Azərbaycan Prezidenti İlham Əliyev Fransanın MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir

 

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının MDB ölkələrində akkreditə olunan səfirlərini qəbul etmişdir.

Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimdən çox məmnunam. Səfirlərin bu iclasının keçirilməsi üçün ölkəmizi seçdiyinizə görə şadam. Eyni zamanda, bu, ölkəmizi daha yaxından tanımaq üçün yaxşı bir fürsətdir. Yəqin ki, sizlərin çoxu Azərbaycanda heç vaxt olmayıb. Əminəm ki, aparacağınız danışıqlarla yanaşı, bir az da ölkəmizlə tanışlıq imkanınız olacaqdır.

Bildiyiniz kimi, ölkələrimiz arasındakı əlaqələr uğurla inkişaf edir. Bir çox sahələri əhatə edən ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir. Bizim iqtisadi, enerji sahələrində yaxşı əlaqələrimiz var, siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. Bu, regional inkişaf üçün çox önəmli amildir. Azərbaycan Fransa şirkətləri üçün sərmayələr baxımından cəlbedici məkandır. Bu yaxınlarda nəhəng qaz yatağının işlənilməsinə dair böyük müqavilə imzalanıb. Ümid edirik ki, bu, uğurlu olacaq və enerji təhlükəsizliyi məsələlərinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Fransanın bir çox şirkətləri Azərbaycanda podratçı kimi çalışır, tenderlərdə iştirak edir, qalib gəlir və ölkəmiz üçün əhəmiyyətli olan nəhəng layihələri həyata keçirirlər.

Müstəqilliyimizin ilk illərindən yaxın keçmişədək ölkəmizin siyasətinin əsas istiqaməti xarici sərmayələrin Azərbaycana cəlb olunması idi. Bu siyasət davam edir və böyük həcmdə sərmayələrin cəlb edilməsinə nail olmuşuq. Birbaşa sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan keçmiş sovet respublikaları arasında ilk yerlərdən birini tutur. İnkişafımızın bu mərhələsində isə daxili sərmayələr xarici sərmayələrdən daha çoxdur. Bu səbəbdən də hazırda biz təkcə sərmayədarlar haqqında danışmırıq, biz, eyni zamanda ölkəmizə zəruri olan layihələrin həyata keçirilməsi üçün yaxşı şirkətlərin, tərəfdaşların və podratçıların axtarışındayıq.

Son beş ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib. Biz ümumi daxili məhsulun (ÜDM) 2,6 dəfə artırılmasına nail olmuşuq. Sənaye istehsalı eyni həcmdə artıb. Biz büdcə xərclərini də eyni sürətlə 12 dəfə artırmağa nail olmuşuq. Biz yoxsulluğu 4 dəfə azaltdıq və son beş il ərzində 800 minə yaxın yeni iş yerinin açılması demək olar ki, işsizlik problemini aradan qaldırdı. Biz hazırda digər ölkələr kimi, qeyri-leqal miqrasiya problemi ilə üzləşirik və Azərbaycana xaricdən sürətlə gələn əmək qüvvəsinin fəaliyyətini tənzimləmək üçün tədbirlər görməliyik.

İqtisadi vəziyyət sabit olaraq qalır, hətta böhran dövründə iqtisadiyyatımız artır, cari ilin ilk beş ayında ÜDM 4,5 faiz artıb. Mühüm məsələ ondan ibarətdir ki, təkcə enerji deyil, əsasən qeyri-enerji sektoru da inkişaf edir. Ümumi daxili məhsulda qeyri-enerji sektorunun həcminin 6 faizdən çox olması iqtisadiyyatımızın şaxələndirilməsinə nail olduğumuzu göstərir. Biz bir çox keçmiş sovet respublikaları kimi, xarici yardımdan asılı deyilik, biz heç kimə maliyyə dəstəyi, kredit və buna aid məsələlər üçün müraciət etməmişik.

Bu, onu göstərir ki, ölkəmiz özünü tam şəkildə təmin etməyə qadirdir. Təbii ki, enerji amili enerji resursları ilə zəngin olan digər keçmiş sovet ittifaqı respublikaları kimi, ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Təbii ki, idarəetmənin səmərəli olması, şəffaflıq, məsuliyyət və şaxələndirmə də vacibdir. Azərbaycan indiyədək dünyada yeganə ölkədir ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün tam üzvüdür. Bizim Neft Fondumuz çox şəffaf qurumdur, BMT tərəfindən mükafatlandırılıb. Bu səbəbdən də Neft Fondunda toplanan və xərclənən vəsait çox şəffaf və tarazlıdır. Neft və qaz satışından əldə olunan vəsaitin xərclənməsi yalnız parlamentin təsdiqindən sonra mümkündür.

