Azərbaycan polisi dövlətçiliyin
sadiq keşikçisidir
İctimai-siyasi sabitlik
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu yolu seçmiş hər bir dövlətin
mövcudluğunun mühüm şərtlərindən
biridir. Müstəqil Azərbaycanın son illərdə
bütün sahələrdə sürətlə inkişaf edən,
beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən
birinə çevrilməsi də əsası dünya
şöhrətli siyasətçi, ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik
amilinə söykənir. Məhz bu sabitlik nəticəsində
mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən
Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən,
beynəlxalq hüquq normalarına və prinsip-lərinə
hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.
Respublikamızda ictimai
asayişin, qanunçuluğun və hüquq
qaydalarının etibarlı təminatı, vətəndaşların
konstitusion mənafelərinin yüksək səviyyədə
qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən
müddətdə qazandığı ən mühüm
nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir
ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində
inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa
qarşı mübarizənin səmərəli təşkilində,
dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən
müdafiəsində, vətəndaşların təhlükəsiz
yaşamaq kimi fundamental hüququnun təminatında Daxili
İşlər Nazirliyinin və onun ayrı-ayrı
strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın
bütün forma və təzahürlərinə qarşı
amansız mövqe tutan daxili işlər orqanları qanunla
üzərinə düşən vəzifələri yerinə
yetirməklə, iqtisadi inkişafın mühüm şərti
olan sabitliyin təminatı üçün bütün zəruri
tədbirləri həyata keçirməklə xalqın və
dövlətin sadiq keşikçisinə çevrilmiş,
ictimai etimad qazanmışlar.
Ötən əsrin
80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın
daxili işlər orqanları milli müstəqilliyin
qazanılması və qorunması, torpaqlarımızın
düşmən hücumundan müdafiəsi sahəsində əzmkarlıq
nümayiş etdirmişlər. Ermənistanın hərbi təcavüzünə
milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil
etmişlər. Azərbaycanın ərazi
bütövlüyü uğrunda şiddətli
döyüşlərdə daxili işlər
orqanlarının şəxsi heyətinin 1695 şəhid verməsi,
1710 əməkdaşın isə yaralanması buna əyani
sübutdur. Ümumilikdə respublikamızın suverenliyi və
ərazi bütövlüyü uğrunda döyüşlərdə
göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin
təminatında, cinayətkarlıqla mübarizədə,
ictimai qaydanın və ictimai təhlükəsizliyin
qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti
vəzifələrini yerinə yetirərkən cəsarət
göstərdiklərinə görə daxili işlər
orqanlarının 66 əməkdaşına Azərbaycan
Respublikasının Milli Qəhrəmanı fəxri adı
verilmiş, 86 əməkdaş "Azərbaycan
Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif
orden və medallarla təltif edilmişdir.
Dövlət müstəqilliyinin
ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda
hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin
olmaması dövlət idarəçiliyi mexanizmlərinin
formalaşmasında ciddi maneəyə çevrilməklə
daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və
anarxiyanın yaranmasına rəvac vermiş,
qanunçuluğun və hüquq qaydalarının təminatı,
vətəndaşların azad, təhlükəsiz yaşamaq
hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı
problemlər yaratmışdı. Həmin illərdə
hakimiyyətdə olan qüvvələrin naşı və
yarıtmaz fəaliyyəti nəticəsində
hüquq-mühafizə orqanlarının üzərinə
düşən qanuni vəzifələri həyata keçirə
bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində
hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar
ünsürlərin mütəşəkkil fəaliyyətinə,
silahlı qruplaşmaların cövlan etməsinə münbit
şərait formalaşdırmış, daxildə qeyri-sabit və
təhlükəli vəziyyətə səbəb olmuşdu.
