Milli Məclisin növbədənkənar
sessiyası başa çatmışdır
İyunun 30-da Milli Məclisin
növbədənkənar sessiyasının sonuncu plenar
iclası keçirilmişdir. Gündəliyin müzakirəsinə
keçməzdən əvvəl deputatlar cari məsələlərə
dair fikirlərini bildirmişlər.
Bundan sonra deputatlar
"Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişklik
edilməsi barədə" və "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında" qanun
layihələrinin müzakirəsini davam etdirmişlər. Parlamentin
Sədri Oqtay Əsədov dedi ki, "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında" qanun
layihəsi ilə əlaqədar ona müraciətlər olub. Müraciətlərlə
bağlı qanun layihəsinə Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsində
baxılması tövsiyə olunmuşdur.
Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov isə layihə ilə bağlı dedi ki, ötən
iclasdan sonra qanun layihəsinin parlamentin gündəliyindən
çıxarılması ilə bağlı yayılan fikirlərin
məntiqi əsası yoxdur. Bütün parlamentlərdə
qanunların qəbulunun proseduru var: subyekt layihəni təqdim
edir, sonra təkliflər olur və komitə də buna
münasibət bildirir.
Nəticə etibarilə
ancaq parlamentin iradəsi ilə qanun ya qəbul olunur, yaxud qəbul
olunmur.
Bu layihə də komitədə
çox şəffaf müzakirə olunmuş, Milli Məclis
Sədrinə və komitəyə ünvanlanan müraciətlərin,
deputatlar tərəfindən verilən təkliflərin əksər
hissəsi nəzərə alınmışdır. Komitə
sədri layihəyə əsasən "Kütləvi
informasiya vasitələri haqqında", "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında", "Qrant haqqında", "Dövlət
rüsumu haqqında" qanunlara və İnzibati Xətalar Məcəlləsinə
təklif olunan əlavələr və dəyişikliklər
barədə də geniş məlumat verdi.
Müzakirələr
zamanı deputat Musa Quliyev "Dini etiqad azadlığı
haqqında" qanuna təklif olunan əlavələrin və
dəyişikliyin günün tələblərinə cavab
verdiyini, "Kütləvi informasiya vasitələri
haqqında" qanuna nəzərdə tutulan əlavə və
dəyişikliklərin mətbuatın məsuliyyətinin
artırılması baxımından zəruri olduğunu
bildirdi. Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanuna təklif olunan əlavələr
və dəyişikliklərlə bağlı müxalifətin
narahatlığının başa düşülmədiyini
deyən Musa Quliyev QHT-lərin dövlət tərəfindən
maliyyələşdirilməsinin vacib olduğunu
vurğuladı.
ABŞ-ın ölkəmizdəki
səfiri Ann Dersi Milli Məclisdə görməkdən məmnun
qaldığını deyən deputat Zahid Oruc Azərbaycandakı
diplomatik korpusun digər qanun layihələrinin müzakirəsində
iştirakını da arzuladı.
Deputat Fəzail
İbrahimli çıxışında bildirdi ki, qanun layihələrinə
edilən əlavələr və dəyişikliklər Azərbaycanın
dövlətçilik maraqlarına xidmət edir.
Deputat İlham Məmmədov
da müzakirə olunan məsələlərin dövlətimizin
milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət
kəsb etdiyini söylədi.
Deputat Əli Əhmədov
isə dedi ki, parlamentin iyunun 19-da keçirilən
iclasından sonra belə bir təəssürat yaranırdı
ki, QHT-lərlə əlaqədar təklif olunan düzəlişlərlə
bağlı ən böyük
narahatçılığı qeyri-hökumət sektorunda
çalışan Azərbaycan vətəndaşları ifadə
edirlər. Amma diqqətli müşahidəçilər
gördülər ki, narahatçılıq keçirən
daha çox Azərbaycan vətəndaşı olmayanlardır.
QHT-lərlə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin
əleyhinə çıxmaq Azərbaycanın dövlətçilik
və milli maraqlarının əleyhinə çıxmaq cəhdlərindən
başqa bir şey deyil.
Əli Əhmədov
"Dini etiqad azadlığı haqqında" qanuna təklif
olunan əlavələri və dəyişikliyi də təqdir
etdi.
