Azərbaycan mədəniyyətinin qızıl
fondu
Son zamanlar "Azərbaycan"
qəzetində informasiya cəmiyyəti şəraitində
insanların təhsil və tərbiyəsində mühüm
əhəmiyyət kəsb edən kitab və kitabxana işinə
dair çox dəyərli yazılar dərc edilir. Bu
baxımdan "Anamın kitabı" (20 fevral 2009-cu il),
"Kitabxanalar tarixi yaddaşımız, milli-mənəvi xəzinəmizdir"
(14 may 2009-cu il) adlı yazılar və Səbail Rayon İcra
Hakimiyyətinin "Azərbaycan" qəzeti ilə birlikdə
keçirdiyi "Kitaba həsrət oxucu, yoxsa oxucuya həsrət
kitabxanalar" (21 may 2009-cu il) sərlövhəli "dəyirmi
masa" xüsusi maraq doğurur.
Kitabxanaların ölkəmizin
iqtisadi, siyasi, ictimai və elmi-mədəni həyatında,
intellektual səviyyəsinin yüksəldilməsində
böyük əhəmiyyət və rolunu dərk edən bir
tədqiqatçı kimi belə yazıların meydana gəlməsinə
və dərc edilməsinə yüksək qiymət verir,
redaksiyaya öz minnətdarlığımı bildirərək
bu maraqlı yazıları vaxtında səslənən
"həyəcan təbili" sayıram.
Doğrudur, müstəqillik
illərində kitabxana işi sahəsində çox
böyük dövlət tədbirləri həyata
keçirilmiş, geniş islahatlar aparılmış,
kitabxana işinə dair dövlət siyasəti
formalaşmışdır.
Kitabxanalarımız
keçmiş cəmiyyətdən miras qalmış ideoloji
buxovlardan, senzura nəzarətindən azad olmuş, bu işdə
böyük demokratikləşmə, milliləşmə
prosesi aparılmışdır.
Kitabxananı xalq, millət,
cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat,
bilik, zəka mənbəyi kimi qiymətləndirən ulu
öndərin 1993-cü ildə hakimiyyətə gəlişi
qurtuluş illəri hesab olunur. Bu illər həm də
kitabxanaların qurtuluş illəri kimi xarakterizə edilməlidir.
Belə ki, Xalq Cəbhəsinin iqtidarı dövründə
onların kütləvi surətdə bağlanmasının və
binalarının zəbt olunmasının qarşısı
alındı. Heydər Əliyevin ciddi səyi,
qayğısı və imzaladığı fərmanlar nəticəsində
respublikamızın dövlət kitabxana şəbəkəsi
qorunub saxlandı. Azərbaycan MDB ölkələri içərisində
bu şəbəkəni saxlayan yeganə respublika oldu.
Keçid
dövrünün çətinliklərinə baxmayaraq,
ötən əsrin 90-cı illərinin ikinci yarısından
kitabxana işinə ayrılan vəsait ilbəil
artırılmağa başlandı. Heydər Əliyevin təşəbbüsü
ilə 1999-cu ildə ölkəmizin tarixində ilk dəfə
olaraq "Kitabxana işi haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Bu qanuna və ulu
öndərin azərbaycançılıq konsepsiyasına əsaslanmış
dövlətin kitabxana siyasəti formalaşdı.
Kitabxana işi sahəsində
ulu öndər tərəfindən əsası qoyulmuş bu
inkişaf yolu Heydər Əliyevin siyasi varisi cənab İlham
Əliyev tərəfindən daha da irəli aparılmağa
başlandı. Ölkə rəhbərinin son dövrlərdə
kitab və kitabxana işinə dair imzaladığı "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" (2004-cü il),
"2005-2006-cı illərdə Azərbaycan dilində
latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq edilməsi
haqqında" sərəncamlar böyük strateji əhəmiyyət
kəsb edir. Bu siyahıya 546 adda kitab daxil edilmişdir ki, hər
bir kitabın tiraji 25.000 nüsxə nəzərdə
tutulmuşdu. Beləliklə, 13 milyon 650 min nüsxə kitab nəşr
edilməli idi. Sərəncamda adı çəkilən həmin
kitablar çap edilib, pulsuz olaraq respublika kitabxanalarına hədiyyə
olunmuşdur. Dünyada analoqu olmayan bu tədbir Azərbaycan
dövlətinin mədəni siyasətinin parlaq təzahürüdür.