DİN rəhbərliyinə
diletant mülki şəxslərin, "meydan qəhrəmanları"nın
gətirilməsi nəticəsində əməliyyat tədbirlərinin
səviyyəsi aşağı düşmüş, cinayətkarlığın
miqdarı artmışdı. Daha acınacaqlısı bu idi
ki, vətəndaşların qanuni hüquq və
azadlıqlarının, ictimai asayişin, kriminogen durumun
sabitliyinin keşiyində dayanmalı olan daxili işlər
orqanlarının əməkdaşları bir çox hallarda
qeyri-qanuni əməllərə yol verməklə cəmiyyətdə
potensial təhlükə mənbəyinə
çevrilmişdilər. DİN siyasi proseslərə fəal
müdaxilə yolu ilə dövlətçiliyin
sütunlarını sarsıdan hərəkətlərə
yol verir, cinayətkarlığın ört-basdır edilməsində
fəal iştirak edir, qanunsuz silahlı qüvvələrin,
reket qrupların fəaliyyətinə göz yumurdu. Daxili
işlər orqanlarındakı müəyyən korrupsioner
qüvvələr hakimiyyət uğrunda mübarizənin
subyekti rolunda çıxış edir, respublikanın
demokratik inkişafına süni maneələr yaratmağa
çalışırdılar. 1993-cü ilin iyununda Azərbaycanda
ciddi hakimiyyət böhranının yaranmasının
başlıca səbəblərindən biri də məhz
hüquq-mühafizə orqanlarının iflic vəziyyətinə
düşməsi, səlahiyyətlərini icra edə bilməməsi,
ictimai etimadı itirməsi ilə bağlı idi. Qanunla nəzərdə
tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı
silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş,
əhalidə vahimə və qorxu hissi yaratmışdılar.
Vəziyyəti daha təhlükəli həddə
çatdıran məqam - respublika rəhbərliyinə təsadüfi,
siyasi iradəsi, qətiyyəti olmayan şəxslərin gəlməsi
və bunun məntiqi nəticəsi kimi xalqın dövlət
orqanlarına inamını itirməsi idi.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında respublikamızda möhkəm
əsaslarla formalaşmış ictimai-siyasi sabitliyin xalqın
bugünkü və gələcək taleyi baxımından
necə böyük əhəmiyyət kəsb etdiyi ən
azı bu tarixi reallıqlara nəzərən əyani təsdiqini
tapır. 1993-cü il sentyabrın 20-də Ali Sovetin Sədri vəzifəsində
çalışan Heydər Əliyev Daxili İşlər
Nazirliyində keçirilmiş geniş müşavirədə
bu orqanda əvvəllər hökm sürən dözülməz
vəziyyətin səbəblərini olduqca dəqiq izah
etmişdi: "Yadınıza salın, bu binanın
divarları içərisində nə kimi çirkin əhvali-ruhiyyə,
neqativ hallar meydana çıxdı. Buraya gəlmiş, polis
işini bilməyən, peşə hazırlığı
olmayan və mənəviyyatca pozğun mövqelərdə
duran adamlar burada cürbəcür təşkilatlar yaradıb
- "Boz qurd" təşkilatı, "Boz qurd" fəxri
adı. Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə,
dövlətə xidmət etmək, ictimai asayişi qorumaq əvəzinə
bəzən cinayətkar yuvasına dönmüş, burada
cürbəcür siyasi proseslər və sizə deyə bilərəm
ki, çox primitiv səviyyədə, mədəniyyətdən
kənar səviyyədə siyasi proseslər meydana
çıxmışdı".
Ümummilli liderin
hakimiyyətə qayıdışından sonrakı ilk illərdə
ictimai-siyasi sabitlik müəyyən mənada kövrək səciyyə
daşıdığından, hüquq-mühafizə
orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini
təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə
çəkməklə onu xalqın və dövlətin
layiqli müdafiəçisinə çevirmək
qarşıda duran başlıca vəzifələrdən idi.
Dövlətin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində,
ictimai-siyasi sabitliyin bərqərar olmasında müstəsna
rola malik daxili işlər orqanlarının fəaliyyətinin
hələ də qənaətbəxş səviyyədə
qurulmaması, dövrün tələblərinə cavab verməməsi
Heydər Əliyevi ilk gündən ciddi şəkildə
qayğılandırırdı. 1994-cü il aprelin 29-da bununla
əlaqədar Daxili İşlər Nazirliyində geniş
müşavirə keçirən ulu öndər Heydər Əliyev
polis orqanlarının fəaliyyətində əvvəllər
yol verilmiş qanunsuzluqların, nöqsan və
çatışmazlıqların aradan qaldırılması
üçün şəxsi heyətdən yeni nazir təyin
olunan Ramil Usubovun rəhbərliyi altında fədakarlıqla
işləməyi, xalqa və dövlətə layiqincə
xidmət göstərməyi, cinayətkarlığa
qarşı daha barışmaz mövqe tutmağı tələb
etmişdir.
