Sabitliyin, ictimai asayişin
və qanunçuluğun
qorunması əsas vəzifəmizdir
- Cənab nazir,
yaranmasının 91-ci ildönümünü qeyd edən
polis orqanları şərəfli tarixə, dövlətə
və xalqa layiqli xidmət salnaməsinə malikdir. Həyatının
40 ilindən artıq bir dövrünü bu mühüm
dövlət strukturunda xidmət edən şəxs kimi,
polisin fəaliyyətində hansı ən əlamətdar məqamları
qeyd edərdiniz?
- Polisin fəaliyyətinin
ən əlamətdar məqamlarını bütünlüklə
əks etdirmək, sözsüz ki, bir müsahibənin
mövzusu ola bilməz və nə qədər müfəssəl
təsvir etsən də, yenə tam və əhatəli
olmayacaqdır. Çünki vəzifəsindən və
rütbəsindən, eləcə də xidmət etdiyi
ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanın
daxili işlər orqanlarının hər bir əməkdaşının
fəaliyyəti onun üçün müstəsna əhəmiyyət
kəsb edən və əlamətdar hadisələrdən
xali deyildir. Həm də bizlər, sadə vətəndaş
üçün maraqlı və cəlbedici görünən
xidmətimizi heç vaxt əlahiddə tutmur, başqa
ixtisaslardan fərqləndirmir, gündəlik funksiyalardan, vəzifə
borcundan, peşə andından irəli gələn öhdəliklər
kimi qəbul edirik.
Ulu öndərimiz
haqlı olaraq qeyd edirdi ki, polis işi böyük məsuliyyət
tələb edən peşədir. Bu peşəyə yiyələnən
insan cəmiyyətin və ətrafında olan hər bir fərdin
təhlükəsizliyinə cavabdehlik daşımaq, bunun
üçün hətta canını da fəda etmək məsuliyyətini
şüurlu şəkildə üzərinə
götürür. Əməkdaşlarımız tarixən
dövlətin və xalqın ən çətin anlarında
vətənin müsəlləh əsgərləri olmuş,
Xalq Cümhuriyyəti dövründə erməni daşnak dəstələrinə
qarşı döyüşlərdə, sonralar isə
faşizmə qarşı mübarizədə fəal
iştirak etmişlər. Qanlı Qarabağ savaşında da
ön cəbhədə vuruşaraq Azərbaycanın ərazi
bütövlüyünü mərdliklə qorumuşlar. Xidməti
vəzifələrini yerinə yetirərkən həlak olmuş
bütün əməkdaşlarımızın xatirəsi
bizim üçün çox əzizdir və bu əlamətdar
gündə onların hər birini böyük ehtiramla yad
edirik.
Bir neçə gün
öncə Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə və Daxili İşlər nazirliklərinin,
Dövlət Sərhəd Xidmətinin irimiqyaslı Birgə Əməliyyat-Taktiki
Təlimi keçirildi. Dörd min nəfərdən çox
şəxsi heyətin, yüzlərlə tank, zirehli
döyüş maşını, artilleriya sistemləri,
döyüş təyyarəsi və vertolyotun cəlb
olunduğu bu möhtəşəm tədbir dövlətimizin
hərbi qüdrətinin, eyni zamanda, günbəgün artan
iqtisadi potensialının əyani təzahürü idi. Ali
Baş Komandanımız əsgər və zabitlər
qarşısında - "Müharibə hələ bitməyib,
müharibənin birinci mərhələsi başa
çatıbdır və hər an hazır olmalıyıq
ki, öz doğma torpağımızı düşməndən
silahlı yolla azad edək" - bəyanatını verəndə
müşahidə etdim ki, əsgərlərimizin
döyüş ruhu olduqca yüksəkdir, Milli Ordunun və
silahlı birləşmələrin şəxsi heyəti Ali
Baş Komandanın "İrəli!" əmrini icra etməyə,
Vətən torpağını düşməndən təmizləməyə
tam hazırdır.
Bir daha vurğulamaq istərdim
ki, 91 illik tariximizin hər bir səhifəsi, hər bir anı
əlamətdar olaraq vətənə və xalqa sədaqət
missiyasını, daxili işlər orqanlarının peşəkarlığını
əks etdirir.
- Bəs şəxsi heyətin
peşəkarlıq səviyyəsi, müasir fəaliyyət
metodlarına yiyələnməsi sizi qane edirmi?
