Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmi açılışı olmuşdur

 

Fevralın 27-də Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının rəsmi açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

MDU-nun filialının açılışında RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti də iştirak edirdi.

Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması barədə sərəncam Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci il yanvarın 15-də imzalanmışdır. Hazırda filialda 3 fakültə - filologiya, kimya və tətbiqi riyaziyyat fakültələri fəaliyyət göstərir. Burada tədris prosesi MDU-nun proqramları əsasında qurulmuşdur. Məşğələlər, əsasən, dünyada ən nüfuzlu ali məktəblərdən biri olan bu universitetin professor-müəllim heyəti tərəfindən aparılır.

Prezident İlham Əliyevi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru akademik Viktor Sadovniçi və MDU-nun Bakı filialının rektoru professor Nərgiz Paşayeva qarşıladılar.

Dövlətimizin başçısı Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinlə salamlaşdı.

Prezident İlham ƏLİYEV filialın müəllim və tələbələrinə müraciətlə dedi:

- MDU-nun filialının rəsmi açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, ölkəmizin həyatında həqiqətən böyük hadisədir. Mən çox şadam ki, bu bina yaxşı təmir edilmişdir və indi bütün müasir tələblərə cavab verir. Əlbəttə, ən başlıcası odur ki, burada təhsil MDU standartları səviyyəsində olacaqdır. Bu, ən başlıcasıdır. Biz çox şadıq ki, MDU-nun professorları, müəllimləri buraya gəlir, məşğələlər aparırlar. Bu, hər cəhətdən çox yaxşı hadisədir: həm təhsil baxımından, həm də ölkələrimiz arasında iqtisadi münasibətlər baxımından. Mən çox şadam ki, Azərbaycanda daha bir ali məktəb yaranmışdır və ümid edirəm ki, o, aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.

Əlbəttə, biz istəyirdik ki, bu proses tezliklə başlansın. Ona görə də mövcud binadan istifadə etdik. Lakin bu binanın indiki və əvvəlki vəziyyəti tamamilə fərqlidir. Gələcəkdə isə yəqin ki, ayrıca korpusun tikilməsi barədə fikirləşmək lazımdır.

Mən çox şadam ki, bu gün bu mühüm hadisədə bizimlə bərabər Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Yevgenyeviç Narışkin, MDU-nun rektoru Viktor Antonoviç Sadovniçi, təhsil naziri, energetika naziri, digər qonaqlarımız da iştirak edirlər. Bu da həm Rusiyanın, həm də Azərbaycanın rəhbərliyi tərəfindən MDU-nun Bakıdakı filialının fəaliyyətə başlamasına göstərilən münasibətin və diqqətin yaxşı əlamətidir.

Mərasimdə çıxış edən Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey NARIŞKİN dedi:

- Xoş sözlərə görə çox sağ olun. Mən də öz tərəfimdən Sizə Rusiya Federasiyasının Prezidenti Dmitri Antonoviç Medvedevin səmimi salamlarını çatdırmaq istəyirəm. Bu gün biz İlham Heydər oğlu ilə birlikdə Moskva Dövlət Universitetinin filialının təntənəli açılışını keçiririk. Bu, həm Azərbaycan, həm də Rusiya Federasiyası üçün həqiqətən əlamətdar hadisədir. Deyə bilərəm ki, bu, MDB üçün də mühüm və əlamətdar hadisədir, xüsusən də ona görə ki, 2009-cu il MDB-də Gənclər İli elan edilmişdir. MDU-nun filialının açılışının da Gənclər İlinə müəyyən mənada dəxli var.

İlham Heydər oğlu, dəstəyinizə, daimi qayğınıza görə Sizə ən dərin təşəkkürümü bildirməliyəm. Mənim fikrimcə, bu dəstək, bu qayğı universitetin filialının yaradılmasında və açılmasında həlledici rol oynamışdır.

Çox yaxşı haldır ki, bu universitetdə filologiya tədris edilir. Rus dili də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin bir elementidir. Ümumiyyətlə, Azərbaycanda rus dilinə çox böyük diqqət yetirilir. Əlbəttə, burada ənənəvi olaraq güclü sayılan elmi fənlər - kimya və riyaziyyat tədris edilir. Bu sahələrdə Rusiya və Azərbaycan alimləri və müəllimləri həmişə elmin və təhsilin ən qabaqcıl sıralarında olmuşlar və indi də belədir. Deyə bilərəm ki, Moskva Dövlət Universitetinin Azərbaycanda, Bakıda filialının yaradılması iki ölkə arasında strateji tərəfdaşlıqda növbəti körpüdür. Bu, bizim yaxşı, işıqlı ümumi gələcəyimizə aparan körpüdür.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm. Tələbələrə yaxşı qiymətlər, müəllimlərə isə ağıllı, diqqətli və gözəl tələbələr arzulayıram.

Sonra M.V.Lomonosov adına MDU-nun rektoru Viktor SadovniÇi çıxış etdi. O dedi:

- İlham Heydər oğlu, mən bu gənclər adından, Moskva Universiteti adından Sizə təşəkkür etmək istərdim. Bilirsinizmi, möcüzə baş vermişdir. Siz ilk dəfə bu ideyanı irəli sürəndə mən güman etmirdim ki, bu qədər qısa müddətdə belə bir bina tapmaq və tədris prosesini bu cür təşkil etmək olar. Bu, gənclərin naminə, Sizin ölkənizin naminə, elmin gələcəyinin naminə möcüzədir.

