Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeni binası istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir    

 

İyunun 30-da Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yeni binası istifadəyə verilmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.

Məlumat verildi ki, 2008-ci ilin yanvarında başlanmış inşaat işləri bu ay başa çatdırılmışdır. Ən müasir standartlara uyğun tikilmiş beşmərtəbəli binanın sahəsi 5 min kvadratmetr, kompleksin ümumi ərazisi isə 0,3 hektardır. Tikinti işlərində yerli və Avropadan gətirilmiş materiallardan istifadə edilmişdir.

Bildirildi ki, bina cəmiyyətə üzv olan idmançıların rahat məşq etmələri üçün bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Zirzəmidə kikboks, qılıncoynatma zalları, fiziki və xüsusi hazırlıq şöbələri, qazanxana və bəzi inzibati otaqlar yerləşir. Qəbul otağı, kafe, gözləmə zalı, soyunub-geyinmə otaqları və sahəsi 902,72 kvadratmetr olan böyük idman zalı birinci mərtəbədədir. İdman zalının uzunluğu 36, eni isə 24 metrdir. 120 tamaşaçı yeri olan zalda voleybol, həndbol və mini-futbol oyunları keçirmək mümkündür.

Birinci mərtəbədə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, idmançılarla keçirilən görüşləri əks etdirən fotoguşə yaradılmışdır. Burada, həmçinin nazirliyin İdman Cəmiyyəti üzvlərinin Olimpiya oyunlarında və müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətləri əks etdirən guşə də vardır. Cəmiyyətin üzvləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Yay Olimpiya oyunlarında 4 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmışlar.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 30 iyun tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin strukturuna idarə səlahiyyətli qurum kimi daxil edilmiş İdman Cəmiyyətində idmanın 22 növü üzrə bölmələr fəaliyyət göstərir. Bunlardan 15-i Olimpiya proqramına daxil olan növlərdir.

İdman Cəmiyyəti yarandığı gündən dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında ölkəmizin şərəfini ləyaqətlə qoruyan idmançılar yetişdirmişdir. İndiyədək cəmiyyətin 38 üzvü dünya çempionu adını qazanmışdır, 47-si dünya çempionatlarının mükafatçısı, 9-u dünya rekordçusu, 54-ü Avropa birinciliklərinin qalibi, 66-sı Avropa çempionatlarının mükafatçısı, 38-i Olimpiya oyunlarının iştirakçısıdır. Hazırda cəmiyyətin 55 minədək üzvü vardır.

Dövlətimizin başçısı xidməti otaqların yerləşdiyi ikinci mərtəbədə yaradılmış şəraitlə tanış oldu.

Üçüncü mərtəbədə taekvondo və boks zalları, əlbəyaxa döyüş mərkəzi, məşqçi otaqları, dördüncü mərtəbədə cüdo və güləş zalları vardır.

Prezident İlham Əliyev əlbəyaxa döyüş mərkəzi, taekvondo və boks zalları ilə yaxından maraqlandı.

Bina bütün zəruri mebel, inventar kommunikasiyalarla təchiz edilmişdir. Onun qazanxanası transformator yarımstansiyası vardır. Əraziyə bitişik 1000 kvadratmetr sahədə yerləşən köhnə yaşayış binaları sökülərək yeri abadlaşdırılmış, asfalt salınmışdır.

Sonra Prezident İlham Əliyev böyük idman zalında gənc idmançılar və Olimpiya oyunlarının mükafatçıları qarşısında çıxış etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 1.