Neft qaz hasilatı artır. Bu il neft hasilatı gündə 1 milyon barelə yaxın olacaq. Hətta bu qiymətlərlə bu çoxdur. Qaz hasilatı 27 milyard kubmetr olacaq. Son iki il ərzində Azərbaycan təbii qaz idxalçısından ixracçısına çevrilməyə nail olub. 2006-cı ilin sonunadək biz idxalçı ölkə idik. Biz 4,5 milyard kubmetr qaz idxal edirdik. Bu gün biz təbii qazımızı müxtəlif ölkələrə ixrac edirik onun coğrafi ərazisi genişlənir. Enerji təhlükəsizliyi məsələləri üçün bu gün qaz amili neft amilindən önəmlidir. Biz qonşu ölkələrlə, Avropa İttifaqı ilə çox yaxından çalışırıq ümid edirik ki, ədalətli tranzit şərtlərinə nail olmaq üçün səylərimiz uğurlu olacaqdır.

Siyasətimiz çox aydındır. Biz istəyirik ki, iqtisadi sahədə digər ölkələrlə əməkdaşlığımız yaxşı beynəlxalq təcrübəyə, bazar iqtisadiyyatına və azad rəqabətə əsaslansın. Əgər bu yanaşmalar regionda üstünlük təşkil edəcəksə, biz böyük qaz yataqlarımızın daha sürətlə işlənilməsi imkanını əldə edəcəyik. Həll olunmamış tranzit məsələləri, alqı-satqı razılaşmaları səbəbindən biz artıq iki il itirmişik və bütün bunlar olmadan biz qaz layihələrinin əsas mərhələsinə sərmayə qoymağa başlaya bilmərik.

Yeri gəlmişkən deyim ki, bu sərmayələr 20 milyard dollara yaxın olacaqdır. Bu, təkcə bizim deyil, beynəlxalq enerji şirkətlərinin də sərmayələri olacaqdır. Təbii ki, əsas sərmayə layihələrindən birinin başlanması üçün bütün razılaşmalar masa üzərində olmalıdır. Tranzit, alqı-satqı, əlavə infrastruktura sərmayələrin yatırılması həmin məsələlərdəndir. Biz avropalı tərəfdaşlarımızla bu istiqamətdə çox ciddi çalışırıq. Bizim ümumi yanaşmamız var.

Beləliklə, əminəm ki, qarşıdan gələn bir çox illər ərzində də bizim Avropa İttifaqına üzv ölkələrlə əlaqələrimizdə enerji komponenti də olacaqdır. Bu səbəbdən biz bu əlaqələrə çox geniş şəkildə baxırıq. Bu yaxınlarda biz "Şərq tərəfdaşlığı" proqramına qoşulduq. Ümid edirik ki, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında daha yaxın əməkdaşlığa aparacaq və Fransanın Avropa İttifaqının qabaqcıl ölkələrindən biri kimi bu təşəbbüslərdə təbii ki, xüsusi rolu var.

Fransa, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədri kimi bizimlə birgə çalışır və ümid edirik ki, beynəlxalq ictimaiyyətin birgə səyləri Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gətirib çıxaracaqdır. Biz hazırda hər iki tərəfin mövqeyinə dair daha çox anlayışa malikik. Danışıqlar artıq son mərhələyə qədəm qoyub. Keçmişdə elə dövrlər olub ki, aparılan danışıqlar nəticəyə yaxın olub. Lakin Ermənistanda baş verən hadisələr, bəzən isə faciəli hadisələr nəticəsində bu danışıqlar dayandırılmışdır. Başqa sözlə, bütün mümkün ssenarilər artıq müzakirə edilib. Praqa prosesi adlandırılan bu format isə yəqin ki, son imkandır. Təbii ki, biz Ermənistan tərəfindən daha konstruktiv mövqe sərgiləməyi, danışıqlar prosesində heç bir süni ləngimələrin olmayacağını gözləyirik. Çünki bu status-kvo daha bir neçə il ərzində davam edə bilməz.

Atəşkəs rejiminin əldə olunmasından 15 il vaxt keçməsinə baxmayaraq, hələ də danışıqlar prosesini davam etdirməyimiz faktı münaqişəni sülh yolu ilə həll etmək istəyimizin bariz nümunəsidir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini ciddi şəkildə nəzərə almalıyıq və nizamlama prosesinin əyani icrasına başlamalıyıq.

