrılıb.
21 fevral: Mühasirə
halqası daraldıqca Xocalıdan hər yana, "14",
"90" gizli çağırışlarla həyəcan
dolu xəbərlər göndərilir: "Bizi
qırırlar, kömək edin!". O gərgin günlərdə
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı
olmuş Elman Məmmədov xatırlayır ki, "1992-ci il
fevralın ikinci ongünlüyündə Bakıya gəldim.
Üç gün çalışdım, bütün
imkanlardan istifadə etdim, amma dövlət
başçısı Ayaz Mütəllibovun qəbuluna
düşə bilmədim. Onun köməkçisi
Gürşad Zərbəliyevə dəfələrlə zəng
vururdum, xahiş edirdim ki, kömək elə, yoxsa
camaatımız qırılacaq. Gəlim vəziyyət barədə
A.Mütəllibova xəbər verim. Gürşad isə mənə
deyirdi ki, A.Mütəllibovun başı
qarışıqdır, yanında adamlar var. Bir sözlə,
məni qəbul etmədi, üzümü görmək istəmədi.
Çarəsiz qalıb yenidən Xocalıya qayıtdım".
Ölkənin başsız
başçıları sanki bilə-bilə hər şeyə
göz yumurdular. Bütün ağırlığın
ağrı-acısı isə o zaman yerlərdə fəaliyyət
göstərən vəzifə sahiblərinin üzərinə
düşürdü. Qeyrətli, cəsur insanların cəhdlərinə
baxmayaraq, müharibə alovu hər yanı bürüyürdü.
1991-ci ilin dekabrında Cəmilli və Meşəli kəndləri
əldən getdi. Başda oturanlar ayılmadılar. Ayın
sonunda Kərkicahan qəsəbəsi işğal olundu,
bizimkilər yenə də susurdular. 1992-ci il fevralın 26-da
erməni-rus qoşunları tərəfindən Xocalı
darmadağın edildi. Bu vəhşilikdən havalanan ermənilər
toy-bayram edirdilər.
Təkcə Kosalar sovetliyinin
6 kəndi qalırdı. Həmin kəndlər Yuxarı
Qarabağın şah yüksəkliklərində yerləşirdi.
O illərin canlı şahidi, hazırda Kosalar kənd icra
nümayəndəsi işləyən Kərəm Əsgərov
xatırlayır ki, Xocalının necə
yandırıldığına ürək ağrısı ilə
baxırdıq. Bizim döyüşçülər
çalışırdılar ki, Çayqovuşan istiqamətindən
Ballıca kəndinə, oradan isə Xocalıya köməyə
getsinlər. Əfsuslar olsun ki, təpədən
dırnağacan silahlanmış rus əsgərləri erməni
cəlladlarını öz qanadları altına alıb
bütün ərazini nəzarətdə saxlayırdılar.
Həmin gecə qrad qurğusundan bir neçə dəfə
atəş açsaq da Xocalıya kömək etmək istəyimiz
ürəyimizdə qaldı.
1992-ci il mayın 8-də erməni-rus
hərbi birləşmələri dörd istiqamətdən Kosalara
hücuma keçdi. Canhəsən kəndindəki
postlarımız mühasirəyə alınmışdı.
Səhər saat 6-da əli silah tutanların hamısı qəfil
hücuma keçərək mühasirə halqasını
yardı və düşməni geri oturtdu. Səkkiz saat davam
edən amansız döyüşdə altı nəfər həlak
oldu, 23 nəfər yaralandı. Ölən ermənilərin
meyitlərini topladıq ki, girov düşən xocalılarla
dəyişək.
Bilavasitə ürəyin
hökmü ilə meydana atılan qeyrətli
oğullarımızın rəşadətini unutmaq olmur.
Tabil Həsənov hər hücuma keçəndə
Koroğlu kimi elə nərə çəkirdi ki, düşmən
özünü itirirdi. Rasim Ağayev ağır
yaralanmasına baxmayaraq, "Qarabağ şikəstəsi"ni
oxuya-oxuya ön mövqeyə atıldı. Silahlı ordunun
qarşısında tək-tük fədakar oğul nə edə
bilərdi?
