Neft və qaz
sənayesində idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi
haqqında
Son illər Azərbaycan
Respublikasının iqtisadi potensialının gücləndirilməsi
istiqamətində bir sıra irimiqyaslı layihələr həyata
keçirilmişdir. Bu işlərin əsasında duran yeni
neft strategiyası sayəsində respublikada müasir tələblərə
cavab verən hasilat, emal və nəqletmə sistemləri
formalaşdırılmış, ölkəmizin qlobal enerji təhlükəsizliyi
sisteminə inteqrasiyası əhəmiyyətli dərəcədə
artmışdır.
Eyni zamanda, Azərbaycan
Respublikası qaz idxal edən ölkədən həm
qazın ixracatçısı, həm də tranzit ölkə
kimi mövqelərini möhkəmləndirməkdədir. Lakin
bu proses iqtisadiyyat üçün geniş perspektivlər
yaratmaqla yanaşı, beynəlxalq standartların tətbiqini
tələb edir. Mövcud sahələrarası maneələr,
paralel qurumlar sahənin kompleks şəkildə inkişaf
etdirilməsində, investisiyaların cəlb edilməsində
və texnoloji sistemin tam şəkildə yenidən
qurulmasında müəyyən məhdudiyyətlər
yaradır. Bununla bağlı idarəetmə sisteminin təkmilləşdirilməsi
və itkilərin azaldılması yolu ilə səmərəliliyinin
artırılması hesabına qazın nəqli və təchizatında
operativ idarəetmə mexanizmləri təşkil edilməlidir.
Azərbaycan
Respublikasının neft-qaz sahəsində vahid idarəetmə
sisteminin yaradılması məqsədi ilə qərara
alıram:
1. Səhmləri tamamilə
dövlətə məxsus olan qapalı tipli "Azəriqaz"
Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin tabeliyinə verilsin.
2. Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinə, Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə və Azərbaycan Respublikasının Vergilər
Nazirliyinə tapşırılsın ki, "Azəriqaz"
Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsini
və dövlət qeydiyyatına alınmasını təmin
etsinlər.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
3.1. bu sərəncama
uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin nizamnaməsi və strukturunun təkmilləşdirilməsi
ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
3.2. qüvvədə
olan qanunvericilik aktlarının bu sərəncama
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu sərəncama
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.4. bu sərəncamdan
irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2009-cu il
Azərbaycan.- 2009.- 2 iyul.- S. 1.