61 yaşlı Abbas
Tağıyev ailəsi ilə birlikdə Culfa şəhərində
yaşasa da, əkin-biçin adamıdır. Söz düşəndə
deyir ki, mən torpaqla nəfəs alıram.
Onu da qeyd edək ki,
şəxsi mülkiyyətində torpaq sahəsi yoxdur. Şəhərdə
yaşayıb orada əmək fəaliyyəti ilə məşğul
olduğundan bu səbəbdən doğma kəndində
özəlləşdirilən torpaq sahələrindən ona
və ailəsinə pay düşməyib. Söz düşəndə
də deyir ki, kəndlərimizdə əkin dövriyyəsində
olub əkilib-becərilməyən torpaq sahələri
çoxdur. Onların bir hissəsi yerli bələdiyyələrin
mülkiyyətindədir. Mən də icarə yolu ilə həmin
torpaqların bir qismində əkin əkirəm. Bu işdə
ona işgüzar dostları kömək edir.
Ötən il Abbasgil 40
hektar sahədə taxıl əkiblər. Hər
hektardan orta hesabla 27 sentner məhsul götürülüb.
Bu, dağ rayonu üçün heç də
pis nəticə deyil. Təcrübəli torpaq mülkiyyətçisi
söhbət əsnasında onu da bildirdi ki, keçən
mövsümdə havalar quraq və yağmursuz keçməsəydi,
su sarıdan çətinliklər az
olsaydı, nəticə daha yüksək ola bilərdi. Bununla
belə, Abbas taxıl emalı müəssisəsinə ötən
il 113 ton məhsul satıb. Buğdanın
hər kilosunun 40 qəpikdən mərkəzləşdirilmiş
qaydada satışının təşkil olunması onu da
qane edir.
Bu il 56 hektar
sahədə taxıl
əkilib. Fermer Abbas deyir ki,
son illər əkinçilikdən yaxşı qazanc
götürmək asanlaşıb. Sahibkarlığın
inkişafına münbit zəmin yaranıb, bu səbəbdən
də istehsalla məşğul olanlar artıq ziyana
düşmürlər. O bunu ilk növbədə
dövlətin maliyyə dəstəyi və
qayğısı ilə əlaqələndirir. Təkcə
bu mövsüm aqrolizinq xətti ilə 5,5
ton pulsuz gübrə ilə təmin olunublar. Yanacağa,
sürtkü yağlarına görə verilən subsidiya da
texnikanın tarlalarda normal işləməsini təmin edib.
Suvarma sarıdan da çətinliklər yoxdur.
Üstəlik, Sahibkarlığa Milli Kömək
Fondu tərəfindən güzəştli şərtlərlə
10 min manat həcmində kreditlə təmin olunub. Məhsulun alıcı probleminin həlli də
öz sözünü deyir. Bircə o
qalır ki, əl-qolunu çırmalayıb əkin-biçinlə
məşğul olasan.
Abbas kişinin rəhbərlik
etdiyi fərdi təsərrüfatın üzvləri bu il
kartofçuluqla da məşğul olur. Dizə kəndində
3 hektar sahədə kartof əkilib. Onların fikrincə, hər
hektarda məhsuldarlıq orta hesabla 25 tona yaxın olacaq. Sahələrin
indiki görünüşü də belə
düşünməyə əsas verir. Təcrübəli təsərrüfatçı
onu da deyir ki, gələn mövsüm kartof əkinlərini
artırmaq fikrindədirlər. Artıq kartofçuluqda da becərmə
tədbirləri texniki yollarla həyata keçirildiyindən
burada əl əməyi azalıb. Üstəlik, daxili bazarda həmişə
yerli istehsala üstünlük verilir. Muxtar respublikada daxili
bazarın tələbatının qorunması istiqamətində
aparılan tədbirlər də istehsalçıların
ürəyincədir.
Abbasın şəxsi
fermer təsərrüfatında kifayət qədər texnika
var.
Artıq bir neçə
gündür ki, Gal kəndindəki dəmyə yerdə becərilən
taxıl biçilməyə başlanıb. İlkin nəticələr
pis deyil. Hektardan 20-22 sentner məhsul götürülür.
Culfada torpaqla ünsiyyət
yaradan təsərrüfat sahibləri, fermerlər az deyil. Yaycı
kəndində Cəfər Kələntərov, Zakir Qurbanov, Bənənyarda
Samiq Bağırov, Həsənalı Əsgərov,
Şurudda Cəbrayıl Nuriyev və başqalarını
misal göstərmək olar.
Ali təhsilli
hüquqşünas Cəfər Kələntərov
qardaşları ilə birlikdə 8 nəfərlə bu il 30
hektar sahədə taxıl, 15 hektarda digər bitkilər əkiblər.
Onlar heyvandarlıqla da məşğul olurlar. Ailə üzvlərinə
məxsus təsərrüfatda xeyli sayda texnika var. Əksəriyyəti
birgə qazanılan gəlirlə alınıb. Onların
ixtiyarında 2 şum və 3 ədəd rezin təkərli
traktor var. "Niva" kombaynını lizinq yolu ilə
alıblar. Ailə təsərrüfatını Qurban, Yavər
və Elşad idarə edirlər. Qardaşlar, lazım gəldikdə,
digər təsərrüfatlara da müəyyən işlərdə
köməklik edirlər.
Artıq qardaşlar da
biçinə başlayıblar. Hektardan
orta hesabla 28-30 sentner məhsul götürülür.
Bütövlükdə
bu mövsüm Culfa rayonunda 4071 hektar sahənin taxılı
biçiləcək. Taxıl sahələrinin 1100 hektarı
Yaycı və Bənənyar kəndlərinin payına
düşür. 180 nəfər sakini olan Şuru kəndində
isə 132 hektar sahədə biçin keçiriləcək.
Dağ kəndi Teyvazda ilk dəfə olaraq 30 hektar sahədə
taxıl əkilib.
Ümumiyyətlə,
rayonda biçin kampaniyasına yaxşı başlanıb. Hazırda
dəmyə şəraitində yetişdirilən zəmilər
biçilir.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2009.- 1 iyul.- S. 6.