Adlarını çəkdiyimiz
sərəncamlarla yanaşı, dövlətimizin
başçısı İlham Əliyev 2007-2008-ci illərdə
böyük əhəmiyyət daşıyan "Azərbaycanda
kitabxana fəaliyyətinin
yaxşılaşdırılması haqqında" (2007-ci
il) sərəncam və "Azərbaycan Respublikasında
kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nı
imzalamışdır.
Azərbaycan kitabxana
işi tarixində ilk dəfədir ki, bu sistemi, onun əhəmiyyətini,
cəmiyyətdə tutduğu mövqeyini, müasir informasiya
cəmiyyəti şəraitində onların vəzifələrini,
gələcək inkişaf istiqamətlərini və
perspektivlərini müəyyənləşdirən
böyük əhəmiyyətli bir sənəd qəbul
edilmişdir. Bu sənəd
kitabxana işinin yaxın gələcək üçün
inkişaf proqramıdır.
Son illərdə
respublikada kitabxana işi sahəsində bir çox tədbirlər
görülmüş, nailiyyətlər
qazanılmışdır, kitabxanaların şəbəkəsi
genişləndirilmişdir. Əgər ötən əsrin
90-cı illərinin əvvəllərində ölkədə
120 milyon kitab fonduna malik 10 min kitabxana var idisə, indi
onların sayı 12 mindir. Bu sistemə yalnız kütləvi
kitabxanalar deyil, həmçinin ayrı-ayrı nazirliklərin,
idarə və müəssisələrin, ictimai təşkilatların
kitabxana şəbəkələri daxildir. Təkcə Mədəniyyət
və Turizm Nazirliyinin 4500-dən artıq kitabxanasında 40
milyondan artıq kitab və digər sənədlər
oxucuların istifadəsindədir. Mədəniyyət və
Turizm Nazirliyi müasir informasiya cəmiyyətinin
qarşıya qoyduğu vəzifələrə müvafiq
çox ciddi layihələr həyata keçirməyə
nail olmuşdur.
Beləliklə, son
beş ildə ölkəmizdə kitabxana işinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, bura ayrılan vəsaitin
artırılması, müasir dövrün tələblərinə
müvafiq olaraq kitabxanalarımızın müəyyən
hissəsinin kitabxana-informasiya texnologiyası ilə təmin
edilməsi, onların kompüterləşdirilməsi və
internetə qoşulması üçün əlverişli
şərait yaradılmışdır.
Kitabxanalarımız
YUNESKO-nun "İnformasiya hamı üçün"
proqramını dönmədən həyata keçirməyə
səfərbər olmuşdur.
Müstəqillik illərində
Azərbaycanda kitabxana quruculuğu sahəsində
qazanılmış böyük uğurlara baxmayaraq, bu sahədə
həllinə böyük ehtiyac hiss edilən nöqsan və
çatışmazlıqlar qalmaqdadır.
Azərbaycan Respublikasında
kitabxana-informasiya şəbəkəsinə daxil olan
kitabxanaların 90 faizi müasir tələblərə cavab
vermir. Bir neçə kitabxana istisna olmaqla, onların əksəriyyəti
yararsız vəziyyətdədir. Kitabxanaların bir çoxu
qəza vəziyyətində olan uyğunlaşdırılmış
və ya yardımçı binalarda fəaliyyət göstərir.
Respublikanın rayonlarında kənd kitabxana
filiallarının bir hissəsi şəxsi evlərdə yerləşir.
Kənd və qəsəbə filiallarının 79,2 faizinin
sahəsi darısqal olduğundan oxu zalları təşkil etmək
qeyri-mümkündür.