Bu təyinatdan sonra ilk
növbədə şəxsi heyətin sıraları
böyük ambisiyalarla yaşayan, dövlət vəzifəsinə
yalnız qazanc və hökmranlıq mənbəyi kimi baxan
şəxslərdən təmizlənmiş, əsl peşəkarlar
xidmətə qaytarılmış, cinayətkarlığa
qarşı ixtisaslı mübarizənin aparılması
üçün zəruri kadr potensialı, işgüzar
ab-hava yaradılmışdır. Ümummilli liderin ölkədə
hüquq qaydalarının möhkəmləndirilməsi
istiqamətində ilk addımlardan biri məhz 9 avqust
1994-cü il tarixli "Cinayətkarlığa qarşı
mübarizənin gücləndirilməsi, qanunçuluğun
və hüquq qaydasının möhkəmləndirilməsi
haqqında" fərman olmuşdur. Həmin fərmanla cinayətkarlığa
qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş,
hüquq-mühafizə orqanlarının bu istiqamətdə
uzunmüddətli dövr üçün fəaliyyət
proqramı müəyyənləşdirilmişdir. O dövr
üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda
geniş əksini tapmış, onların aradan
qaldırılması üçün daxili işlər, milli
təhlükəsizlik və prokurorluq orqanlarının
qarşısına mühüm vəzifələr
qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi
məqsədilə yeni strukturların yaradılması
vacibliyi önə çəkilmişdir.
Fərmanın preambula
hissəsində göstərilirdi ki, "...bir çox
hallarda cinayətlərin üstünün
açılması üçün zəruri hərəkətləri
hüquq-mühafizə orqanlarının lazımi
çevikliklə, qanunla müəyyən edilmiş formalarda
və vaxtında yerinə yetirməməsi, qanunun nəzərdə
tutduğu məcburiyyət tədbirlərinin tətbiqində
səhvlərə yol verməsi, öz səlahiyyətlərindən
təsirli istifadə etməməsi əhalinin haqlı
narazılığına və cəmiyyətdə gərginliyin
artmasına səbəb olmuşdur".
"Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında" fərman ölkədə
mütəşəkkil cinayətkarlıqla mübarizənin
başlanğıcını qoymuş, yüzlərlə
mütəşəkkil cinayətkar qrup və dəstə ləğv
edilmiş, əllərdə qanunsuz saxlanılan on minlərlə
odlu silah yığılmışdır. 1994-cü ilin
oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə cəhdlərin qarşısının
qanun çərçivəsində alınmasında daxili
işlər orqanları da qətiyyətli mövqe tutmuş,
üzərlərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlmiş, dövlətçilik
sınağından üzüağ çıxmışlar.
1995-ci ildə ilk milli Konstitusiyanın qəbulundan sonra Azərbaycan
polisi fəaliyyətini tamamilə yeni norma və prinsiplər
üzərində quraraq dövlətçiliyin, ictimai
asayişin və qanunçuluğun qorunması sahəsində
böyük fədakarlıqlar göstərmişdir.
