Famil yeni bağ salır

 

Famili çoxdan tanıyıram. Özünə , işinə yaxından bələdəm. Kənd təsərrüfatı elmləri namizədidir. Azərbaycan Dövlət Aqrar Universitetində Meyvə-tərəvəz, üzümçülük qida məhsulları mühəndisliyi kafedrasının müdiridir. Qırx ildən çoxdur ki, intensiv becərmə texnologiyası ilə üzüm bağlarında yüksək məhsul yetişdirməkdə ad çıxarıb. Bu qeydlər isə onun yeni saldığı üzüm bağına baxandan sonra yarandı. Üzümçü alim yaşa dolub. Yetmişi çoxdan haqlayıb. Buna baxmayaraq yenə gənclik qüvvəsi ilə, həvəslə, ilhamla çalışır.

Famil Şərifov fanatik üzümçüdür. Bu onun canına-qanına hopub, ömrünün mənasına çevrilib. Hələ yetmişinci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üzümçülük yenicə inkişaf edəndə gənc alim Famil Şərifov bu nəcib hərəkatın önündə olub. Respublika rəhbərliyinin tapşırığı ilə o, üzümçülük rayonlarına təhkim edilmişdi. Bölgələri, təsərrüfatları bir-bir gəzir, həm elmi məsləhətlər verir, həm özünün bilik təcrübəsini artırırdı.

Daha sərbəst, daha geniş əl-qol aça bilməsi üçün indiki Samux rayonunun ərazisində nümunəvi bağ salmışdı. Bu, əsl təcrübə məktəbi idi. Tənəklər adama boy vermirdi, məftillər beş-altı cərgə düzülmüşdü. Xidmət elə qurulmuşdu ki, tənək elə ikinci il məhsul verirdi. Dördüncü-beşinci illərdə isə hektarın məhsuldarlığı 700-800 sentnerə çatırdı. Mütəxəssislər deyirdilər ki, bunun dünyada analoqu yoxdur. Şəkkaklar, inanmayanlar da az deyildi. İxtiyar sahibləri gəlib baxdılar. Əkinə yararsız torpaqda superintensiv becərmə texnologiyası ilə hər hektardan səkkiz yüz sentner məhsul yığılmasının şahidi oldular. Bu işlər o dövrün Ümumittifaq xalq təsərrüfatı nailiyyətləri sərgisində nümayiş etdirildi. Famil müəllimin rəhbəri olduğu qrupa dörd gümüş medal, pul mükafatı, habelə diplomlar verildi.

Bu qeyri-adi nəticə geniş maraq doğurdu. Respublikanın rəhbər təşkilatlarının təşəbbüsü ilə "Familin bağı"nda müşavirə keçirildi. Yeni üsulun geniş tədqiqi təbliği məqsədilə nümunə mərkəzinin yaradılması barədə qərar qəbul edildi.

Sonralar vəziyyət dəyişdi. O vaxtlar SSRİ- başçılıq edən Mixail Qorbaçovun səriştəsiz siyasəti sayəsində üzümçülük gözdən salındı. İllər boyu min zəhmət bahasına yaradılmış bağlar kütləvi surətdə məhv edildi.

Famil Şərifov isə ruhdan düşmədi. Ölkəmiz müstəqillik əldə edən kimi Gəncə şəhərinin Gülüstan qəsəbəsində beş hektar sahə götürərək bağ saldı. "Təbrizi" "Ağadayı" sortlarının çarpaz tozlandırılması yolu ilə "Nail" adlı yeni üzüm sortu yaratdı. Alimin bu yeniliyi Seleksiya Nailiyyətlərinin Tətbiqi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edildi. "Nail" sortunda hər iki növün üstün xüsusiyyətləri özünü göstərir.

