Ölkədə aparılan
iqtisadi islahatlar aqrar sektorun inkişafını sürətləndirir
Azərbaycan Respublikası
Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin
sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik
məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli
enerji və kommunukasiya layihələrinin aparıcı
qüvvəsinə çevrilən, demokratikləşmə
yolunda atdığı ardıcıl addımlarla Cənubi
Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan
respublikamızın bütün sahələrdə dinamik
inkişaf etdiyini bir daha təsdiqləmişdir.
2008-ci ildə xalqın iradəsi
ilə ikinci müddətə Azərbaycan Prezidenti
seçilmiş cənab İlham Əliyevin keçən il ölkənin sosial-iqtisadi, siyasi-hüquqi və
mədəni sahələrdə inkişafı
üçün bütün zəruri tədbirləri həyata
keçirməsi nəticəsində respublika
iqtisadiyyatında dinamik iqtisadi artım tempi qorunub
saxlanılmışdır. Şəhərlə
regionların inkişafındakı fərqi mümkün qədər
azaltmaq, qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatının
inkişafına dəstək vermək 2008-ci ildə də
ölkə Prezidentinin sosial-iqtisadi siyasətinin başlıca
istiqamətlərindən biri olmuşdur.
2008-ci ildə
icrası uğurla yekunlaşmış "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)" regionların inkişafına təkan
vermişdir.
Dövlət proqramı çərçivəsində həyata
keçirilmiş tədbirlər nəticəsində
ümumilikdə 2004-2008-ci illərdə 760 mindən çox
yeni iş yeri açılmışdır. Yalnız 2008-ci
ildə 120 mindən çox yeni iş yerinin
açılması ölkədə qeyri-neft sektoruna göstərilən
diqqətin sayəsində mümkün olmuşdur.
Görülmüş
tədbirlərin nəticəsidir ki, ötən ilin
yekunları bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda
sosial məsələlərin həllini daim diqqət mərkəzində
saxlamağa imkan vermişdir. 2008-ci ilin dövlət
büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli
dərəcədə artmış, yoxsulluğun və
işsizliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli
nəticələr əldə olunmuşdur.
Dünyada gedən maliyyə
və iqtisadi böhrandan bəhs edən dövlət
başçısı Azərbaycanın maliyyə-bank
sektorunda görülən tədbirləri təqdirəlayiq
sayaraq qeyd etdi ki, "...bütövlükdə bizim maliyyə
sektorunda, bank sistemində vəziyyət normaldır,
yaxşıdır... Ona görə maliyyə və
bank sektorunda görülən tədbirlər və Milli Bank tərəfindən
aparılmış ciddi və ağıllı siyasət
çox yüksək qiymətə layiqdir. Bu, davam etdirilməlidir. Maliyyə-bank
sektoru iqtisadiyyatın əsasıdır".
Görülmüş tədbirlər
nəticəsində 2008-ci ildə ölkənin strateji valyuta
ehtiyatları 18 milyard manata yüksəlmiş, ümumi daxili
məhsulun adambaşına düşən həcmi ötən
illə müqayisədə 36,2 faiz artaraq 4440 manat, orta
aylıq əməkhaqqı 335 dollar təşkil etmişdir. Bu dövrdə əhalidə 18 milyard manat və ya
ötən ildəkindən 42 faiz çox vəsait
qalmışdır. 2003-cü il ərzində əhalinin
adambaşına düşən gəlirləri
inflyasiyanın səviyyəsini 11,3 faiz
üstələdiyi halda, 2008-ci ildə 15,4 faiz üstələmişdir.
Həyata keçirilmiş genişmiqyaslı tədbirlər
nəticəsində ölkədə yoxsulluğun səviyyəsi
2003-cü ildəki 44,7 faizdən 2008-ci ildə
13,2 faizə enmişdir. Milli iqtisadiyyat nəinki
öz tarazlığını qorumuş, hətta qeyri-neft
sektoru son illərdə 16 faizə qədər
artmışdır. Qlobal amillərin, o cümlədən
düzgün olan daxili siyasətin nəticəsində
inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən
20 faiz aşağı olmuş, iqtisadiyyata kredit qoyuluşu 46
faiz, əmanətlər 32 faiz artmışdır. Şübhəsiz ki, hər bir dövlətin
davamlı və sabit inkişafının ümdə şərtlərindən
biri də onun lazımi infrastruktura malik olmasıdır. Əgər
2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin
maliyyələşdirilməsinə 600 milyon manat
ayrılmışdısa, 2009-cu ildə bu məqsədlə
5,6 milyard manat vəsait
ayrılmışdır. Ötən il bu
məqsədlə ayrılmış vəsaitlər
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında nəzərdə tutulmuş məqsədlərin
gerçəkləşdirilməsinə, ilk növbədə
infrastrukturun yeniləşdirilməsinə yönəldilmişdir.
