Prezidentin fərmanı diqqət mərkəzindədir

 

Ədliyyə Nazirliyinin kollegiya iclasında Azərbaycan Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunmuşdur.

İclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində iqtisadi potensialın dəfələrlə gücləndiyini, sürətlə artan dövlət büdcəsi hesabına maliyyələşən layihələrin xeyli çoxaldığını, dövlət vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsində, korrupsiyanın tam aradan qaldırılması üçün daha qətiyyətli addımların atılmasında dövlətimizin başçısının məlum fərmanının əhəmiyyətini vurğulamışdır.

Bildirilmişdir ki, həmin fərmanla bütün icra hakimiyyəti orqanlarına maliyyə intizamına nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin və digər vəsaitlərin təyinatı üzrə və qənaətlə istifadə olunmasına xüsusi diqqətin yetirilməsi, habelə Ədliyyə Nazirliyinə bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin artırılması tapşırılmışdır.

Kollegiya iclasında cari ilin 6 ayı ərzində keçirilmiş yoxlamalar nəticəsində 15 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları, o cümlədən dövlətə və bələdiyyə mülkiyyətinə 10 milyon manatdan artıq ziyanın vurulması aşkar olunaraq materialların istintaqın aparılması üçün prokurorluq orqanlarına göndərildiyi vurğulanmış, lakin belə halların yeganə olmadığı və bu sahədə əlavə tədbirlərin görülməsi zərurəti bildirilmişdir.

Kollegiyada Prezidentin məlum fərmanının icrası, o cümlədən maliyyə intizamının və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, bu sahədə prokurorluq orqanları ilə qarşılıqlı fəaliyyətin səmərəsinin artırılması, qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər üzrə konkret tədbirlər müəyyən olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.