- Şəxsən mənim
üçün peşəkarlıq yalnız fərdi qabiliyyətlərin
və təcrübi fəaliyyətin birgə nəticəsi
demək deyildir. Peşəkarlıq - məşğul
olduğun sahədə işi yüksək səviyyədə
təşkil etmək, lazımi biliklərə, nəzəri
və praktiki hazırlığa malik olmaq, problemləri
görmək və onları aradan qaldırmağı bacarmaq,
həlli vacib olan məsələləri dəqiq müəyyənləşdirib
yerinə yetirmək, müasir iş metodlarına yiyələnmək
və onları praktiki fəaliyyətdə tətbiq etmək,
xidməti vəzifələrin icrasına vicdanla, böyük
məsuliyyətlə yanaşmaqdır. Bu baxımdan şəxsi
heyətin peşəkarlığının
artırılması daim diqqət mərkəzində
saxladığımız əsas məsələlərdəndir.
Əslində, peşəkarlıq olmayan yerdə uğurlu fəaliyyətdən
də danışmaq mümkün deyildir.
Hazırda xidmətin
müasir standartlar səviyyəsində təşkilinə
yönəlmiş islahatlar və inkişaf dövrünü
yaşayan daxili işlər orqanları üçün
ictimai qaydanın, qanunun aliliyinin təmin edilməsi, insan
faktoru, cinayətkarlığa qarşı mübarizənin
uğurla aparılması əsas prioritetlərdir. Bu sahədə
sistemli şəkildə təşkilati-əməli iş həyata
keçirilir, o cümlədən müasir və təkmil
yeniliklər tətbiq edilir, əməkdaşların həm
peşəkarlıq səviyyəsinin artırılması, həm
də mənəvi yetkinləşməsi üçün
müvafiq tədbirlər görülür. Əlbəttə,
fəaliyyətin elə istiqamətləri də var ki, orada bu
məsələyə daha həssas yanaşmaq və
qabaqcıl beynəlxalq təcrübəni öyrənib tətbiq
etmək xüsusilə vacibdir.
Məsələn,
müasir dövrün çağırış və təhdidlərinə
adekvat cavab vermək üçün ilk növbədə
informasiya-analitik işin, habelə transmilli mütəşəkkil
cinayətkarlığın təzahürlərinə, o
cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə,
insan alverinə, qeyri-leqal miqrasiyaya qarşı əməliyyat-axtarış
fəaliyyətinin yaxşılaşdırılması məqsədilə
tərəfimizdən beynəlxalq təcrübədə
özünü doğrultmuş tədbirlər həyata
keçirilir. Digər tərəfdən, cinayətlərin
açılmasında, təqsirləndirilən şəxslərin
tutulmasında, bütövlükdə əməliyyat-axtarış
fəaliyyətində elmi-texniki tərəqqinin son nailiyyətləri
geniş tətbiq edilir.
Son illər ictimai
asayişin, insan hüquq və azadlıqlarının
qorunması sahəsində fəaliyyətin yüksələn
xətt üzrə inkişaf etməsi artıq faktdır. Əldə
olunan uğurlar isə bizdə nəinki
arxayınçılıq yaratmır, əksinə,
onların qorunub saxlanılması və artırılması
yönümündə şəxsi heyət böyük səylə
çalışır. Qarşıda duran məqsədlərə
nail olmaq üçün kifayət qədər
potensialımız, peşəkar kadr heyətimiz, mükəmməl
maddi-texniki bazamız vardır.
- Cənab nazir, bəs
Azərbaycan polisinin yeni nəsli öz sələflərini
layiqincə əvəz etməyə hazırdırmı? Ümumiyyətlə,
gənc polislərimizin hazırlıq prosesi necə təşkil
olunub və onlarda, əsasən, hansı fərdi keyfiyyətləri
daha qabarıq görmək istərdiniz?
- Qazanılan hər bir
müsbət təcrübə, əldə olunan nailiyyət
hökmən gələcək nəsillərə
ötürülməli, onilliklər ərzində
yaranmış şanlı ənənələr
yaşadılmalıdır. Sözsüz ki, nə mən, nə
də ki, nazirliyin rəhbər heyəti, generallar elə bu
rütbələrdə, bu vəzifələrdə daxili
işlər orqanlarında xidmətə
başlamamışıq. Ən kiçik vəzifələrdə
və rütbələrdə illər boyu peşə
andımıza, vəzifə borcuna məsuliyyətlə
yanaşmışıq. Daim öyrənmişik, yenilikləri
mənimsəmişik, inamla inkişafa, təkmilləşməyə
doğru getmişik. Bu gün isə elə bir dövrdə
yaşayırıq ki, artıq həm də öyrətməliyik.
