İyunun 30-da Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə
səfərdə olan Özbəkistan Gəncləri
"Kamolot" İctimai Şurasının sədri Akrom
Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat
xidmətindən bildirmişlər ki, Akrom Alimov Azərbaycan
ilə Özbəkistan hökumətləri arasında gənclər
və idman sahələri üzrə birgə layihələrin
icrası barədə ətraflı məlumat vermişdir. O
demişdir ki, Bakıya səfəri çərçivəsində
azərbaycanlı həmkarları ilə gənclər siyasəti
sahəsində əməkdaşlıq məsələlərini
müzakirə etmək, həmçinin 2009-2010-cu illər
üçün yeni əməkdaşlıq planını
imzalamaq da nəzərdə tutulmuşdur. Sonra qonaq Özbəkistan
və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə,
idman turnirlərində və beynəlxalq yarışlarda
iştirakı barədə danışmışdır.
Azərbaycan və
Özbəkistan hökumətləri arasında əlaqələrin
yüksək səviyyədə davam etdiyini nəzərə
çatdıran Baş nazir Artur Rasizadə bütün beynəlxalq
tədbirlərdə Özbəkistanın həmişə
ölkəmizin yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi
zamanı daim Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini məmnunluqla
qeyd etmişdir. Xalqlarımızın tarixi
yaxınlığını, dil, din, mədəni dəyərlər
ortaqlığını bir daha xatırladan Baş nazir qeyd
etmişdir ki, böyüməkdə olan gənc nəslin
nümayəndələri arasında da bu xoş münasibətlər
ənənəsini yaşatmaq, əlaqələrimizin daha da
sıxlaşmasına çalışmaq zəruridir. Bu
baxımdan gənclər və idman siyasəti sahəsində
fəaliyyət göstərən qurumların əməkdaşlığını
təcrübə mübadiləsi üçün faydalı
hesab edən Baş nazir ölkəmizdə keçirilən
beynəlxalq tədbirlərdə, mötəbər idman
yarışlarında özbəkistanlı gənclərin
daha fəal iştirakını arzulamışdır.
Sonda Baş nazir Artur
Rasizadə əlaqələrin daha səmərəli şəkildə
davam etdirilməsi üçün gənclər və idman
qurumlarının rəhbərlərinə tövsiyələrini
vermiş və onlara gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.
Görüşdə Azərbaycanın
gənclər və idman naziri Azad Rəhimov iştirak
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 3.