Gəncəli alim inişil Fransaya dəvət olundu. Onun səriştəsi, elmi axtarışları istehsalat nailiyyətləri hər yanda böyük maraq doğurdu. Fransadan, Türkiyədən Çindən mütəxəssislər Gəncəyə gəlib Famil müəllimin təcrübəsi ilə tanış oldular işgüzar əlaqələrin yaradılması üçün təkliflər irəli sürdülər. İndi İtaliyanın üzümçü alimləri F.Şərifovun üsulu ilə maraqlanırlar.

Dosent Famil Şərifov həmişə axtarışdadır. O öz təsərrüfatında yetmiş, "Aqro-Azərinvest"də isə yüz sortdan ibarət nümunəvi kolleksiyasını başa çatdırmaq üzrədir. Bilənlər deyirlər ki, respublikamızda üzümçülüyün gələcək inkişafında bu genefondun xüsusi rolu olacaqdır.

Famil müəllim öz təcrübəsini gənclərə həvəslə öyrədir. Dövlət Aqrar Universitetində üzümçülük məktəbi yaradıb. Ayrı-ayrı təsərrüfatlardan gələn adamlar altı ay müddətində intensiv üzümçülüyün texnologiyası ilə tanış ola bilirlər. Dosent F.Şərifovun xidmətlərindən biri budur ki, ölkəmizdə ilk dəfə olaraq "Azərbaycan üzümü" atlasını hazırlayaraq nəfis şəkildə çap etdirib.
Son illərdə Azərbaycanda üzümçülüyə göstərilən qayğı diqqət qocaman alimi qəlbən sevindirir. Bəlli olduğu kimi, hələ 2002-ci ildə Milli Məclis üzümçülüyün şərabçılığın inkişaf etdirilməsi haqqında qanun qəbul etmişdi. Həmin qanunun reallaşdırılması üçün Prezidentin imzaladığı fərman regionların sosial-iqtisadi inkişafı dövlət proqramları insanlarda yüksək əhvali-ruhiyyə yaratdı kütləvi surətdə yeni-yeni üzümlüklər salınmağa başlandı.

Famil Şərifov deyir ki, Azərbaycan üzümçülüyün məskənidir. Yaxın gələcəkdə, heç şübhəsiz, əvvəlki şöhrətini bərpa edəcək. Gəncə şəhərindəki "Şərab-2" Açıq Səhmdar Cəmiyyətində müasir texnologiya əsasında xeyli üzüm bağı salınıb. Şəmkirdə "Şərq ulduzu" müəssisəsi 106 hektar sahədə plantasiya yaradıb, müasir quruluşlu şərab zavodu tikib. Samuxda üzümlüklərin sahəsi min hektara çatır. Göygöl rayonunda yeni bağlar hesabına aqrar-sənaye kombinatının fəaliyyəti bərpa olunub.

Dövlət Aqrar Universitetində bu sahədə müəyyən işlər görülür. İllər boyu laqeydlik üzündən xeyli torpaq zəbt edilmişdi. Bu yaxınlarda universitetin yeni rəhbərliyinin təşəbbüsü ilə 78 hektar sahə geri alınıb. Burada üzüm meyvə bağlarının salınması nəzərdə tutulub. Bu uğurlu yolda ilk sözü dosent Famil Şərifov dedi. Qısa bir vaxtda yeddi hektar sahədə yeni texnologiya ilə üzüm bağı salındı. Plantasiyaların tədricən artaraq altmış iki hektara çatması gözlənilir.

Bu günlərdə qocaman üzümçü ilə həmin sahələri gəzdik. Qəribə həssas, duyumlu adamdır. Hər tingin, hər tənəyin üstündə, sözün əsl mənasında, əsir. Hər yerdən qocaman üzümçünün yanına məsləhətə gəlir, onu öz təsərrüfatlarına dəvət edirlər. Dilində "yox" sözü yoxdur. Hamıya hər kəsə əlindən gələn köməyi eləməyə çalışır. Famil müəllimi sevdirən cəhətlərdən biri məhz elə budur.

 

 

Əhməd İSAYEV,

 

Azərbaycan.- 2009.- 1 iyul.- S. 6.