2008-ci ildə bölgələrdə genişmiqyaslı
tikinti-abadlıq, sosial-mədəni quruculuq işlərinin həyata
keçirilməsi, mədəniyyət və incəsənət
abidələrinin bərpası, yeni məktəblərin, səhiyyə
ocaqlarının inşası, mövcudların bərpası
və digər mühüm tədbirlər məhz investisiya xərclərinin
artması sayəsində mümkün olmuş, görülən
tədbirlər ilk növbədə ölkə vətəndaşlarının
firavan yaşayışına xidmət etmişdir.
Yuxarıda
göstərilən toplantıda ölkədə gedən
iqtisadi uğurlardan danışan dövlət
başçısı qeyd etdi ki, "bizim iqtisadi
uğurlarımızın təməlində
düşünülmüş siyasət dayanır, ölkənin
milli maraqlarının qorunması dayanır, siyasi islahatlar,
demokratik proseslər dayanır, iqtisadi islahatlar dayanır və
bütün bunları görməmək mümkün deyildir. Əgər dünyanın ən
birinci, ən qabaqcıl maliyyə qurumu olan Dünya Bankı
Azərbaycanı 2008-ci ilin yekunlarına görə ilin bir
nömrəli islahatçı ölkəsi kimi
tanıyırsa və bunu bəyan edirsə, bu,
özü-ozlüyündə göstərir ki,
uğurlarımızın təməlində bizim siyasətimiz,
düzgün xəttimiz və Azərbaycanda gedən müsbət
proseslər dayanır".
Bütün
bunlarla yanaşı, Azərbaycan Respublikasında əhalinin
etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin
başlıca istiqamətlərindən birini təşkil
edir. Ərzaq təhlükəsizliyindən
danışarkən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev qeyd etdi ki, "...həmişə olduğu
kimi, ərzaq təhlükəsizliyi məsələlərinə
çox böyük diqqət göstərilməlidir.
Sahibkarlara kreditlərin verilməsi davam etdiriləcəkdir,
indiyədək Sahibkarlığa Kömək Milli Fondu, yəni
dövlət tərəfindən yerli sahibkarlara 400 milyon
dollara qədər kredit resursları verilmişdir... Biz bu yolla həm sahibkarları dəstəkləyəcəyik,
həm də ki, kredit resurslarımız daha da artacaqdır.
Gələn ilin planlarında sahibkarlara veriləcək
kreditlərin həcmi daha da artmalıdır. 120 milyon manat həcmində olacaqdır. Bununla bərabər, fermerlərə subsidiyalar davam
etdiriləcəkdir, güzəştli şərtlərlə
gübrə veriləcəkdir. Yəni, kənd təsərrüfatının
inkişafı üçün bütün lazımi tədbirlər
görüləcəkdir..."
Etibarlı ərzaq
təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və
sosial davamlılığının başlıca şərtidir. Ona görə
də cəmiyyətin hər bir üzvünün əsas ərzaq
məhsullarına tələbatının tam ödənilməsi
üçün davamlı olaraq müvafiq tədbirlərin həyata
keçirilməsi çox vacibdir.
Bu bir faktdır ki, son
dövrlərdə inkişaf etmiş ölkələrin
maliyyə bazarında baş verən qeyri-sabitlik, maliyyə və
iqtisadi böhran, habelə əhalinin sayının
çoxalması nəticəsində ərzaq məhsullarına
tələbatın yüksəlməsi, iqlim dəyişikliyi,
su ehtiyatlarının məhdudlaşması və digər səbəblərə
görə dünya bazarında əsas ərzaq məhsullarının
qiymətləri artmağa başlamış, bəzi ölkələrdə
ərzaq qıtlığı real təhlükəyə
çevrilmişdir.
Bu problemi öncədən
görərək hələ keçən əsrin 90-cı
illərinin ortalarında ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Müstəqil Dövlətlər
Birliyi məkanında ilk dəfə olaraq torpaq islahatları həyata
keçirilmiş, kənd təsərrüfatı məhsullarının
istehsalçılarına yardım mexanizmi
formalaşdırılmış, beynəlxalq təşkilatlarla
birlikdə bu sahədə əhəmiyyətli layihələrin
icrasına başlanılmışdır.
