ABŞ Konqresinə müraciət qəbul olunmuşdur
İyunun 30-da Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr və İqtisadi siyasət komitələrinin
birgə iclasında 2010-cu il üçün
separatçı Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ
dolları məbləğində maliyyə
yardımının ayrılması ilə bağlı iyunun
17-də ABŞ Konqresi Nümayəndələr
Palatasının Təxsisatlar Komitəsinin Dövlət,
Xarici əməliyyatlar və aidiyyəti Proqramlar üzrə
alt komitəsi tərəfindən qəbul olunmuş büdcə
layihəsinə münasibət bildirildi.
Beynəlxalq münasibətlər
və parlamentlərarsı əlaqələr komitəsinin sədri
Səməd Seyidov qeyd etdi ki, həmin qərar Milli Məclisin
deputatları tərəfindən etirazla qarşılanıb. Çünki
ABŞ Azərbaycanın strateji tərəfdaşıdır,
ölkəmizin ərazi bütövlüyünü
tanıyan dövlətdir və Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində
çalışan ATƏT-in Minsk qrupunun həmsədridir. ABŞ-ın
Dövlət büdcəsi səviyyəsində
separatçı Dağlıq Qarabağa belə bir yardımın
ayrılması normal məntiqə sığmır, separatizmə
dəstək verən bu qərar ədalətli addım deyil,
Birləşmiş Ştatların xarici siyasətində
ardıcıllığa xələl gətirir.
İclasda sənəd ətraflı
müzakirə olundu. İqtisadi siyasət komitəsinin sədri
Ziyad Səmədzadə, deputatlardan Vahid Əhmədov,
Gültəkin Hacıbəyli, Çingiz Əsədullayev, Qənirə
Paşayeva, Asim Mollazadə, Nazim Məmmədov, Nəsib Nəsibli
müzakirə olunan sənədə qarşı sərt
mövqe nümayiş etdirdilər, ABŞ Konqresində alt
komitənin qəbul etdiyi qərar qətiyyətlə pisləndi.
Müzakirələrdə
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev
qeyd etdi ki, əvvəla, Azərbaycanın tərkib hissəsi
olan Dağlıq Qarabağa yardım olunursa, bu, Azərbaycanın
adına yazılmalıdır, ayrıca xətlə deyil,
ölkəmiz vasitəsilə olunmalıdır. İkincisi,
humanitar yardım etnik xarakter daşımamalıdır, həmin
bölgədə yaşayan erməni əhalisindən qat-qat
çox əziyyət çəkmiş Qarabağ azərbaycanlıları
var ki, belə bir yardımdan onları məhrum etmək
düzgün deyil.
İki komitənin birgə
iclasında aparılan müzakirələrin yekununda ABŞ
Konqresinin Nümayəndələr Palatasına və Senata,
ABŞ-Azərbaycan parlamentlərarası əlaqələr
üzrə işçi qrupa, bütün senatorlara müraciət
qəbul olundu.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2009.- 1 iyul.- S. 3.