Dövlət İdarəçilik
Akademiyasında görüş
keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Lyu Kvanq Çul ilə görüş keçirilmişdir.
Görüşdən əvvəl akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov qonağı salamlamış, ölkələrimiz arasında əlaqələrin günbəgün genişləndiyini qeyd etmiş, Koreya-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində ölkə Prezidenti İlham Əliyevin səylərini xüsusi vurğulamışdır. Rektor az vaxt ərzində Koreya səfirliyi əməkdaşlarının apardığı dövlətlərarası tədbirləri xüsusi vurğulayaraq bu ölkənin analoji təhsil müəssisələri ilə Dövlət İdarəçilik Akademiyasının ikitərəfli əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd etmişdir.
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Lyu Kvan Çul tədbirdə "Koreya-Azərbaycan münasibətləri", "Dünyadakı iqtisadi böhran və perspektivlər" mövzusunda çıxış etmiş, təmsil etdiyi dövlətin siyasətindən, iqtisadiyyat, təhsil və digər sahələrdə görülən işlərdən, iqtisadi böhranın törətdiyi çətinliklərdən ətraflı danışmışdır.
Səfir professor və müəllimlərin, habelə akademiyada təhsil alan tələbələrin çoxsaylı suallarına cavab vermişdir.
Cənab Lyu Kvanq Çul səmimi görüş üçün akademiya rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirmişdir.
Sonda akademiyanın rektoru, professor Seyfəddin Qəndilov maraqlı keçən görüşə görə səfirə təşəkkür etmişdir.
Azərbaycan.-2009.-27 fevral.-S.8.