Moskva Universiteti Sizin səylərinizi, təhsil naminə hünərinizi yüksək qiymətləndirir. Moskva Universitetinin ən yaxşı professorları məmnuniyyətlə buraya gəlir, gəlmək istəyirlər. Artıq buraya gəlmək və burada dərs demək istəyənlər növbəyə düzülmüşlər. Çox sağ olun, İlham Heydər oğlu! Bu, bizim münasibətlərimizin tarixində böyük hadisədir. Bu hadisə xalqlarımızın tarixinə Sizin adınızla daxil olacaqdır.

Sergey Yevgenyeviç, mən bizim rəhbərliyə "sağ ol" demək istəyirəm, ona görə ki, Moskva Universiteti Rusiyanın dövlət universitetidir və biz bu işi sizin dəstəyiniz, bizim rəhbərliyin dəstəyi sayəsində görə bilmişik. Mən sizin hamınızın adından bu nəcib işə görə, MDU-nun Bakıda filialının yaradılmasına görə İlham Heydər oğluna təşəkkür etmək istəyirəm.

MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva dedi:

- Hörmətli cənab Prezident!

Əziz dostlar!

Hörmətli Viktor Antonoviç!

Mən bizi bu cür dəstəklədiyinə görə Prezident başda olmaqla dövlətimizə təşəkkür edirəm. Filialın yaradılması ideyası nisbətən yaxın vaxtlarda meydana gəlmişdir. Lakin şəxsən bizim Prezidentin dəstəyi sayəsində bu ideya həyata keçmiş, gerçəkliyə çevrilmişdir. Buna görə Sizə təşəkkür edirik. Filialın rəhbərliyi adından, onun bütün kollektivi adından Prezident Dmitri Medvedev başda olmaqla Rusiya Federasiyasının rəhbərliyinə, bu böyük işdə iştirakı olmuş insanların hamısına təşəkkür etmək istərdim. Sizin qarşınızda baş əyirəm. Moskva Dövlət Universitetinin bütün professor-müəllim heyətinə dərin təşəkkürümü bildirirəm. Əziz həmkarlar, bizim filialın qəlbi sizin sayənizdə döyünməyə başlamışdır. Çox sağ olun.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Bu improvizə edilmiş mitinqin sonunda Rusiya təhsil nazirinin rolunu da qeyd etmək və bu filialın yaranma tarixini bir qədər yada salmaq istəyirəm. Vaxtilə Azərbaycanda bir sıra ölkələrin müxtəlif tədris müəssisələrinin çoxlu filialı yaradılmışdı. Açığını deyək ki, onlar müasir təhsilin tələblərinə cavab vermirdi. Həmin filialların bir qismi özləri fəaliyyətini dayandırmışdır. Biz bu məsələni müzakirə edəndə belə bir ideya yarandı ki, nə üçün aparıcı Rusiya universitetinin filialını yaratmayaq, gəlin diqqəti bu məsələ üzərində cəmləşdirək. Biz əməkdaşlıq etmək istəyirik. Biz istəyirik ki, tələbələrimiz keyfiyyətli təhsil alsınlar və Rusiyanın ən aparıcı ali məktəbi də MDU-dur. Bu ideya söhbət prosesində yaranmışdı. Mən çox şadam ki, siz bu təklifi çox operativ şəkildə Rusiya rəhbərliyinə çatdırdınız və operativ şəkildə qərar qəbul olundu. Sonra isə, açığını deyim ki, Rusiya Federasiyasının rəhbərliyi ilə mənim, demək olar, bütün görüşlərimdə bu mövzu müzakirə edilirdi. Bu məsələ ölkələrimiz arasında münasibətlərin və bütün başqa sahələrdə əməkdaşlıq üçün əsas olan humanitar sahədə əməkdaşlığın səviyyəsinin daha bir göstəricisi oldu. Ünsiyyət səviyyəsində, təmaslar səviyyəsində fəal irəliləyiş olmasa, bu, başqa sahələrdə əməkdaşlığı da müəyyən dərəcədə ləngidəcəkdir. Mən ədalət naminə bu cür tarixi arayış vermək istəyirdim.

İkinci tarixi arayış, yəqin ki, çoxlarına məlumdur. Demək istəyirəm ki, MDU ilə məni bağlayan təkcə Prezident ilə Azərbaycanda fəaliyyət göstərən ali məktəbin münasibətləri deyildir. Nisbətən yaxın vaxtlarda mən MDU-nun fəxri doktoru adına layiq görülmüşəm və Viktor Antonoviç mənə bu adın verilməsi haqqında diplomu Moskvada təntənəli şəraitdə təqdim etmişdir. Ona görə mən həm də bu səbəbdən çalışacağam ki, universitet həmişə bizim dövlətin dəstəyini hiss etsin və burada təhsil səviyyəsinin eynilə Moskvadakı kimi olması üçün nə lazımdırsa, edilsin.

Sizi bir daha təbrik edirəm. Tələbələrə, müəllimlərə böyük uğurlar və fəal iş arzulayıram.

 

* * *

Sonra Prezident İlham Əliyev və Rusiya nümayəndə heyətinin üzvləri filialın auditoriyaları ilə, linqafon kabineti, elektron kitabxanası, oxu və kompüter zalları ilə tanış oldular, tədris müəssisəsinin foyesində təşkil edilmiş fotosərgiyə baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin bir-birinə xatirə hədiyyələri bağışladılar.

Sergey Narışkin MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevaya "Roszarubejsentr"in "Dostluq işinə töhfəsinə görə" fəxri nişanının vəsiqəsini təqdim etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 fevral.-S.1.