Astarada çəltikçiliyə
maraq artır, lakin müəyyən çətinliklər də
var
Dağdan endikcə vadi
daha aydın görünürdü. Yamyaşıl ərazinin
müxtəlif yerlərində qadınlar dörd-bir, beş-bir
başlarını aşağı salıb işləyirdilər.
Bura Astara rayonunun Artupa kəndinin çəltik sahələridir.
Göz işlədikcə uzanıb gedir. Baxdıqca baxmaq istəyirsən.
İlqar Cabbarovun ailə üzvləri də burada
çalışırlar. Onların 38 hektar torpaq sahəsi
var.
Pay torpaqlarına bir
neçə ildir ki, çəltik əkirlər. Keçən il
1 ton 200 kiloqram məhsul
götürüblər. Özlərinin illik ruzisini ayırıb, qalanını
kiloqramı 2 manata satıblar. Son illər Artupa kəndinin əhalisi çəltik əkməyə
üstünlük verir.
Keçən il hər hektardan orta hesabla 75 sentner çəltik götürüblər.
Cari ildə kənddə 150 hektar çəltik əkilib. İ.Cabbarov
söhbət zamanı
dedi ki, çəltik əkmək
dədə-babadan bizim
əsas məşğuliyyətimiz
olub. Lakin Sovetlər birliyi
zamanı Astarada əsasən tərəvəz
yetişdirildiyi üçün
çəltik əkib-becərmək
unudulmuşdu. Daha doğrusu,
buna icazə verilmirdi. İndi nə istəyirsən,
onu da əkirsən.
Bu il 50 hektara
çəltik şitili
əkilib. Sahələrin relyefi düz
olmalıdır ki, su hər ləkdə
bərabər səviyyədə
qalsın. Bizdə bu
işləri görmək
üçün texnika
tələb olunur.
Kənddə isə vur-tut
bir ədəd DT-70 markalı traktor var. Şumu da, sahələrin
düzlənib əkinə
hazırlanmasını da
onunla aparırıq.
Bu səbəbdən əkini və digər işləri vaxtında başa çatdıra bilmirik.
Digər bir torpaq
mülkiyyətçisi - Musa Manafov 27 hektar sahədə çəltik
əkib. Keçən il həmin yerdən yaxşı məhsul
götürüb. Sahəsini 8 nəfərdən ibarət ailə
üzvləri ilə becərir. Çəltik əkib-bəcərmək
çətin işdir. Əksər işlər əllə
görülür. Əkindən tutmuş biçinə kimi.
Biz orada olanda kişilər
əkini suvarır, qadınlar alaq edirdilər.
Görənlər bilir
ki, çəltik əkib-becərmək heç də asan
deyil. Düzdür, onun vegetasiya dövrü başqa bitkilərlə
müqayisədə qısadır. Aprel-may aylarında əkilir,
avqust-sentyabr aylarında yığılır. Amma
bütün becərmə müddətində bitkilər suyun
içində qalır. Əks halda ondan məhsul
götürmək qeyri-mümkündür. Bəzən su məsələsi
də problemə çevrilir. Bu hal, əsasən, yayın ən
isti günlərində, iyul ayında baş verir. Qış
qarlı-şaxtalı, yaz yağmurlu olanda hər şey rəvan
gedir.
Dağlarda əriyən
qar Astara çayında suyun normal səviyyədə
olmasına şərait yaradır. Onda o taylı-bu taylı
Astara camaatının da işi yaxşı gedir, istədikləri
nəticəni ala bilirlər. Torpaq mülkiyyətçiləri
rayon suvarma sistemləri idarəsinin işindən
razılıq edərək son illər su sarıdan çətinlk
çəkmədiklərini dedilər.
Astara Rayon İcra
Hakimiyyəti başçısının aqrar məsələlər
üzrə müavini Ağaverən Mahmudov bununla bağlı
söhbətində dedi ki, cari ildə 235,5 hektar sahədə
çəltik əkilib. Həmin sahələr Kakalos, Rüdəkənar
və Artupa kəndlərindədir. Keçən il 6 min tona
yaxın çəltik yetişdirilib. Bu il bundan xeyli artıq
məhsul olacağı gözlənilir. Lakin yüksək
reproduksiyalı toxum olmadığı üçün kəndlilər
məcburiyyət üzündən aşağı keyfiyyətli
çəltik toxumundan istifadə etməli olurlar. Rayonda
çəltik əkib-becərməkdən ötrü
ixtisaslaşdırılmış texnikanın olmaması da təəssüf
doğurur. Alaq otlarına qarşı mübarizədə
herbisidlərin respublikaya gətirilməsi və onların tətbiqi
üçün tədbir görməyin də vaxtı
çatmışdır. Çəltikçiliyə marağın
artması buna əsas verir.
Seyran CAVADOV
Azərbaycan.- 2009.- 1 iyul.-
S. 6.