2001-ci ildə
ölkə Prezidentinin sərəncamı ilə "Azərbaycan
Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı" təsdiq edilmiş və proqram çərçivəsində
görülmüş işlər nəticəsində kənd
təsərrüfatı və ərzaq məhsullarının
istehsalı əhəmiyyətli dərəcədə
artmışdır.
Bununla yanaşı,
"2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci
illər)", "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" və digər qəbul
olunmuş dövlət əhəmiyyətli sənədlərdən
irəli gələn vəzifələrin yerinə yetirilməsi,
o cümlədən kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan sahibkarlara maliyyə və
texniki dəstəyin göstərilməsi,
sahibkarlığın inkişafı, regionlarda infrastruktur
layihələrinin həyata keçirilməsi, yerli məhsulların,
xüsusən ərzaq məhsullarının xüsusi çəkisinin
artmasını təmin etmişdir. Dünya ərzaq
bazarında müşahidə olunan qeyri-sabitlik Azərbaycanda
da ərzaq məhsullarının qiymətinə öz təsirini
göstərir. Mövcud vəziyyət
daxili bazarın idxaldan asılılığının
maksimum azaldılması və ərzaq ehtiyatlarının
yaradılması məsələsi kompleks yanaşma tələb
edir. Məhz bu məqsədə nail olmaq
üçün Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamına uyğun olaraq
hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramı 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin
həyata keçirilməsini özündə əks etdirir.
Məlum olduğu kimi,
2003-2007-ci illərdə aqrar bölmədə real artım hər
il orta hesabla 4,5 faiz təşkil
etmişdir ki, bu artımda "Aqrarkredit" Səhmdar-Kredit Təşkilatının
da özünəməxsus payı var.
Ötən illər ərzində
təşkilatımız tərəfindən regionlarda
sosial-iqtisadi inkişafin təmin edilməsinə köməklik
məqsədilə kənd yerlərində
çalışan sahibkarlara - fiziki və hüquqi şəxslərə
kreditlərin verilməsi, yeni iş yerlərinin
açılmasının təmin edilməsi, əhaliyə
göstərilən maliyyə-kredit xidmətinin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində xeyli
iş görülmüşdür.
Əsası
1998-ci ildə qoyulmuş Dünya Bankının Təsərrüfatların
özəlləşdirilməsi layihəsinin kredit komponenti
doqquz ilə yaxın bir müddətə təşkilatımız
tərəfindən icra olunmuş, kəndlərdə ilk
özəl fermer təsərrüfatlarının
yaradılmasında mühüm əhəmiyyət kəsb
etmişdir.
Bu layihənin əvvəlindən 5770 kəndli-fermer təsərrüfatına
11,1 milyon manatdan çox kreditlər
verilmişdir.
Regionların
sosial-iqtisadi inkişafında Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına verilmiş güzəştli
kreditlərin əhəmiyyəti xüsusi qeyd
olunmalıdır. Biz müvəkkil kredit təşkilatı kimi
Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 330 sahibkarlıq subyektinə 5,2 milyon manat məbləğində
kreditlər vermişik ki, bu da əsasən regionlarda istehsal,
emal və infrastrukturun inkişafına yönəldilmişdir.
Ümumuyyətlə, 1 yanvar
2009-cu il vəziyyətinə kredit təşkilatı tərəfindən
öz vəsaitləri, eləcə də Təsərrüfatların
özəlləşdirilməsi layihəsi, Sahibkarlığa
Kömək Milli Fondunun, habelə Şimal-Şərq
inkişaf layihəsi vəsaitləri hesabına 10,5 minə
yaxın sahibkarlıq subyektinə 47,7 milyon manat məbləğində
kreditlər verilmişdir. Bu isə, öz
növbəsində, on minlərlə insanın faydalı əməyə
cəlb edilməsi, eyni zamanda xeyli əlavə kənd təsərrüfatı
məhsullarının istehsalı, emalının qurulması
və kənd yerlərində infrastrukturun
yaxşılaşdırılması deməkdir.
Böhranın
təsirliyini azaltmaq üçün kiçik və orta
sahibkarlara maliyyə dəstəyi göstərilməlidir. Hazırda
kredit təşkilatı əlavə vəsaitlərin cəlb
olunması üçün bir neçə beynəlxalq
qurumla əlaqələri genişləndirir. Beynəlxalq
audit şirkəti tərəfindən təsdiq edilmiş
maliyyə hesabatları və balans hesabatı kredit təşkilatına
marağı artırır.
Yaponiya hökumətinin
qrantı hesabına alınaraq lizinq qaydasında icarəyə
verilmiş, eləcə də həmin texnikanın istifadəsindən
"Tərəfdaşlıq Fondu" hesabına
toplanmış vəsait hesabına alınmış 17,0
milyon manat dəyərində 1125 kənd təsərrüfatı
texnikasının idarə olunması ilə bağlı agent
funksiyalarını yerini yetirir.