Daxili işlər
orqanlarının cinayətkarlığa qarşı
mübarizə sahəsindəki uğurlu fəaliyyəti bir
sıra statistik rəqəmlər fonunda bir daha təsdiqini
tapır. 1994-cü ildən başlayaraq cinayətkarlığa
qarşı mübarizənin göstəriciləri yüksələn
xətlə inkişaf etmişdir. Son 15 ildə əhalinin
sayının 1 milyon nəfərdən çox artmasına
baxmayaraq, 1992-ci illə müqayisədə cinayətlərin
sayı bütövlükdə 17 faiz, o cümlədən qəsdən
adamöldürmə halları 3 dəfə, quldurluq və
soyğunçuluq, oğurluq halları 4 dəfə
azalmışdır. Azərbaycan Respublikası Prezidentinin 9
avqust 1994-cü il tarixli "Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında" fərmanının icrası
ilə bağlı görülən işlər bir an belə
səngiməmiş, həmin vaxtdan həyata keçirilən
əməliyyat-axtarış tədbirləri ilə tərkibində
50 min nəfəri birləşdirən 21 min 700 cinayətkar
qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə
qanunsuz saxlanılan 37 minə yaxın odlu silah
yığılmış, nəticədə onun tətbiqi ilə
törədilən cinayətlərin sayı 1992-ci illə
müqayisədə 8 dəfə azalmışdır.
Azərbaycan uzun illərdir
ki, əmin-amanlığın yüksək səviyyədə
qorunduğu ən təhlükəsiz ölkələrdən
olmaqla asayişin təmininə, cinayətkarlıqla
mübarizənin nəticələrinə görə MDB,
habelə Şərqi Avropa məkanında ön
sıralardadır. 1992-ci ildə cinayətkarlığın əhalinin
hər 100 min nəfərinə olan səviyyəsi 307 təşkil
etdiyi halda, 2007-ci ildə bu göstərici 216-ya enmişdir. Müqayisə
üçün bildirək ki, bu rəqəm
Gürcüstanda 300-dən, Rusiyada isə 1000-dən artıqdır.
Ötən illərdə
daxili işlər orqanları tərəfindən cinayətlərin
açılması istiqamətində aparılan məqsədyönlü,
intensiv və uğurlu əməliyyat-axtarış tədbirləri
sayəsində müsbət göstəricilərə nail
olunmuşdur. 1992-ci ildə cinayətlərin yalnız 61 faizi
açılırdısa, sonrakı illərdə bu göstərici
artaraq 92 faizə çatmışdır. Həmin ildə
bağlı qalmış cinayətlərin sayı 8752 təşkil
edirdisə, son illərdə bu rəqəm 1400-dək
enmiş, bağlı qalmış 3750 cinayətin üstü
açılmışdır. Həmçinin son 15 ildə 35
minə yaxın ağır və xüsusilə ağır
cinayətin açılması təmin edilmiş, onların
açılması 82 faiz, o cümlədən qəsdən
adamöldürmələrin açılması 88 faiz
olmuşdur. Axtarışda olan 73 minə yaxın təqsirləndirilən
şəxs tutularaq məsuliyyətə cəlb edilmişdir.
1994-cü ildən
bugünədək narkotik vasitələrin qanunsuz
satışı ilə əlaqədar 9 mindən çox
cinayət faktı aşkar olunmuş, qanunsuz dövriyyədən
4 tondan artıq narkotik vasitə
çıxarılmışdır. Respublikada insan alverinin
profilaktikasının, bu növ cinayətlərlə
mübarizənin hüquqi və təşkilati əsaslarının,
habelə insan alveri qurbanlarının müdafiəsi və
onlara yardım göstərilməsi məsələlərinin
tənzimlənməsi tədbirləri də uğurla davam
etdirilmişdir. İnsan alveri ilə bağlı cinayətlərin
dinamikasının təhlili göstərir ki, həmin cinayətlərlə
mübarizə ilbəil yaxşılaşmışdır. 2003-2007-ci
illərdə göstərilən faktlarla bağlı 710 cinayət
işi başlanmış, bu cinayətləri törədən
847 nəfər, cinayətlərin qurbanı olmuş 273 şəxs
müəyyən edilmişdir. 2004-2008-ci illərdə insan
alveri ilə məşğul olan 100-dən artıq cinayətkar
qrup zərərsizləşdirilmişdir.
DİN-in cinayətkarlığa
qarşı səmərəli mübarizə aparmasını
təmin edən başlıca məqamlardan biri də daxili
işlər orqanlarının fəaliyyətini tənzimləyən
milli qanunvericilik aktlarının beynəlxalq tələblərə
maksimum dərəcədə uyğunlaşdırılmasıdır.
"Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri
haqqında" fərman, eyni zamanda, müvafiq beynəlxalq
qurumların, Avropa ekspertlərinin rəyləri nəzərə
alınmaqla qəbul edilmiş yeni Cinayət-Prosessual Məcəlləsi,
"Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti
haqqında", "Daxili Qoşunların statusu
haqqında", "Xidməti və mülki silah
haqqında", "Yol hərəkəti haqqında",
"Terrorçuluğa qarşı mübarizə
haqqında", "Ölkədən getmək, ölkəyə
gəlmək və pasportlar haqqında", "Cinayət
törətmiş şəxslərin verilməsi (ekstradisiya)
haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə
haqqında" qanunlar, "Daxili işlər orqanlarında
xidmət keçmə haqqında" Əsasnamə bu sahədə
mükəmməl qanunvericilik bazası yaratmış,
onların uğurla icrası isə Azərbaycanda qeyd edilən
nailiyyətlərin əldə olunması üçün
hüquqi zəmin rolunu oynamışdır.
Dövlətçiliyin
möhkəmlənməsində, müstəqilliyin əbədiliyinin
təmin edilməsində, ictimai asayişin qorunmasında
müstəsna rolu olan daxili işlər orqanlarının
şəxsi heyətinin sosial müdafiəsi tədbirləri
də daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət
yetirdiyi məsələlərdən olmuşdur. Azərbaycan
Respublikası Prezidentinin fərmanları ilə Daxili
İşlər Nazirliyi sistemində vəzifə və
rütbə maaşları, həmçinin Daxili
Qoşunların hərbi qulluqçularının vəzifə
maaşları dəfələrlə
artırılmışdır. DİN əməkdaşlarının
peşəkarlığını və fədakarlıqlarını
daim yüksək qiymətləndirən ümummilli lider
onların orden və medallarla təltif edilməsi barədə
çoxsaylı sərəncamlar imzalamışdır.
Ulu öndərin əsasını
qoyduğu siyasəti ictimai həyatın bütün sahələrində
inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev
dövlətə rəhbərlik etdiyi son 5 il yarımda daxili
işlər orqanlarına daim yüksək diqqət və
qayğı ilə yanaşmış, DİN-in fəaliyyətinin
təkmilləşdirilməsi və səmərəliliyinin
artırılması üçün mühüm tədbirlər
həyata keçirmişdir. Prezident İlham Əliyevin 30 iyun
2004-cü il tarixli "Azərbaycan Respublikasında polis
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair Dövlət Proqramı (2004-2008-ci illər)"nın təsdiq
edilməsi haqqında", "Azərbaycan Respublikasında
daxili işlər orqanları işçilərinin vəzifə
maaşlarının artırılması haqqında",
"Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin
verilməsi haqqında", "Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının
təltif edilməsi haqqında" sərəncamları, eləcə
də "Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin strukturunda dəyişikliklər edilməsi
haqqında" fərmanı bu baxımdan xüsusi
vurğulanmalıdır. Qəbul olunmuş dövlət
proqramında daxili işlər orqanları əməkdaşlarının
sosial təminatının gücləndirilməsi, onların
yaşayış və iş şəraitinin
yaxşılaşdırılması, polisin fəaliyyəti və
rolu haqqında bilgilərin ictimaiyyətə təlqin
olunması, daxili işlər orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsi və daim
müasirləşdirilməsi kimi vacib məsələlər
öz əksini tapmışdır.
DİN-ə
qayğı siyasətini sistemli şəkildə həyata
keçirən Prezident İlham Əliyev 2005-ci il avqustun 31-də
imzaladığı sərəncamla post-patrul xidməti, eləcə
də diplomatik nümayəndəliklərin mühafizəsi
üzrə nizami hissələrin, Dövlət Yol Polisinin və
Bakı Metropoliteninin mühafizəsi üzrə post-patrul xidməti
aparan, həmçinin xüsusi təyinatlı nizami hissələrin
əməkdaşlarının aylıq maaşlarını
5-7 dəfə artırmışdır. Dövlət
başçısının 30 iyun 2006-cı il tarixdə
imzaladığı növbəti sərəncamla daxili
işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının
və mülki işçilərinin aylıq vəzifə və
xüsusi rütbəyə görə maaşları 2 dəfə
artırılmışdır.
