Azərbaycanın maliyyə naziri Praqada birgünlük rəsmi səfərdə olmuşdur

 

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyindən bildirmişlər ki, maliyyə naziri Samir Şərifov fevralın 25-də Çexiya maliyyə nazirinin dəvəti ilə Praqada birgünlük rəsmi səfərdə olmuşdur.

Səfəri çərçivəsində S.Şərifovun ilk görüşü Çexiya İxrac Bankının baş direktoru Lubos Pokorni ilə olmuşdur. Görüşdə Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyəti və onların ölkəmizdə həyata keçirdikləri layihələrin Çexiya İxrac Bankı tərəfindən dəstəklənməsi barədə söhbət getmişdir.

Çexiyanın maliyyə naziri Miloslav Kalouseklə görüşdə iki ölkənin iqtisadi və maliyyə sahələrində əlaqələri, nazirliklər arasında əməkdaşlıq imkanları və sair məsələlər müzakirə olunmuşdur. S.Şərifov Azərbaycanın maliyyə sektorunda həyata keçirilən islahatlardan danışmış, həmkarına qlobal iqtisadi böhran şəraitində görülən tədbirlər barədə məlumat vermişdir.

Çexiya parlamenti Senatının sədri Prjemisl Sobotka Azərbaycan nazirini qəbul etmişdir. Söhbət zamanı Azərbaycan və Çexiya arasında möhkəmlənən strateji tərəfdaşlığın gundəliyində duran əsas məsələlər, habelə gələcək əməkdaşlığın formaları müzakirə olunmuşdur.

S.Şərifov Azərbaycanda fəaliyyət göstərən Çexiya şirkətlərinin rəhbərləri ilə də görüşmüşdür.

 

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.-2009.-27 fevral.-S.5.