İyunun 30-da Daxili
İşlər Nazirliyi Bakı Şəhər Baş Polis
İdarəsinin yeni inzibati binasının
açılışı olmuşdur.
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
açılışda iştirak etmişdir.
Daxili işlər naziri
general-polkovnik Ramil Usubov dövlətimizin
başçısına raport verdi.
Azərbaycan Prezidenti
İlham Əliyev açılışı bildirən lenti kəsdi
və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki,
2008-ci ilin yanvarında başlanmış inşaat işləri
bu ay başa çatdırılmışdır.
Altımərtəbəli
binanın sahəsi 8544 kvadratmetr, idarənin ümumi ərazisi
isə 1,3 hektardır.
Ən müasir
standartlara uyğun tikilmiş binanın inşaat işlərində
Almaniya və Türkiyədən gətirilmiş, eləcə
də yerli materiallardan istifadə olunmuşdur. Tikintidə
yerli işçi qüvvəsi
çalışmışdır.
Binada bütün zəruri
avadanlıq, inventar və kommunikasiyalarla təchiz olunmuş
150 xidməti otaq, növbətçi otağı,
"102" xidməti otağı, brifinq zalı, 200 nəfərlik
akt zalı, yeməkxana vardır, ayrıca qaraj və digər
yardımçı sahələr yaradılmışdır.
Binanın mərkəzləşdirilmiş
havalandırma sistemi, transformator yarımstansiyası, avtomobil
dayanacağı vardır.
Dövlətimizin
başçısı birinci mərtəbədə növbətçi
və "102" xidməti otaqlarına baxdı. Məlumat
verildi ki, qanun pozuntuları və vətəndaşlara
qarşı törədilən digər hüquqazidd əməllər
barədə "102" xidmətinə daxil olan məlumatlar
dərhal "on-line" rejimində yerli polis orqanlarına
ötürülür. "102" xidməti otağında,
eyni zamanda, "Təhlükəsiz şəhər"
sisteminin məntəqəsi də fəaliyyət göstərir.
"Təhlükəsiz şəhər" sistemi Prezident
İlham Əliyevin 2004-cü il iyunun 30-da təsdiq etdiyi
"Polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair" Dövlət Proqramı çərçivəsində
həyata keçirilən layihələrdən biridir. Sistem
müxtəlif yerlərdə quraşdırılmış
kameralar ilə paytaxtda hüquq qaydasına riayət
olunmasına nəzarətin müasir informasiya-kommunikasiya
texnologiyaları, o cümlədən videomüşahidə
yolu ilə həyata keçirilməsini, fasiləsiz şəkildə
canlı izlənilməsini, fövqəladə vəziyyətlərə
çevik reaksiya verilməsini təmin edir.
Birinci mərtəbənin
foyesində Azərbaycanın dövlət rəmzlərini əks
etdirən stendlər quraşdırılmışdır.
İkinci mərtəbənin
foyesində ulu öndər Heydər Əliyevin,
üçüncü mərtəbənin foyesində isə
Prezident, Ali Baş Komandan İlham Əliyevin polis
orqanlarına diqqət və qayğısını əks
etdirən fotoguşələr vardır. Dəhlizlərin divarlarında
qədim və müasir Bakının mənzərələrini
əks etdirən fotoşəkillər
asılmışdır.
Dövlətimizin
başçısı binanın müasir səs
avadanlığı ilə təchiz edilmiş akt zalına,
xidməti otaqlarına, 100 nəfərlik yeməkxanasına da
baxdı.
Görülən
işləri yüksək qiymətləndirən Prezident
İlham Əliyev tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 1.