Azərbaycan Prezidenti tərəfindən
təsdiq edilmiş qanunla "Daxili işlər orqanlarında
qüsursuz xidmətə görə" və "Polis
veteranı" medalları təsis olunmuş, "Daxili
İşlər Nazirliyinin xarici dövlətlərdə və
beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin
edilməsi və onların fəaliyyətinin təmin
olunması haqqında" fərman imzalanmışdır. Azərbaycan
Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli Sərəncamı
ilə cinayətlərin qarşısının
alınmasında və açılmasında, ictimai
qaydanın qorunmasında, təhlükəsizliyin təmin
edilməsində xüsusi rolu olan 80 əməkdaş
(16-sı ölümündən sonra) dövlət
mükafatları ilə təltif olunmuş, 4 rəhbər vəzifəli
şəxs növbəti ali xüsusi rütbələrə
layiq görülmüşdür.
Daxili işlər
orqanlarının yaranmasınını 89-cu
ildönümünə və Polis Akademiyasının
2006-2007-ci tədris ilinin buraxılışına həsr
olunmuş təntənəli mərasimdə dərin məzmunlu
nitq söyləyən Azərbaycan Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyev polis orqanlarının fəaliyyətini
son dərəcə yüksək qiymətləndirməklə
yanaşı, respublikamızda ictimai-siyasi sabitliyin etibarlı
təminatında, cinayətkarlığa qarşı
mübarizənin səmərəli təşkilində
DİN-in xidmətlərini razılıqla
vurğulamışdır. "Hər bir ölkənin polis
orqanları çox böyük rola malikdir, o cümlədən
Azərbaycanda. Əfsuslar olsun ki, müstəqillik bərpa
olunandan sonra polis orqanlarında vəziyyət ürəkaçan
deyildi. Bir daha demək istəyirəm, orqanların rəhbərliyinə
heç bir bacarığı, biliyi olmayan adamlar gətirilmişdi.
Onlar bir çox hallarda nəinki cinayətkarlığa
qarşı mübarizə aparmırdılar, hətta özləri
cinayətlər törədirdilər. O illər hamımızın yadındadır.
Məhz o illərdə ən
böyük cinayətləri törədən insanlar polis
orqanlarının rəhbər işçiləri idi, Daxili
İşlər Nazirliyinin rəhbərləri idi. Belə olan
halda heç bir inkişafdan, sabitlikdən, heç bir irəliləyişdən
söhbət gedə bilməzdi. Bütün cəmiyyətdə
olduğu kimi, polis orqanlarında da islahatlar aparıldı və
bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə
icra edir, Azərbaycanın hərtərəfli inkişafında
öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin
qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli
rol oynayır" deyən dövlət
başçısı həmçinin bildirmişdir ki, Azərbaycanın
iqtisadi imkanları artdıqca, ictimai-siyasi sabitliyin keşiyində
dayanan daxili işlər orqanlarının fəaliyyətinin
daha da təkmilləşdirilməsi, polis əməkdaşlarının
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində əlavə tədbirlər həyata
keçiriləcəkdir.
Dövlət
başçısı İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, bu gün DİN-in və onun
ayrı-ayrı strukturlarının qarşısında duran ən
başlıca vəzifə, şübhəsiz, ölkədəki
dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq,
dövlətçiliyə qarşı yönələn cinayətkar
qəsdlərə qarşı barışmaz mövqe
tutmaqdır. Daxili işlər orqanları istər 2003-cü
ilin prezident, istərsə də 2005-ci ilin parlament seçkiləri
kampaniyası dövründə bu vəzifənin öhdəsindən
layiqincə gəlməklə hakimiyyət uğrunda
qeyri-qanuni və zorakı mübarizə aparmaq niyyətinə
düşmüş qüvvələrə qarşı qanun
çərçivəsində ciddi tədbirlər
görmüş, kütləvi iğtişaş cəhdlərinin
qarşısını qətiyyətlə almış,
qanunçuluğu təmin etmişdir. Son illərdə həmin
aqressiv qüvvələrin daxili işlər orqanlarına,
onun rəhbərliyinə qarşı apardığı
böhtan və iftira kampaniyasının kökündə də
məhz bu amil dayanır. Lakin Azərbaycan polisi üzləşdiyi
çirkin təbliğat kampaniyasına məhəl qoymadan
missiyasını davam etdirir, sıralarının təmizliyini
qoruyur, ölkədə hər hansı təxribat
planlaşdıran siyasi dairələrə niyyətlərinin
həyata keçməyəcəyi xəbərdarlığını
edir.