Şəhid atası Kərəm
Əsgərov deyir ki, mayın 9-da döyüşə-döyüşə
dağlara çəkildik. Azı 70 kilometrlik cəbhə xəttini
göz bəbəyi kimi qoruyurduq. Gecə-gündüz çəkilən
bütün əzab-əziyyət yiyəsizlik ucbatından
uğursuz sonluqla başa çatırdı. Şuşa ilə
əlaqəmiz tamamilə kəsildi. Böyük ümidlə
biz oradan kömək gözləyirdik, gəlmədi. Sonradan məlum
oldu ki, Şuşa da işğal edilib. Bizim kənddə
qalmağımız daha mümkün deyildi. Əlsiz-ayaqsız
qocaları, körpələri çıxarmağa
başladıq. Yuxarı Qarabağı axırıncı tərk
edən Kosalar kəndi oldu.
Xocalı soyqırımı
XX əsrin ən böyük faciələrindən biridir. Bir
gecənin içində 613 nəfər məhv edildi, 1275 nəfər
dinc sakin girov götürüldü. Onlardan 150 nəfərinin
taleyi hələ də bəlli deyil. Bu amansız faciə nəticəsində
min nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli
güllə yarası aldı. Qətlə yetirilənlərin
106 nəfəri qadın, 83 nəfəri azyaşlı
uşaq, 70 nəfəri ahıl qocalar idi. Şikəst
olanların 76 nəfəri yetkinlik yaşına
çatmamış oğlan və qızlardır.
Vəhşi quldurların
qansız əməllərinə baxın! Səkkiz ailə
tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər
isə valideynlərindən birini itirdi. Aparılan
araşdırmalar göstərdi ki, şəhid olanlardan 56 nəfəri
xüsusi qəddarlıqla öldürülmüş,
diri-diri yandırılmış, başlarının dərisi
soyulmuş, bədən əzaları kəsilmiş, gözləri
çıxarılmış, hamilə qadınların
qarnı süngü ilə deşik-deşik edilmişdir.
İnsanlıqda haqqı,
payı olmayan erməni quldurlarının iç üzü
bax belədir!
Bizi ən çox
ağrıdan odur ki, o dövrdə kreslolarından möhkəm
yapışaraq başda oturanlar, nəyin bahasına
olursa-olsun, hakimiyyətə can atanlar xalqa vaxtında,
düzgün məlumat vermədilər. Yalnız ulu öndər
Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı
faciəsi özünün əsil siyasi, hüquqi qiymətini
aldı.
1994-cü il fevralın 24-də
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclisdə Xocalı məsələsi
müzakirə olundu. Ulu öndərin sərəncamı ilə
"Xocalı faciəsi günü" elan edildi. 1995-ci ildə
soyqırımın ildönümü ərəfəsində
Heydər Əliyev xocalılıları qəbul edərək
onları diqqətlə dinlədi, bir çox müəmmalı
məsələlərə aydınlıq gətirdi. Elə həmin
vaxtdan da Azərbaycan hökuməti Xocalı
soyqırımı haqqında həqiqətlərin olduğu
kimi dünya dövlətlərinə, geniş ictimaiyyətə
çatdırılması, bütün bunların əsl
soyqırım kimi tanınması və işğal
olunmuş torpaqların tezliklə azad edilməsi xəttini
yeridir. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam
etdirən İlham Əliyevin müdrik siyasəti sayəsində
son vaxtlarda bu sahədə xeyli irəliləyiş duyulur.
Xocalı soyqırımı haqqında dünyanın
ayrı-ayrı ölkələrində müəyyən tədbirlər
görülür. Ermənilərin xalqımıza
qarşı olan bu qanlı cinayətini əsil
soyqırımı faktı kimi etiraf edənlərin
miqyası genişlənir.
Nahaq qan yerdə qalmaz, gec-tez
həqiqət öz yerini tutacaq. Biz buna əminik.
Qasım Qırxqızlı
"Xocalının səsi" qəzetinin redaktoru
Azərbaycan.-2009.-27 fevral.-S.4.