Daha 131 tələbə ARDNŞ təqaüdü alacaqdır

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, iyunun 30-da ölkənin ali təhsil müəssisələrinin tələbələrinə 2008-2009-cu tədris ilinin birinci semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ARDNŞ-in həyata keçirdiyi Təqaüd Proqramı haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ARDNŞ-in həyata keçirdiyi bu aksiyanın gələcəkdə daha geniş vüsət alacağına əminliyini bildirmişdir. Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Dövlət Texniki Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı şirkətin müsabiqə komissiyasının qərarına əsasən təqaüdə layiq görülmüş 131 tələbəyə ARDNŞ-in təqaüdlərini (plastik kartları) və xatirə hədiyyələrini təqdim etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.