Belarusun milli bayramı
şərəfinə
Belarusun Azərbaycandakı
səfirliyi ölkəsinin milli bayramı - Respublika
günü münasibətilə iyunun 30-da Bakı Əyləncə
Mərkəzində rəsmi qəbul təşkil etmişdir.
Azərbaycanın və Belarusun dövlət himnləri səslənmişdir.
Belarusun Azərbaycandakı
səfiri Nikolay Pastkeviç qəbulda çıxış
edərək 2009-cu ilin ölkəsi üçün əhəmiyyətli
hadisələrlə yadda qaldığını söyləmişdir.
O demişdir ki, bu il iyulun 3-də Belarusun faşist
işğalından azad edilməsinin 65-ci ildönümü
böyük təntənə ilə qeyd olunacaqdır. Belarusun
Azərbaycanla əməkdaşlığının xüsusi
roluna toxunan səfir xalqlarımız arasında möhkəm
dostluq ənənələrinin olduğunu demişdir. Səfir
bildirmişdir ki, Belarusun faşist işğalından azad
edilməsində azərbaycanlıların da böyük rolu
olmuşdur. Azərbaycanlıların Böyük Vətən
müharibəsi illərində mərdliyi, şücaəti
Belarus xalqının yaddaşında əbədi
yaşayacaqdır.
Nikolay Pastkeviç hər
iki ölkənin dövlət başçılarının
səfərlərinin, aralarındakı mehriban münasibətlərin,
habelə parlamentlərarası əlaqələrin ikitərəfli
əlaqələrin daha da genişlənməsinə təkan
verdiyini söyləmişdir.
Azərbaycanın rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov Prezident
İlham Əliyevin adından milli bayram münasibətilə
Belarus xalqını təbrik etmişdir. Ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyəsini
xatırladan Ə.Abbasov xalqlarımızın sıx dostluq
münasibətlərini diqqətə
çatdırmışdır. Bildirmişdir ki, ölkələrimiz
müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr
daha da möhkəmlənmişdir. Nazir Azərbaycan ilə
Belarus arasında son illər 59 sənədin
imzalandığını diqqətə çatdıraraq
humanitar sahədə ölkələrimiz arasında sıx əməkdaşlıq
əlaqələrinin qurulduğunu qeyd etmişdir.
Daha sonra Nikolay
Pastkeviç Belarusun faşist işğalından azad
olunmasında iştirak edən bir qrup veterana fəxri medallar təqdim
etmişdir.
Qəbulda Prezident
Administrasiyasının xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov, Milli Məclisin deputatları,
dövlət və hökumət rəsmiləri, xarici ölkələrin
Azərbaycanda akkreditə olunmuş səfirləri, digər rəsmi
şəxslər iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 3.