Azərbaycan Prezidentinin
siyasi iradə və qətiyyəti, daxili işlər
orqanlarının dövlətçiliyə və
qanunçuluğa bağlılığı nəticəsində
bu gün heç bir qüvvə ölkədə
qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi
1990-cı illərin əvvəllərindəki xaos və
anarxiya mərhələsinə qaytarmağa qadir deyildir. Buna cəhd
edənlər, həmişə olduğu kimi,
qarşılarında yenə də Azərbaycan
xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan
polisini görəcəklər.
Respublikamızın
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində
cinayətkarlıqla mübarizədə Daxili İşər
Nazirliyi ilə yanaşı vətəndaşların da
könüllülük əsasında iştirakı son dərəcə
vacibdir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi
göstərir ki, vətəndaşların bu prosesdə
iştirakı, yəni planlaşdırılan və yaxud
törədilən cinayətlər barədə polis
orqanlarına məlumat verməsi ictimai sabitliyin və
asayişin qorunmasında mühüm rol oynayır. Məsələn,
ABŞ-da son bir neçə il ərzində məhz əhalinin
ayrı-ayrı təbəqələrinin kriminal ünsürlərlə
mübarizədə inzibati orqanlara yaxından kömək
göstərməsi nəticəsində cinayətkarlığın
dinamikasında müsbət proseslər qeydə
alınmışdır. Bu ölkədə hüquqpozmalarla
mübarizədə polisə kömək göstərən
könüllü təşkilatların (birliklərin)
geniş şəbəkəsi yaradılmışdır. Əhalinin
hüquq-mühafizə fəaliyyətinin həyata
keçirilməsində iştirakı, inzibati sahədə
dövlətin və vətəndaşların
genişmiqyaslı əməkdaşlığı müəyyən
bir müstəvidə və çərçivədə -
demokratik prinsiplərə, qanunçuluğa, insanların
hüquq və azadlıqlarına xələl gətirilmədən
aparılır.
"Polis
haqqında" Azərbaycan Respublikası Qanununa bir müddət
əvvəl edilmiş əlavələr də məhz bu zərurətdən
irəli gəlmişdir. Dövlət başçısı
İlham Əliyevin 26 may 2009-cu il tarixli Fərmanı ilə
qüvvəyə minmiş bu əlavələr vətəndaşların
könüllülük əsasında daxili işlər
orqanları ilə əməkdaşlığının
hüquqi əsaslarını müəyyənləşdirir.
Qanuna əsasən, ictimai asayişin və təhlükəsizliyin
təmin edilməsi üçün yerli polis
orqanlarının yanında ictimai şuralar yaradıla bilər.
Könüllü ictimai
fəaliyyət hüquqazidd və cəmiyyətə
qarşı hörmətsiz davranışın
qarşısının alınması məqsədilə
maarifləndirmə və təbliğat işinin
aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik
yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası, cinayətlərin və
digər hüquqpozmaların qarşısının
alınmasını və araşdırılmasını təmin
etmək məqsədilə zəruri məlumatların polis
orqanlarına verilməsi istiqamətində həyata
keçirilə bilər.
Xatırlatmaq
lazımdır ki, son illərdə DİN strukturunun təkmilləşdirilməsi
çərçivəsində bir sıra addımlar
atılmış, o cümlədən polis sahə rəisi vəzifəsi
təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12
may 2009-cu il tarixli Fərmanına əsasən, polis sahə rəislərinə
İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmuş 29 maddə üzrə qərar qəbul etmək səlahiyyətləri
verilmişdir. Tabeliyinə bir neçə polis sahə
inspektoru verilən, daha geniş səlahiyyətlərə
malik olan polis sahə rəisi vəzifəsinin təsis edilməsi
vətəndaşların müraciətlərinə
baxılmasında süründürməçilik
hallarının qarşısının alınmasına,
baş vermiş hüquqpozmalarla bağlı daha tez müddətdə
və obyektiv tədbir görülməsinə, qərar qəbul
olunmasına şərait yaradır. Polis orqanı nəzdində
ictimai şuraların yaradılması isə polis sahə rəisi
qarşısında qoyulmuş vəzifələrin daha
uğurla yerinə yetirilməsinə səbəb olacaqdır.
