Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi
keçirilmişdir
İyunun 30-da Baş
Prokurorluqda Respublika Hərbi Prokurorluğu və Bakı Şəhər
Prokurorluğunun rəhbər heyətinin iştirakı ilə
"Dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı
mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının
icrası ilə bağlı prokurorluq orqanları
qarşısında duran vəzifələrin müzakirəsinə
həsr olunmuş geniş əməliyyat müşavirəsi
keçirilmişdir.
Əməliyyat
müşavirəsində məruzə ilə
çıxış edən baş prokuror Zakir Qaralov, ilk
növbədə, son illər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
altında korrupsiya cinayətlərinə qarşı
mübarizə sahəsində beynəlxalq standartlara uyğun
səviyyədə həyata keçirilmiş tədbirlər
barədə məlumat vermiş, bu sahədə əsas
hüquqi baza olan "Korrupsiyaya qarşı mübarizə
haqqında" Qanunun qəbulunu, 2004-2006-cı illər
üçün korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Proqramının davamı olaraq "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya və onun həyata keçirilməsi
üzrə 2007-2011-ci illər üçün Fəaliyyət
Planı"nın təsdiq edilməsini yüksək dəyərləndirmişdir.
Diqqətə
çatdırılmışdır ki, həmin fərmanın
qəbulu ilə dövlətin büdcə və digər
maliyyə vəsaitlərinin, bələdiyyələrin vəsaitlərinin
istifadə olunması, dövlət və bələdiyyə əmlakına
sahiblik, istifadə və sərəncam verilməsi, dövlət
müəssisələrinin idarə olunması sahələrində
istifadə, tənzimləmə və nəzarət
funksiyalarının yerinə yetirilməsinə cavabdeh olan vəzifəli
şəxslərin fəaliyyətində şəffaflığın
təmin edilməsi, qanun pozuntularına qarşı mübarizənin
gücləndirilməsi, qeyd olunan sahələrdə
hüquqpozmalar barədə müraciətlərdə göstərilən
halların obyektiv yoxlanılmasının təmin edilməsi
ilə əlaqədar konkret tədbirlər nəzərdə
tutulmuş, digər mərkəzi dövlət və icra
strukturları ilə yanaşı, prokurorluq orqanlarının
qarşısında mühüm vəzifələr
qoyulmuşdur.
Baş prokuror
bildirmişdir ki, fərmanın imzalanması, prokurorluq
orqanlarına dövlət səviyyəsində göstərilən
böyük etimadın təzahürü kimi dəyərləndirilməli,
cinayətkarlığa, o cümlədən ümumbəşəri
sosial bəla olan korrupsiya cinayətlərinə qarşı
mübarizənin gücləndirilməsi sahəsində
prokurorluğun rolunun müsbət qiymətləndirilməsi
kimi qəbul edilməlidir.
Prokurorluğun üzərinə
böyük məsuliyyət qoyulduğu xüsusi
vurğulanmaqla qeyd edilmişdir ki, prokurorluq orqanları, ilk
növbədə, dövlətimizin
başçısının siyasi iradəsinə müvafiq
olaraq, dövlət və bələdiyyə əmlakının
və vəsaitlərinin idarə olunması sahəsində
korrupsiya hüquqpozmalarına qarşı zəruri tələblər
səviyyəsində kəsərli mübarizə
aparılmasını təmin etməli, qeyd olunan sahələrdə
hüquqpozmalar barədə daxil olan hər bir müraciət
və yoxlama materialları üzrə hərtərəfli,
obyektiv və tam araşdırmalar həyata keçirilməklə
qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsinə
nail olmalıdır.
Eyni zamanda,
bildirilmişdir ki, prokurorluğun yoxlamaların təşkili
və keçirilməsinə məsul olan müvafiq
qurumları və əməkdaşları tərəfindən
yol verilə biləcək qanunsuzluqları istisna edən şərait
formalaşdırılmalı, elə bir nəzarət mexanizmi
yaradılmalıdır ki, prokurorluq əməkdaşları tərəfindən
sui-istifadə hallarına və qanunsuz hərəkətlərə
yol verilməsinin qarşısı dərhal alınsın,
insan hüquq və azadlıqlarının hərtərəfli
qorunması, yoxlamaların təşkili və keçirilməsinin
bütün mərhələlərində şəffaflıq
təmin olunsun.
Baş prokurorun birinci
müavini Rüstəm Usubov müşavirədə
çıxış edərək məlum fərmanın
icrası ilə əlaqədar prokurorluq orqanlarının
konkret vəzifələrini, həmin vəzifələrin icra
mexanizmlərini, daxil olan müraciətlərin və
keçirilən yoxlamaların dəqiq uçotunun
aparılması, reyestrə daxil olan məlumatların mütəmadi
surətdə ümumiləşdirilməsi qaydalarını
müəyyənləşdirən əmr layihəsi barədə
tədbir iştirakçılarına ətraflı məlumat
vermişdir. Tədbirdə digər natiqlər də fərmanın
icrası istiqamətində görüləcək zəruri
işlər barədə məlumat vermiş və müzakirə
olunan məsələ ətrafında fikir mübadiləsi
aparmışlar.
Əməliyyat
müşavirəsinə yekun vuran baş prokuror Zakir Qaralov
qarşıda duran vəzifələri bir daha dəqiqləşdirməklə
gündəlikdə duran məsələ ilə əlaqədar
ilk növbədə, ciddi nəzarət mexanizminin
yaradılması, prokurorluğa daxil olan vətəndaş
müraciətlərinin mərkəzləşdirilmiş
qeydiyyatının və keçirilən yoxlamaların vahid
uçotunun - müvafiq reyestrin aparılması, fiziki və
hüquqi şəxslərin qanuni hüquq və mənafelərinin
hərtərəfli qorunması, digər dövlət
orqanları ilə məlumat mübadiləsinin və
qarşılıqlı əlaqəli fəaliyyətin təmin
olunması, sahibkarlıq subyektlərinin fəaliyyətinə
qanunsuz müdaxilələrin qadağan edilməsi barədə
tələblərə qeyd-şərtsiz əməl edilməsi,
fərmanın mahiyyətinin prokurorluq orqanlarında ətraflı
öyrənilməsi və ictimaiyyət arasında
izahının aparılması sahəsində görüləsi
işlərlə əlaqədar konkret tapşırıqlar
vermişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 1 iyul.- S. 5.