Fransanın Xarici
İşlər və Avropa Məsələləri Nazirliyi Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin iyunun 26-da
Parisdə keçirilmiş görüşü ilə
bağlı bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, ATƏT-in
Minsk qrupunda ABŞ və Rusiya ilə yanaşı həmsədr
olan Fransa Azərbaycana və Ermənistana onları
qarşıdurmaya gətirən Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə ədalətli və
davamlı həllinin nizamlanmasına kömək etmək
üçün öz mediasiya səylərini əsirgəmir.
Mediator ölkələrin
təşəbbüsü ilə Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov və Ermənistanın
xarici işlər naziri Edvard Nalbandyan yeni danışıqlar
məqsədi ilə iyunun 26-da Parisdə
görüşmüşlər.
Prezidentlər İlham Əliyev
və Serj Sarkisyanın iyunun əvvəlində Sankt-Peterburqda
olduqca müsbət keçən son görüşlərinin
davamı barədə imkanları araşdırmaq məqsədi
ilə hər iki nazir konstruktiv əhval-ruhiyyədə, əvvəlcə
vasitəçilərlə ayrılıqda ətraflı
danışmış, daha sonra isə vasitəçilərin
iştirakı ilə söhbət etmişlər.
Bu söhbətlər
Sankt-Peterburqda əldə olunmuş irəliləyişləri
möhkəmlətməyə və əldə edilə biləcək
yeni irəliləyişlər sahələrini dəqiqliklə
müəyyənləşdirməyə imkan vermiş, həmsədrlər
bu sahələrə dair yeni kompromis təkliflər irəli
sürmüşlər.
Vasitəçilər hər
iki Prezidentin iyul ayının ortalarında Moskvada baş tuta
biləcək yeni görüşünü hazırlamaq məqsədilə
növbəti ayın əvvəlində Bakıya və
Yerevana, həmçinin Dağlıq Qarabağa bir daha səfər
etməyi qərara almışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.