Bu səbəbdən əhalinin
66,8 faizi kitabxanalardan istifadə edə bilmir. Onların yeni
kitabxana-informasiya texnologiyası ilə təminatı və
internetə qoşulması vəsait
çatışmazlığı üzündən olduqca ləng
gedir. Kitabxanaların informasiyalaşdırılması sahəsində
aparılan işlər də ürəkaçan deyil. Onlarda
beynəlxalq əlaqələrin təşkili sürətlə
qloballaşan dünyanın tələblərindən
çox geri qalır. İnformasiya texnologiyalarının
çatışmazlığı elektron kitabxanaların və
elektron kataloqun yaradılmasına imkan vermir. Kitabxana fondlarının
tələbata uyğun, sistemli və məqsədli komplektləşdirilməməsi
daim yeniləşən informasiya axınında oxucu
kontingentinin itirilməsinə, bütövlükdə əhalinin
mütaliə marağının azalmasına səbəb
olur. Bütün bunlar bir daha təsdiq edir ki, müasir şəraitdə
respublikamızda əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində
çox ciddi nöqsanlar və çatışmazlıqlar
qalmaqda davam edir. Bunların tezliklə aradan
qaldırılması geniş kitabxana şəbəkəsinə
malik olan nazirliklərin, idarə və müəssisələrin
respublika ictimaiyyətinin və ziyalılarımızın
qarşısında çox böyük problemlər qoyur. Həmin
problemlər icərisində kitab-kitabxana-oxucu və
kitabxanaçı problemi olduqca mühüm yer tutur.
Müasir kitabxana bilik
okeanının (kitabın) toplanıb saxlandığı,
bugünkü oxucunun tez-tez müraciət etdiyi sosial təsisat
olduğundan cəmiyyətin mədəni səviyyəsi həmin
təsisatdan çox asılıdır. Kitabxanalar olmasa, mədəniyyətin
yaddaşı itirilə bilər.
İnsan beyninin, zəkasının,
təfəkkürünün yüksək məhsulu olan kitab
Şumer dövründən başlayaraq zəmanəmizə qədər
3 min ildən artıq bir məsafə keçmiş, cəmiyyətin
inkişaf və tərəqqiyə gedən yolunu
işıqlandırmış, bəşəriyyətin
yaratmış olduğu bilikləri qoruyub saxlamış,
unudulmaqdan, məhv olmaqdan xilas etmiş, beləliklə də
bəşəriyyətə, insanlığa, insanların tərəqqi
və inkişafına, kamilləşməsinə xidmət
etmişdir.
Kitablar həmişə
insanlar tərəfindən yüksək qiymətləndirilmiş,
bütün zamanlarda ona böyük sevgi, məhəbbət,
hörmət olmuş, müqəddəs
sayılmışdır.
Kitab nəşrinə
böyük qiymət verən ulu öndər Heydər Əliyev
deyirdi: "Kitab nəşri hər bir ölkənin,
xalqın mədəniyyətində, ümumiyyətlə mənəvi-ictimai
həyatında çox görkəmli yer tutur. Hər birimiz
ilk növbədə kitab vasitəsilə təhsil, elm
almışıq. Həyatda yaşamağa, fəaliyyət
göstərməyə hazırlanmışıq, ona görə
də hər birimiz kitablara borcluyuq. Həm kitabları
yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas
vəzifələrimizdən biridir". Heydər Əliyevin
bu ibrətamiz fikirləri müasir şəraitdə bir daha təsdiq
olunur.
Təəssüflə
qeyd etmək lazımdır ki, nəşriyyatlarımız bu
tələbatı ödəməkdən çox-çox
uzaqdır. Müstəqillik illərində nəşriyyatların,
xüsusilə özəl nəşriyyatların
sayının artmasına baxmayaraq, onların məhsuldarlığı,
çap edilən kitabların tirajı dövrün tələblərinə
cavab vermir.
Respublikamızda nəşriyyat
işinin günün tələbləri səviyyəsində
təşkilinə mənfi təsir göstərən amillərdən
biri kadr problemidir. Nəşriyyatlarımızda, xüsusilə
son zamanlar yaranmış özəl nəşriyyatlarda
kitabçılıq işini, kitab nəşri fəaliyyətini
dərin bilən peşəkar kadrlar olduqca azdır.
Ötən əsrin
70-90-cı illərində ölkəmizdə kitab ticarətinin
vahid sistemi formalaşmışdı. Böyük şəhərlərdə
və rayon mərkəzlərində kitab mağazaları təşkil
edilmiş, kəndlərdə isə kitablar kənd
qarışıq mallar mağazalarında satılırdı.