Əsas məqsədimiz
Azərbaycanın kənd yerlərinə maliyyə xidməti
göstərən və mənfəətlə işləyən
bir maliyyə qurumuna çevrilməkdir. Bunun üçün
"Aqrarkredit" Səhmdar-Kredit Təşkilatının
respublikanın bütün ərazisini əhatə edən
texniki bazası möhkəmləndirilmiş filiallar şəbəkəsi
ölkə daxilində və xaricində treninqlər
keçirərək müasir iş üslubunu mənimsəmiş,
işi günün tələbləri səviyyəsində
qurmaq bacarığına malik olan kadr potensialı
yaratmışdır.
Fəaliyyət
göstərdiyimiz dövr ərzində
qazandığımız uğurlardan biri də kreditin qaytarılmasında
ödəniş əmsalının yüksəldilməsidir. Çalışırıq
ki, ədalətli əməkhaqqı, mükafatlandırma və
digər həvəsləndirmə sistemlərindən,
düzgün faiz siyasətindən istifadə etməklə,
müasir informasiya texnologiyalarının tətbiqi və
menecmentin təkmilləşdirilməsi nəticəsində
müştərilərimizlə aramızda olan münasibətlər
tərəflərin biznes maraqlarına əsaslansın. Bu gün kredit təşkilatı üzrə
qayıdış əmsalının yüksək olması
müştərilərimizlə bizim aramızda olan səmimiyyətdən,
bərabər və şəffaf işbirliyindən, etibara əsaslanan
tərəfdaşlıq əlaqələrindən xəbər
verir və bizi daha yaxşı işləməyə sövq
edir.
Ümumiyyətlə, Azərbaycanın
son beş ildəki inkişaf dinamikasına nəzər
saldıqda belə qənaətə gəlmək olar ki,
ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş dövlətçiliyimizin daha da möhkəmləndirilməsi,
ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və
bütün başqa sahələrdə inkişafının
təmin olunması, əhalinin rifah halının, sosial vəziyyətinin
daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin
dövründə yüksək templə inkişaf edir. Keçen qısa dövr ərzində nəinki mərkəzi
şəhərlərdə, eləcə də regionlarda
sosial-iqtisadi inkişaf sürətləndirilmiş,
abadlıq, quruculuq işlərinin aparılması ilə
bağlı genişmiqyaslı tədbirlər həyata
keçirilmişdir. Ölkəmizdə
aqrar-sənaye kompleksini inkişaf etdirmək və ərzaq təminatını
yaxşılaşdırmaq üçün ilk növbədə
bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik
bazası yaradılmış, torpaq islahatları həyata
keçirilmişdir. İşğal altında olan
rayonlarda təsərrüfat subyektlərinin borclarının
silinməsi, onlara digər güzəştlərin edilməsi,
kənd təsərrüfatı məhsulları
istehsalçılarının torpaq vergisi istisna olmaqla, qalan
bütün vergilərdən azad olunmaları, daxili vəsaitlər
və beynəlxalq maliyyə qurumları tərəfindən
regionlarda mühüm kənd təsərrüfatı layihələrinin
həyata keçirilməsi, fermerlərə yanacağın,
sürtkü yağının və gübrənin
alınmasına çəkilən xərclərin 50 faizinin
dövlət tərəfindən verilməsi, taxıl əkininə
görə subsidiyaların verilməsi, texniki təminatın
yaxşılaşdırılması üçün
"Aqrolizinq"in yaradılması, istehsalçılara
lizinq yolu ilə güzəştli şərtlər əsasında
texnika və gübrə verilməsi belə qənaətə
gəlməyə əsas verir ki, "Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı
(2008-2015-ci illər)" uğurla yerinə yetiriləcəkdir.
Biz isə "Aqrarkredit"
Səhmdar-Kredit Təşkilatı olaraq Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş
strateji vəzifələrin uğurla və vaxtında həyata
keçirilməsi üçün əzmkarlıqla
çalışaraq kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması, regionlarda rentabelli
istehsal müəssisələrinin yaradılması və
inkişaf etdirilməsinə kömək göstərməklə
bundan sonra da regionların sosial-iqtisadi inkişafına və əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
nail olunmasına öz töhfəmizi vermək
üçün bütün qüvvəmizi sərf edəcəyik.
Məmməd Musayev,
"Aqrarkredit" Səhmdar-Kredit
Təşkilatı İdarə Heyətinin sədri
Azərbaycan.-2009.-27 fevral.-S.5.