Milli Məclis Sədrinin
müavini Valeh Ələsgərov "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" qanuna edilən
dəyişiklərlə bağlı komitə sədri Əli
Hüseynovun təqdimatında qeyri-adi heç nəyin
olmadığını bildirdi. Dedi ki, vaxtilə bəzi QHT-ləri
Bakı-Tbilisi-Ceyhan kimi iri enerji layihələrinin də əleyhinə
çıxırdı. Bütün QHT-ləri paklıq
nümunəsi kimi təqdim etmək düzgün deyil. O, həmçinin
qeyd etdi ki, bu layihəni müzakirə edərkən nəzərə
almalıyıq ki, bizim üçün ən ümdə məsələ
milli maraqlarımızdır. QHT-lərlə bağlı
qanunvericiliyə təklif olunan əlavələrdə və
dəyişikliklərdə vətəndaş cəmiyyətinin
inkişafına mane ola biləcək heç nə yoxdur.
Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərov isə bildirdi ki, əgər
yenə də QHT-lərlə bağlı məsələ
iyunun 19-da təqdim olunmuş variant şəklində
müzakirə olunsaydı onun lehinə səs verəcəkdi.
Çünki bu layihə QHT-lərə qarşı deyil.
Söhbət yalnız Azərbaycanın milli maraqlarından
gedir. Ziyafət Əsgərovun sözlərinə görə,
müxalifətin məsələyə yanaşmasından belə
çıxır ki, demokratiya olsun, amma qanun olmasın. Demokratiyanın
yolu isə qanunçuluqdan keçir.
Ziyafət Əsgərov
onu da bildirdi ki, "Dini etiqad azadlığı
haqqında" qanuna təklif olunan əlavələr və dəyişiklik
dinin tiryəkə çevrilməsinin qarşısını
almaq üçündür.
Müzakirələrin
sonunda hər iki qanun layihəsi səsə qoyularaq qəbul
edildi.
Fasilədən sonra
Milli Məclisin parlamentlərarası əlaqələr
üzrə işçi qruplarının tərkibində dəyişikliklər
edilməsi barədə qərar layihəsi təsdiq edildi.
Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov Gəncə və Şirvan apellyasiya məhkəmələrinin
hakimlərinin vəzifədən azad edilməsi haqqında qərar
layihəsi barədə məlumat verdi. Deputatlar qərar layihəsinə
müsbət münasibət bildirdilər.
Əli Hüseynov Azərbaycan
Respublikasının Mənzil Məcəlləsinin layihəsini
(üçüncü oxunuş) də müzakirəyə təqdim
etdi. Dedi ki, ikinci oxunuşdan sonra işçi qrup tərəfindən
layihə üzərində iş aparılmışdır. Deputatların
irəli sürdükləri təkliflərin bir qismi nəzərə
alınmışdır. Layihə səsə qoyularaq
üçüncü oxunuşda təsdiq edildi.
Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsinin
layihəsi (üçüncü oxunuş) barədə
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Rafael Cəbrayılov məlumat verdi. Bildirdi ki, bu
Məcəllənin qəbulu dövlət - vətəndaş
münasibətlərinin hüquqi dövlət prinsiplərinə
uyğun şəkildə qurulması baxımından
mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanda
hüquqi dövlət quruculuğuna, insan hüquq və
azadlıqlarının müdafiəsinə töhfə verəcəkdir.
Konstitusiyaya edilmiş son dəyişikliklər
baxımından Məcəllənin qəbul edilməsi
xüsusilə aktualdır. Deputatlar məsələyə
müsbət münasibət bildirdilər.
Sonra "Bədən tərbiyəsi
və idman haqqında" Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş) müzakirəyə
çıxarıldı. Layihə barədə məlumat verən
Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki,
bu qanunun qəbulu zəruridir. Layihə Sosial siyasət komitəsində,
Milli Məclis Aparatının müvafiq qanunvericilik
şöbəsində və idman ictimaiyyətində
müzakirə olunmuş, təklif və mülahizələr
nəzərə alınmışdır.
Deputatlar Siyavuş
Novruzov və Gülər Əhmədova "Bədən tərbiyəsi
və idman haqqında" qanun layihəsinin vacibliyindən
danışdılar. Qeyd olundu ki, sənədin qəbulu Azərbaycanda
idmanın inkişafına təkan verəcəkdir.
İclasda iştirak edən
Azərbaycan Respublikasının gənclər və idman
naziri Azad Rəhimov dedi ki, ölkəmiz dünyada
bütün sahələr üzrə inkişaf edən
dövlət kimi tanınır. Ölkəmizdə idmana olan
böyük maraq və beynəlxalq idman aləmində baş
verən yeniliklər bu sahə ilə bağlı
qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Çünki
ölkəmizin dünyada daha geniş miqyasda tanınmasına
və Azərbaycan haqqında müsbət imicin
formalaşmasında idman böyük rol oynayır. Azərbaycan
idmançılarının nailiyyətlərinin artması
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin
nəticəsidir. Müzakirələrin sonunda qanun layihəsi
qəbul edildi.