Bakıda, Gəncədə, Naxçıvanda, Sumqayıtda və
digər şəhərlərdə ixtisaslaşmış
kitab mağazaları fəaliyyət göstərirdi. Təkcə
Bakı şəhərində 100-dən artıq belə
mağaza var idi. Elə bu qədəri də rayonlarda fəaliyyət
göstərirdi. Kitabların tirajının böyük
olmasına baxmayaraq, onlar, demək olar ki, satılırdı.
Sovetlər birliyi
dövründə respublikamızın ali məktəblərində
də universal kitab mağazaları fəaliyyət göstərirdi.
İndi Bakı Dövlət Universitetindən başqa
heç bir ali məktəbdə kitab yayımı mərkəzi
yoxdur. 2005-ci ildən fəaliyyətə başlayan bu mərkəzin
təcrübəsi göstərir ki, onlar bütün ali məktəblərdə
təşkil edilsə, kitab mütaliəsinə, onun
yayılmasına mühüm təsir göstərə bilər.
Son üç ildə BDU-nun nəşriyyatı 40-dan
artıq adda dərslik və dərs vəsaiti çap
etmişdir. Bu dərsliklərin əksəriyyəti Azərbaycan
kitabçılığı tarixində ilk dəfə nəşr
edilən nüsxələrdir.
Sevindirici haldır ki, həmin
dərsliklər və dərs vəsaitləri tələbələr
tərəfindən böyük həvəslə
alınır.
Müstəqilliyin ilk
illərində işbazlar özəlləşdirmə
adı ilə bütün kitab mağazalarını ələ
keçirib, onların binalarından başqa məqsədlər
üçün istifadə etməyə başladılar. Hazırda
Bakı şəhərində cəmi 4-5 kitab mağazası
qalmışdır. Əlbəttə, vəziyyətin bu
cür formalaşması kitabın yayılmasına ciddi təsir
göstərmiş, oxucuların sayı azalmış, əhalinin
mütaliəyə marağı zəifləmişdir.
Göstərdiyimiz
acınacaqlı vəziyyətin aradan qaldırılması
üçün təcili surətdə Bakının hər
rayonunda, digər böyük şəhərlərdə və
kənd rayonlarında kitab mağazaları
açılmalı, onun reklamına və təbliğinə
ciddi fikir verilməli, kütləvi informasiya vasitələrində
radio və televiziyada yeni kitabları təbliğ etmək
üçün daimi rubrikalar yaradılmalıdır. Böyük
şəhərlərdəki təhsil ocaqlarında, mədəni-maarif
müəssisələrində, mədəniyyət
saraylarında, parklarda kitab günləri,
yazıçılarla, alimlərlə, jurnalistlərlə
görüşlər keçirilməli, kitaba, onun tərbiyəvi,
elmi əhəmiyyətinə dair təbliğat xarakterli
kinofilmlər çəkilməli, yeni kitabların
satış-təqdimatı keçirilməlidir.
Müasir dövrdə
kitabxanalarımızın qarşısında duran ən
mühüm problem mütaliə ilə bağlıdır. Bu,
təkcə kitabxanaların yox, bütün cəmiyyətin
problemidir. Mütaliə - yazılı informasiyanın mənimsənilməsi,
ardıcıl və davamlı oxu deməkdir. Yazılı
informasiya daha etibarlı, sınanmış, dəfələrlə
yoxlanılmış mötəbər informasiyadır.
İnsanlara gərəkli olan məlumatı isə kitablardan,
jurnallardan və qəzetlərdən əldə etmək olar.
Ölkəmizdə son
dövrlərdə mütaliə edən insanların,
xüsusilə gənclərin sayının azalması
günbəgün mütaliəni və oxu mədəniyyətini
sistemli böhran həddinə gətirib çıxarır. Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana şəbəkəsinin
hesabatlarına görə, ölkənin yaşlı əhalisinin
ancaq 50 faizindən çoxu kitabxanaların oxucusudur. Onların
xeyli hissəsi daimi deyil, özlərinə müəyyən
sahəyə dair informasiya lazım olanda kitabxanaya müraciət
edən insanlardır.