Şuraların tərkibinə ərazidə yaşayan təşkilat
və müəssisələrin, bələdiyyə
orqanlarının, ictimaiyyətin fəal və nüfuzlu
nümayəndələri daxil edilməklə sahənin
problemlərinin (sosial, kommunal və s.) həlli istiqamətində
aparılan işlər sürətləndiriləcək,
ictimai qayda daha etibarlı təmin ediləcək, təbliğat-maarifləndirmə
işləri nəticəsində hüquq pozuntularına
meyilli şəxslər daha təsirli profilaktik tədbirlərə
məruz qalacaqlar.
Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin professor-müəllim
heyəti olaraq DİN-in son illər qazandığı
uğurlarda daxili işlər naziri, general-polkovnik Ramil Usubovun
da xidmətlərini xüsusi vurğulamaq istərdik. Ramil
Usubov artıq 10-cu ildir ki, həm də Bakı Dövlət
Universiteti hüquq fakültəsinin bakalavr təhsil pilləsi
üzrə Buraxılış Yekun Dövlət Atesstasiya Komissiyasının
sədri kimi səmərəli fəaliyyətlə məşğuldur.
Hüquq sahəsində həm praktiki, həm də nəzəri
fəaliyyətlə məşğul olan insanlar arasında
alicənablığı, ziyalılığı, sadəliyi
və təvazökarlığı ilə böyük
hörmət və nüfuz qazanan Ramil Usubov gənclərə,
xüsusən də tələbələrə böyük
qayğısı ilə seçilir. Rəhbərlik etdiyi
nazirliyə gənc mütəxəssislərin cəlb edilməsi
hallarını kütləvi prosesə çevirən Ramil
Usubov hüquq fakültəsinin tələbələrinə
qarşı da daim diqqətli olmuş, imtahanlar zamanı
yüksək tələbkarlıqla yanaşı, həm də
həvəsləndirici qayğı nümayiş
etdirmişdir. Tək bu il 500 nəfərə yaxın gənc
ali hüquqşünas bakalavr diplomunu cənab nazirdən
şərəf və böyük məsuliyyətlə qəbul
etdi.
Ümumilikdə daxili
işlər orqanlarının şəxsi heyəti ölkədə
aparılan quruculuq prosesində fəal iştirak edərək
dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin,
mülkiyyətinin hüquqazidd əməllərdən
qorunması, insanların azad, sərbəst yaşaması
üçün üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirməyə çalışır.
Bu gün hər bir vətəndaş əmin ola bilər ki,
Azərbaycan polisi onun həyat və
sağlamlığının, hüquq və
azadlıqlarının, qanuni mənafelərinin, ictimai
asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman
dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə
verilən yüksək qiyməti böyük minnətdarlıqla
qarşılayır, habelə xalqımıza ən müxtəlif
sahələrdə xidmət göstərməkdən
böyük qürur duyur.
Alış QASIMOV,
hüquq elmləri doktoru, professor
Habil QURBANOV,
hüquq elmləri doktoru, professor
Kamil SƏLİMOV,
hüquq elmləri doktoru, professor
Mayis ƏLİYEV,
hüquq elmləri doktoru, professor
Mövsüm MÖVSÜMOV,
hüquq elmləri doktoru
Zahid CƏFƏROV,
hüquq elmləri namizədi, dosent
Ziya DADAŞOV,
hüquq elmləri namizədi, dosent
Qardaş HÜSEYNOV,
iqtisad elmləri namizədi, dosent
Midhət QƏFƏROV,
hüquq elmləri namizədi, dosent
Azərbaycan.- 2009.- 1 iyul.- S. 4.