Azərbaycanın işğal olunan bütün əraziləri azad edilməlidir ki, Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan qaçqın və köçkünlərimiz öz doğma torpaqlarına qayıda bilsinlər. Torpaqlarımız işğalçı qüvvələrdən azad olunmalıdır. Məhz bundan sonra bölgədə sülh bərqərar oluna bilər. Düşünürəm ki, bu, Ermənistan üçün də faydalı olacaq, çünki onların işğalçılıq siyasəti heç bir nəticəyə gətirib çıxarmadı. İşğal olunmuş ərazilərdə yaşayış yoxdur.

Onlar çalışdılar, lakin insanların olmaması səbəbindən buna nail ola bilmədilər. İşğal olunmuş bu ərazilərdə hər şey dağıdılıb. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan regional inkişafdan, nəqliyyat yollarından, enerji əməkdaşlığından təcrid olunub.

Atəşkəsin imzalanmasından sonrakı 15 il ərzində Azərbaycan irəliyə doğru böyük addımlar atıb. Biz əsl müstəqil ölkəyə çevrilmişik. Biz müstəqil siyasət yürüdürük. Biz qərarları qəbul edərkən hamı əmindir ki, bu qərarlar Azərbaycanda, Bakıda qəbul olunub. Ermənistana gəldikdə isə, onlar regional əməkdaşlığın bir hissəsi deyil - nə nəqliyyat, nə də enerji sahəsində.

Əsasən Azərbaycanla ünsiyyəti bərpa etmədən onların gələcək inkişafı çox çətin olacaq, xüsusilə də bu, böhran zamanı mümkün olmayacaq. Böhran əslində kimin kim olduğunu göstərdi. Böhrandan öncə hamı siyasi və iqtisadi keçid dövründə çox uğurlu və səmərəli nəticələrə nail olduğunu iddia edə bilərdi. Lakin böhran bir göstəricidir. Əgər indiki dövrdə keçid mərhələsini yaşayan ölkələrə baxsaq, kimin nə etdiyini görərik.

Biz bir daha onu demək istəyirik ki, digərlərindən fərqli olaraq, bu böhranın təsirini öz resurslarımız vasitəsilə azaltmağa çalışırıq. Təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistan üçün mütləq faydalı olacaq, bundan sonra bütün əlaqələr bərpa ediləcək. Münaqişə həll edilmədən regional vəziyyət sabit ola bilməz. Dağlıq Qarabağ münaqişəsinin həlli nəzərə alınmadan bəzi regional məsələlərin nizamlanmasına yönələn bir sıra cəhdlər uğursuz olub və uğurlu ola da bilməz. Çünki regiondakı reallıq ondan ibarətdir ki, Azərbaycanın mövqeyi və fikri mütləq nəzərə alınmalıdır. Azərbaycanın iştirakı olmadan regional inkişaf əbəsdir. Coğrafi yeri, regional mövqeyi, iqtisadi nailiyyətləri və təbii ki, enerji resursları baxımından Azərbaycanla hesablaşmalıdırlar.

Dağlıq Qarabağ münaqişəsi nizama salınmadan bəzi regional məsələlərin həllinə yönələn cəhdləri biz təbii ki, heç vaxt dəstəkləmirik. Bizim dəstəyimiz olmadan bu cəhdlərin gələcəyi yoxdur. Bunlar son ayların əsas hadisələridir. Bu, bir daha onu aydın şəkildə göstərir ki, regional məsələlər elə bir yolla həll edilməlidir ki, bütün ölkələr bundan faydalansın. Maraqlara məhəl qoymamağı planlaşdıran bir ölkədən biz əməkdaşlıq gözləyə bilmərik, bu da ədalətli deyil. Bir daha onu demək istərdim ki, bu münaqişə yalnız bizim problemimiz deyil. Bu, çox ciddi regional təhlükədir. Hazırda həssas sülh və atəşkəs rejimi mövcuddur və burada sülhün sabit və uzunmüddətli olması üçün biz müharibənin nəticələrini aradan qaldırmalıyıq. Mən sadəcə bu məsələ ilə bağlı öz fikirlərimi bölüşmək istərdim, çünki mövqeyi mənbənin özündən öyrənmək vacibdir.

Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının dostu və tərəfdaşı kimi bu qurumla olan münasibətlərdən çox razıdır. Bununla belə, biz qarşılıqlı şəkildə faydalı, daha çox əməkdaşlıq, daha çox əlaqələr yaratmaq istəyirik. Bu mənada Azərbaycan ilə Fransa arasındakı əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Çox şadam ki, ölkənizin səfirləri Azərbaycana səfər ediblər. Ümid edirik ki, Azərbaycana səfəriniz maraqlı olacaq. Sizə və ölkənizə uğurlar arzulayıram. Bir daha sizi görməkdən şadam.

Fransa Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə idarəsinin direktor müavini Erik MİLLE qəbula görə təşəkkür edərək dedi:

- Cənab Prezident, vaxt tapıb bizi qəbul etdiyinizə görə çox sağ olun. Azərbaycanın əldə etdiyi nailiyyətləri və ölkəni narahat edən problemlər haqqında fikirlərinizi bizimlə bölüşdüyünüzə görə, Sizə öz həmkarlarım adından dərin təşəkkürümü bildirirəm.

Qafqaz ölkələri, Şərqi Avropa, Mərkəzi Asiya və Rusiyada çalışan həmkarlarım - səfirlərdən ibarət nümayəndə heyəti bu görüş vasitəsilə ölkənizi daha yaxşı tanımaq fürsətini əldə etdi. Təbii ki, bu görüşün baş tutmasında həmkarım cənab Qabriel Kellerin xidmətini də xüsusi qeyd etmək istəyirəm. Fürsətdən istifadə edərək Fransa ilə Azərbaycan arasında Sizin sayənizdə yüksək dərəcədə inkişaf etmiş münasibətlərə görə minnətdarlığımızı bildiririk.

Əlaqələrimiz bir çox sahələrdə genişlənir. Azərbaycan Fransa üçün mühüm tərəfdaşdır. Bizi qəbul etdiyinizə görə bir daha Sizə minnətdaram.

Prezident İlham ƏLİYEV:

- Sağ olun. Qeyd etmək istəyirəm ki, tərəfdaşlığımız nisbətən yeni olsa da, lakin onun yaxşı tarixi var. Müstəqilliyimizi əldə etdiyimiz dövrdən etibarən Fransa ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bir daha qeyd etmək istəyirəm ki, rəhmətlik atam Heydər Əliyevin Prezident kimi ilk rəsmi səfəri məhz Fransaya olmuşdu. O, 1993-cü ildə prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya etdi. Bu ənənə davam edir. 2003-cü ildə mənim prezident kimi ilk rəsmi səfərim Fransaya oldu. Həmin vaxtdan etibarən bir çox tədbirlər keçirilib. Mən ölkənizin rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişəm. Mənim əvvəlki Prezidentlə, o cümlədən hazırkı Prezident cənab Sarkozi ilə çox yaxşı, səmimi münasibətlərimiz var. Onunla çox yaxşı müzakirələrimiz olub.

Azərbaycanın enerji siyasəti çox aydındır. Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan etmiş ilk ölkə olduq. Xarici şirkətlərlə birgə Xəzər dənizindən Aralıq dənizinə qədər boru kəmərini tikmiş ilk ölkə biz olduq. Bu, bir növ qapıları açdı. Sonra isə ikinci qaz xətti çəkildi.

Biz iqtisadiyyatımızın tamamilə şaxələndirilməsinə nail olmuşuq. İqtisadi islahatlar siyasətini həyata keçirmişik. 2008-ci ildə Dünya Bankı öz hesabatında Azərbaycanı bir nömrəli islahatçı ölkə elan edib. Bütün bunlar birdən-birə baş verməyib, biz uzun yol keçmişik. Əgər sizin özünüzə inamınız varsa, resurslara maliksinizsə və özünüzü təmin edirsinizsə, o zaman siz digərlərindən asılı deyilsiniz.

Prezident İlham Əliyev onu da dedi ki, Avropa İttifaqı hazırda dünyada təkmil sistemlərdən biridir. Quruma üzv olan ölkələr böyük inkişaf yolu keçib, aralarındakı sərhədləri tam açıblar. Əfsuslar olsun ki, Avropadan fərqli olaraq, Azərbaycanın yerləşdiyi region sabit deyildir. Regionda münaqişələrin mövcudluğu bu reallığı ortaya qoyur. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan heç kimin daxili işlərinə qarışmır, qonşularla olan münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan dünyəvi dövlətdir, ölkəmiz öz dini və milli dəyərlərini qoruyaraq ümumbəşəri dəyərlərə də sadiqdir. Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətlərini bundan sonra da möhkəmləndirmək əzmindədir.

Görüşün sonunda Fransanın MDB ölkələrində akkreditə olunmuş səfirləri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 iyun.- S. 1.