Beləliklə, kitabxana
işinin son dövr fəaliyyətinin təhlili və
ümumiləşdirilməsi əsasında belə qənaətə
gəlmək olur ki, bütün dünyada olduğu kimi,
respublikamızda da son illərdə mütaliəyə
münasibət dəyişmiş, onun səviyyəsi
aşağı düşmüş, oxucuların sayı
xeyli azalmışdır. Bu acınacaqlı vəziyyətin
uzun müddət davam etməsi millətin faciəsinə
çevrilə bilər. Doğrudur, mütaliəyə
marağın azalması bütün dünyanı
bürümüş bir meyildir. Təhlükəli meylin
qarşısını almaq üçün bir çox
ölkələr xüsusi strateji proqramlar qəbul edib, səmərəli
üsullar həyata keçirirlər. Problemin həllində
kitabxanaların mühüm rol oynaya biləcəyini nəzərə
alaraq onların vəziyyətini yaxşılaşdırmaq,
oxuculara xidmət işini günün tələbləri səviyyəsinə
qaldırmaq zərurəti qaçılmazdır.
Hazırda
respublikamızın kütləvi kitabxanalarının 70
faizindən çoxu bir otaqda yerləşir, oxu zalları
yoxdur. Oxu zalı olmayan kitabxanalar oxuculara ancaq abonement vasitəsilə
xidmət edir ki, bu da insanların kitabxanadan uzaqlaşmasına
səbəb olur. Məlumat ədəbiyyatı və dövri
mətbuat evə verilmədiyindən oxucular kitabxana-informasiya
xidməti ilə tam təmin olunmur.
Həmçinin
kitabxanaların müasir avadanlıqla, kitabxana-informasiya
texnologiyası ilə zəif təchizatı burada oxucunun yeni
kitablar haqqında informasiya ala bilməməsinə səbəb
olur, beləliklə də o, tədricən kitabxanadan
uzaqlaşır.
Müasir şəraitdə
kitabxanalarımızın ən böyük bəlası
onların fondlarının kasadlığı, müasir
oxucunun tələbatını ödəyə bilməməsidir.
Bunun bir çox obyektiv
və subyektiv səbəbləri var.
Ölkəmizdə yeni əlifbanın
qəbul edilməsi kitabxana fondlarının operativliyinin
azalmasına, onun sürətlə köhnəlməsinə gətirib
çıxardı. Digər tərəfdən, keçid
dövrünün çətinlikləri ilə əlaqədar
kitabxanaların zəif maliyyələşdirilməsi kitabxana
fondlarının yeni ədəbiyyatla komplektləşdirilməsini
heçə endirdi. 90-cı illərdə kütləvi
kitabxanalar yeni kitablar və dövri mətbuat almaqdan məhrum
oldular. Kitabxanaya ayrılan maliyyə vəsaiti ancaq onun
yaşamasını təmin edə bilirdi. Yeni kitablar almayan
kitabxana suyu sovrulan dəyirmana bənzəmirmi? İşləməyən
dəyirmana kim gələr? Doğrudur, son zamanlar kitabxanalara
ayrılan vəsaitin artırılması bu işi nisbətən
də olsa, qaydaya salmışdır, Prezidentin fərmanı
ilə çap edilən kitablardan hər birindən kütləvi
kitabxanaya 4-5 nüsxə göndərilməsi də bu
fondların dirçəlməsinə, canlanmasına səbəb
olmuşdur.
Təəssüf ki,
Maliyyə Nazirliyi tərəfindən rayon kitabxanalarına
kitab alınmasına dair qəbul etdiyi sənəd yeni nəşrlərin
alınması işini xeyli çətinləşdirir. Bu sənədə
görə, kitabxana işinə ayrılan vəsait
bütün sosial, mədəniyyət müəssisələrinə
ayrılan vəsaitə daxil olmuşdır. Yerlərdə isə
əksər hallarda ayrılan vəsaiti digər müəssisələrə
verdiklərindən kitabxanalara vəsait qalmır. Bizcə, bu
maddə "Kitabxana işi haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olmalıdır. Qanunda
göstərilir: "Dövlət kitabxanaları maliyyələşdirilərkən
büdcədən kitab fondlarının komplektləşdirilməsinə
yönəldilən vəsait ayrıca maddədə göstərilməli
və bu vəsait müntəzəm olaraq
artırılmalıdır". Bizcə, ulu öndər Heydər
Əliyev tərəfindən imzalanmış "Kitabxana
işi haqqında" qanunun bu bəndinə ciddi əməl
edilməlidir.