Milli Məclis Sədrinin
müavini Valeh Ələsgərov "Yaponiya Beynəlxalq Əməkdaşlıq
Agentliyi və Azərbaycan Respublikası hökuməti
arasında "Kiçik şəhərlərdə su təchizatı
və kanalizasiya layihəsi"nə dair Kredit Sazişinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası qanununun
layihəsini parlamentin müzakirəsinə
çıxardı. Bildirdi ki, Kredit Sazişi və qanun layihəsi
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində
müzakirə olunub. Sazişin birinci əlavəsində
göstərilir ki, ayrılacaq vəsaitlə Şirvan, Salyan,
Neftçala, Xaçmaz, Bərdə, Yevlax, Xızı, Qusar,
Qobustan və Naftalanda su təchizatı və kanalizasiya sistemləri
təkmilləşdiriləcək. Deputatlar qanun layihəsinə
müsbət münasibət bildirdilər.
Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov "Diplomatik xidmətdə fərqlənməyə
görə" medalının təsis edilməsi
haqqında" və "Azərbaycan Respublikası diplomatik
xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan
Respublikasının yubiley medalının təsis edilməsi
haqqında" qanun layihələri barədə məlumat
verdi. Bildirdi ki, qanun layihələrinə əsasən ölkəmizin
orden və medallarının sıyahısına daha iki yeni
medalın əlavə edilməsi təklif olunur. Diplomatik xidmət
dövlət qulluğunun xüsusi formasıdır. Bu xidmət
həm keçmişdə, həm də müasir dövrdə
fədakar xidmətlərdən olub. Hər iki qanun layihəsi
səsə qoyularaq qəbul edildi.
Deputatlar Azərbaycan
Respublikasının İsmayıllı, Hacıqabul, Salyan,
Sabirabad rayonlarının və Şirvan şəhərinin
inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında qanun layihələrinə də müsbət
münasibət bildirdilər.
Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə "Ərazi
quruluşu və inzibati ərazi bölgüsü
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" qanun
layihəsi barədə bildirdi ki, hazırda ərazi vahidlərində
və inzibati ərazi dairələrinin yaradılması, ləğv
edilməsi, onların statusunun müəyyənləşdirilməsi
üçün xəritələrin hazırlanması tələb
olunur. Xəritələr hazırlanarkən onların döngə
nöqtələri və koordinatları müəyyən
edilməli, bu rəqəmlər, koordinatlar xəritələrdə
dəqiq verilməlidir. Lakin bir çox hallarda, ələlxüsus
ərazi kiçik olduqda döngə nöqtələrinin
koordinatlarını xəritədə yerləşdirmək
mümkün olmur. Qanun layihəsində ərazilərin xəritələrinin
mövcud qaydada hazırlanması, döngə nöqtələrinin
əks etdirilməsi nəzərdə tutulur.
Müzakirələr
zamanı deputat Nizami Xudiyev qanun layihəsi ilə bağlı
bir neçə təkliflə çıxış etdi. Qanun
layihəsi səsə qoyularaq qəbul edildi.
Deputatlar "Azərbaycan
Respublikasının ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrinin aparılması və
onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər və əlavələr
edilməsi haqqında" qanun layihəsinə müsbət
münasibət bildirdilər.
"Sahibkarlıq fəaliyyəti
haqqında" Azərbaycan Respublikası Qanununa əlavə
edilməsi barədə" qanun layihəsi ilə
bağlı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
məlumat verdi. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Daha sonra "Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi barədə qanun layihəsinə,
"Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və
məlumatların təqdim edilməsi qaydalarının
pozulmasına görə məsuliyyətin gücləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
qanun layihəsinə və "Miqrasiya proseslərinin idarə
olunmasında "bir pəncərə" prinsipinin tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına əlavələr və dəyişikliklər
edilməsi və "Azərbaycan Respublikasında daimi
yaşayan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyat vəsiqəsinin formasının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun qüvvədən düşmüş hesab edilməsi
haqqında" qanun layihəsi müzakirə olundu. Deputatlar hər
üç qanun layihəsinə müsbət münasibət
bildirdilər.
Bununla da Milli Məclisin
növbədənkənar sessiyası öz işini başa
çatdırdı. İclasa sədrlik edən Oqtay Əsədov
növbədənkənar sessiyanın səmərəli
keçdiyini, deputatların qanun layihələrinin müzakirəsində
fəal iştirak etdiklərini, zəruri qanunların və
qanun layihələrinin qəbul olunduğunu bildirdi.
Sonda Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi.
Azərbaycan.- 2009.- 1 iyul.- S. 3.