Hakimliyə namizədlər yazılı imtahan vermişlər

 

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, müasir beynəlxalq tələblər səviyyəsində seçimi davam edir.

Ötən ay 440-dək hakimliyə namizəd üçün vahid zalda test imtahanı keçirilmiş, imtahan prosesinin bütün mərhələləri, o cümlədən sualların seçilməsi, test sualları kitabçalarının çap edilməsi həmin auditoriyada, namizədlərin gözü qarşısında həyata keçirilmişdir.

Test imtahanından 60 və daha artıq bal toplayaraq imtahanın ikinci mərhələsinə buraxılmış 213 nəfər hakimliyə namizədlə 2009-cu il iyunun 30-da yazılı imtahan keçirilmişdir.

Şəffaflığın təmin edilməsi məqsədi ilə vahid auditoriyada - Bakı İdman Sarayında təşkil olunmuş imtahanı nüfuzlu beynəlxalq təşkilatlar, yerli qeyri-hökumət təşkilatları və hüquq müdafiə təşkilatlarından 25-dək müşahidəçi, çoxsaylı televiziya kanalları və informasiya agentlikləri, habelə mətbuat nümayəndələri izləmişlər.

Hakimlərin seçilməsi qaydalarına uyğun olaraq imtahan başlamazdan əvvəl Məhkəmə-Hüquq Şurası ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında imtahanda istifadə olunması üçün kazus xarakterli 8 sualın hazırlanmasını müəyyən etmişdir.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi 2 saat ərzində qapalı iclasında cinayət, cinayət prosesi, mülki və mülki prosesə dair həmin sayda suallar hazırlamışdır. Namizədlər bu suallardan tam təsadüfi yolla, lototron vasitəsilə cinayət və mülki sahə üzrə ikisini seçərək cavablandırmışlar.

Dörd saat davam edən imtahanda namizədlər qanunun məzmununu dolğun açmaq və onun səlis izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmişlər.

İmtahan nəticələri anonimliyin tam qorunması şərti ilə, ayrı-ayrılıqda, ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra elan olunacaqdır.

Hakimliyə namizədlərlə keçirilən yazılı imtahan müşahidəçilər tərəfindən ən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.