Təkcə
kitabxanaların maddi-texniki bazasını möhkəmləndirmək,
kitabxana fondlarını lazımi ədəbiyyatla komplektləşdirməklə
iş bitmir. Əsas vəzifə onların imkanlarından
istifadə edərək oxucuya xidməti, əhalini kitabxana
oxucuları sırasına cəlb etmək işini
günün tələbləri səviyyəsinə
qaldırmaq, mütaliə prosesini idarə etməkdir. Mənəvi-intellektual
tələbat insan üçün əbədi ehtiyacdır.
Təbiət və cəmiyyət, onun inkişaf qanunları
haqqında lazımi biliklər əldə etmədən
yaşadığımız dövrün fəal üzvü
olmaq mümkün deyildir. Bu baxımdan öyrənməyin, məlumatlanmağın,
dövrlə ayaqlaşmağın ən mühüm vasitəsi
mütaliədir, fasiləsiz təhsildir.
Məlumdur ki, insan
müxtəlif şəraitdə, evdə, işdə, istirahət
müəssisələrində mütaliə edə bilər.
Lakin tələbatına müvafiq olaraq hər hansı
mövzu və ya problem haqqında mükəmməl elmi məlumat
əldə etmək məqsədi daşıyan mütaliə
isə yalnız kitabxana şəraitində baş verə bilər.
Belə ki, kitabxanaların zəngin kitab fondu, fondun
araşdırılması üçün məlumat
aparatı, müxtəlif lüğətlərin,
ensiklopediyaların və digər məlumat ədəbiyyatının
mövcudluğu, lazımi texniki vasitələr, eləcə
də istənilən zaman mütəxəssis
kitabxanaçının köməyindən istifadə etmək
imkanı burada mütaliə prosesinin daha effektli və ona sərf
edilən vaxtın səmərəli olmasına zəmin
yaradır. Bu baxımdan informasiya cəmiyyəti şəraitində
kitabxanaların qarşısında bütün əhalini
oxucu sırasına cəlb etmək kimi çox mühüm vəzifə
qoyulmuşdur.
Müasir oxucunu kitabxanadan
uzaqlaşdıran, mütaliə marağının
azalmasına səbəb olan problemlərdən biri də
mövcud kitabxanalarda oxuculara kitabxana xidmətinin lazımi səviyyədə
təşkil edilməməsidir.
Məlum həqiqətdir
ki, əhaliyə keyfiyyətli kitabxana-informasiya xidmətinin təşkili
və insanların mütaliəyə cəlb edilməsi
yüksək ixtisaslı, peşəkar kitabxanaçı
kadrlardan da asılıdır. Müasir şəraitdə
yüksək ixtisaslı, sürətlə yeniləşən
informasiya texnologiyasından baş çıxaran, cəmiyyətin
inkişaf sürəti ilə ayaqlaşan, öz
ixtisasını sevən peşəkar kitabxanaçılara
olduqca böyük ehtiyac var. Ancaq təəssüflə qeyd
etmək lazımdır ki, respublikamızın
kitabxanaçılarının müasir vəziyyəti bu tələbata
cavab vermir. Ölkəmizdə təxminən 30 minə qədər
kitabxanaçı çalışır. Onların təxminən
80 faizdən çoxunun kitabxanaçılıq təhsili
yoxdur. Kitabxanalara işə yeni işçi qəbul edərkən
onun ixtisas təhsilinin olub-olmamasını soruşmurlar. Kitabxanaçı
peşəsi bir növ tramplinə çevrilmişdir.
Müxtəlif ixtisaslar üzrə ali məktəbi
bitirmiş şəxslər öz peşələri üzrə
iş tapa bilmədikdə kitabxanalarda işə düzəlir,
ixtisasları üzrə iş tapan kimi
kitabxanaçılığı buraxıb gedirlər.
