Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti
iclası olmuşdur
Tarif (qiymət)
Şurasının katibliyindən bildirmişlər ki, iclasda
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikası Qanununa
əsasən Azərbaycan Respublikası Tarif (qiymət)
Şurasının bəzi qərarlarının qüvvədən
düşmüş hesab edilməsi və bəzi qərarlarına
əlavə və dəyişikliklər edilməsi, Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
təklifləri nəzərə alınaraq mövcud internet
tariflərinin və respublika ərazisində təbii qazın
əhali üçün pərakəndə satış
tariflərinin tənzimlənməsi məsələlərinə
baxılmışdır.
Qəbul edilmiş qərara
əsasən "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikası Qanununa
əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidməti sahəsində və Azərbaycan
Respublikası Dövlət Əmlakının İdarə
Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın
Texniki İnventarlaşdırılması Bürosu tərəfindən
göstərilən xidmətlərin tarifləri barəsində
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının əvvəllər
qəbul edilmiş qərarlarının qüvvədən
düşdüyü bildirilmişdir.
Bununla yanaşı,
Standartlaşdırma, Metrologiya, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Dəniz Administrasiyası, Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və
Dövlət Fitosanitar Nəzarəti Xidməti sahəsindəki
və küçə reklamlarının yerləşdirilməsi
və yayımı sahəsindəki xidmətlərin, həmçinin
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi
İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə
göstərilən xidmətlərin və Səhiyyə
Nazirliyinin təsərrüfat subyektləri tərəfindən
dərman vasitələrinin və maddələrinin dövlət
qeydiyyatına alınması xidmətlərinin tarifləri barədə
qəbul edilmiş qərarların bəzi bəndləri və
bölmələri də qüvvədən
düşmüş hesab olunmuşdur.
Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Xidməti tərəfindən
baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin
vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin
və Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri
tərəfindən dərman vasitələrinin və maddələrinin
dövlət qeydiyyatına alınması xidmətlərinin
tarifləri barədə əvvəllər qəbul edilmiş
qərarlara isə bəzi əlavə və dəyişikliklər
edilmişdir.
Şuranın qərarına
əsasən son dövrlərdə respublikaya daxil olan internet
trafikinin həcminin artdığı və internet şəbəkəsinə
qoşulma haqlarının aşağı
salındığı əsas gətirilərək Xüsusi
Dövlət Mühafizə Xidməti tərəfindən
"AzStateNet" Dövlət iternet və xüsusi rabitə
xidmətlərinin aylıq abunə tarifləri (SİR) kanal
tutumundan asılı olaraq 44,4 - 66,0 faiz arasında
aşağı salınmışdır.
Belə ki, 128, 256, 384,
512, 768, 1024, 1536 və 2048 kb/s kanal tutumları üzrə
aylıq abunə tarifləri 30, 60, 85,125, 170, 250, 375, 500 manat səviyyəsində
müəyyənləşdirilmişdir ki, əvvəllər
həmin tariflər uyğun olaraq 75, 160, 250, 340, 450, 630, 720 və
900 manat təşkil edirdi.
Tarif (qiymət)
Şurasının iclasında "Azəriqaz" QSC-nin əhali
istehlakçı qrupuna satılan qazın qiymətinə
yenidən baxılmasına dair müraciəti müzakirə
olunmuş və təbii qazın istehlakında
israfçılığın qarşısının
alınması, əhalinin təbii qazla keyfiyyətli və
etibarlı təminatının daha da
yaxşılaşdırılması məqsədi ilə, eləcə
də mövcud qiymətin çəkilən xərcləri
ödəməməsi nəzərə alınaraq hər 1000
kubmetr təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilmişdir.
Qəbul olunmuş qərarlar
2009-cu il iyulun 1-dən tətbiq ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.