Beləliklə də
kitabxanalarda müntəzəm olaraq kadr axını davam edir. Respublikamızda
ali peşə təhsilli kitabxanaçı kadrları
Bakı Dövlət Universitetinin
kitabxanaçılıq-informasiya fakültəsi, orta ixtisas təhsilli
kadrları isə Bakı Mədəni-Maarif məktəbi
hazırlayır. Son illərdə bu təhsil müəssisələrinə
qəbul 2 dəfədən çox azalmış, həmin tədris
müəssisələrini qurtaran məzunlar üçün
təyinat aparılmamışdır. Bu da kitabxanaların kadr
potensialının tədricən zəifləməsinə,
yeni, yüksək ixtisaslı kadrlardan məhrum olmasına gətirib
çıxarmışdır.
Son zamanlar
respublikamızda məktəb kitabxanalarının maddi-texniki
bazalarının möhkəmlənməsi, yeni abad binalarla, kitabxana
işinin texniki vasitələri ilə daha intensiv təmin
edilməsinə baxmayaraq, onların işində də həll
edilməsinə böyük ehtiyac olan problemlər
qalmaqdadır. Hər şeydən əvvəl məktəb
kitabxanalarının maddi-texniki bazası çox zəifdir. Demək
olar ki, məktəblərin əksəriyyətində
kitabxanalar bir otaqda yerləşir. Oxu zallarının
olmaması şagirdlərlə iş aparmaqda çətinliklər
yaradır. Kitabxanaların şagirdlərin mütaliəsinə
nəzarət etmək, onlara mütaliəyə maraq
aşılamaq, fərdi iş aparmaq imkanı yoxdur. Həmçinin
məktəb kitabxanalarının fondu çox zəifdir.
Sinifdənkənar oxu üçün istənilən ədəbiyyat
yoxdur.
Şagirdlərin
çox maraq göstərdiyi yeni bədii ədəbiyyat
olduqca azdır. Kitabxanalara yeni ədəbiyyat almaq
üçün ayrılan vəsait kitabxanaların kitaba olan
tələbatını ödəmir. Məktəblərdə
dərsliklərlə iş, yeni dərsliklərin
alınıb şagirdlərə paylanması və onlardan
geri alınması kitabxanaya
tapşırıldığından kitabxanaçının
oxuculara kitabxana-informasiya xidməti göstərməsinə
ciddi mane olur. Yaxşı olardı ki, dərsliklərlə
iş üçün ayrıca ştat ayrılaydı. Bundan
başqa, kadrların seçilib yerləşdirilməsi
lazımi səviyyədə təşkil edilmir. Məktəb
kitabxanaları içərisində yüksək ixtisaslı
peşəkar kitabxanaçıların sayı azdır. Belə
kadrların sayı respublika üzrə təxminən 10 faizdən
bir az çoxdur.
Məktəb
kitabxanalarına müdir vəzifəsinə əksər
hallarda pedaqoji fəaliyyətdən uzaqlaşmış müəllimləri
təyin edirlər. Son illərdə BDU-nun
kitabxanaçılıq-informasiya fakültəsini bitirən
bir nəfər məzun belə təyinatla məktəb
kitabxanalarına işə göndərilməmişdir.
Məktəb
kitabxanalarına rəhbərlik də ürəkaçan vəziyyətdə
deyildir. Təhsil Nazirliyinin minə yaxın
kitabxanasının olmasına baxmayaraq, nazirliyin aparatında
kitabxana işinə rəhbərlik edəcək bir qurum və
ya bir mütəxəssis belə yoxdur. Məktəb kitabxanaları
nədənsə oxuculara xidmət edərkən ənənəvi
iş, forma və üsullarından, yeni kitab sərgilərindən,
kitab müzakirələrindən, oxucu konfranslarından, yeni
kitabların təqdimatlarından, yazıçılarla,
şairlərlə, incəsənət xadimləri ilə
görüşlərdən və s. az istifadə edirlər.
Bütün bunlara əsasən
demək olar ki, respublikamızda kitabxana işini günün tələbləri
səviyyəsinə qaldırmaq üçün olduqca ciddi tədbirlər
görməyin, islahatlar aparmağın vaxtı
çatmışdır.
Abuzər XƏLƏFOV,
əməkdar elm xadimi, BMT yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının
akademiki,
tarix elmləri doktoru, professor,
BDU-nun Kitabxanaşünaslıq kafedrasının
müdiri
Azərbaycan.- 2009.- 1 iyul.- S.7.