Gənc əməkdaşlara yalnız rəis, yaxud komandir kimi
deyil, böyük həyat və iş təcrübəsi əldə
etmiş bir müəllim olaraq da yanaşmalıyıq. Bu mənada,
hamiçilik işi daxili işlər orqanları rəhbərliyinin
daim diqqət mərkəzindədir və biz müvafiq sahədə
işin formal aparılmasına qətiyyən yol verə bilmərik.
Peşəkar əməkdaşlar öz təcrübələrini
gənc mütəxəssislərə öyrətməklə
yanaşı, işdə və davranışda onlara nümunə
olduqlarını da unutmurlar. Təcrübəli əməkdaşların
bilik və bacarığı ilə gənclərin həvəs
və enerjisi harmonik şəkildə uzlaşmış,
yüksək professionallığa malik kadr özəyi
yaranmışdır.
Bu mühüm istiqamətdə
qarşıda duran vəzifələrin uğurla həyata
keçirilməsində nazirliyin Polis Akademiyası da çox
mühüm rol oynayır. Yüksək ixtisaslı
hüquqşünas kadrlar hazırlayan bu təhsil müəssisəsində
beynəlxalq standartlar səviyyəsində hərtərəfli
islahatlar aparılmış, zəngin fondu, elektron kataloqu olan
kitabxana yaradılmışdır. Akademiyanın
Bayrağı, habelə təhsildə fərqlənən və
intizamı ilə seçilən müdavimlər
üçün "Heydər Əliyev" təqaüdü
təsis edilmişdir. Akademiyanın qarşısında duran əsas
vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji
keyfiyyətlərə, xüsusi fiziki hazırlığa,
möhkəm iradəyə və qətiyyətə malik polis
zabitləri hazırlamaqdır. Mənim akademiyanın rəhbərliyindən
və pedaqoji kollektivdən əsas tələbim də budur
ki, müdavimlərdə zabit qüruru, saf mənəviyyat
formalaşdırmaq üçün xüsusi səy göstərsinlər,
tədris prosesində ən mükəmməl, praktikada
özünü doğruldan metodlar tətbiq edilsin, qətiyyət,
vətənpərvərlik, humanizm kimi dəyərlər
aşılansın.
Şəxsi heyətin
sıralarına daha hazırlıqlı və bacarıqlı
gəncləri cəlb etmək üçün kadr
seçiminə də xüsusi həssaslıqla
yanaşırıq. Qanunçuluğa uyğun olaraq, xidmətə
qəbul şəffaflıq və müsabiqə prinsipləri
əsasında həyata keçirilir. Son illər Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasında keçirilən
test imtahanlarının nəticələrinə görə
orta rəis heyəti vəzifələrində xidmətə
ali hüquq təhsili olan yüzlərlə gənc qəbul
edilmişdir. Sıravi və kiçik rəis heyəti vəzifələrinə
qəbul da şəffaflıq şəraitində
aparılır, fiziki hazırlıqlı, ekstremal vəziyyətdə
düzgün və adekvat qərar qəbul etmək
bacarığına malik gənclər seçilir.
Əməkdaşlarımızın
xarici dövlətlərdə təhsil almalarına da önəm
veririk. İndiyədək yüzlərlə əməkdaşımız
dünyanın ən məşhur ali məktəblərində
müvafiq ixtisas üzrə biliklərini təkmilləşdirmiş,
təhsildə yüksək nəticələr göstərmişdir.
Bu gün Türkiyənin, Rusiya Federasiyasının, Çin
Xalq Respublikasının, Böyük Britaniyanın və digər
ölkələrin nüfuzlu universitet və akademiyalarında
təhsilini davam etdirən onlarla əməkdaşımız
vardır. Böyük əksəriyyəti gənclərdən
ibarət olan şəxsi heyət BMT, NATO, Avropa
İttifaqı və Avropa Şurası, ATƏT, Beynəlxalq
Miqrasiya və İqtisadi Əməkdaşlıq təşkilatları,
GUAM, MDB və s. beynəlxalq qurumlar tərəfindən təşkil
olunan müxtəlif tədbirlərdə iştirak edir, təcrübə
qazanır.
Gənc əməkdaşlarla
keçirilən hər bir görüşdə
qarşılarında duran mühüm vəzifələri
izah edirik. Nədir bu vəzifələr? Ən əsası və
vacibi - müstəqilliyimizi, dövlətçiliyimizi,
ictimai-siyasi sabitliyi, qanunçuluğu, xalqın əmin-amanlığını
etibarlı qorumaqdır. İkincisi, hər bir əməkdaş
bilməlidir ki, daxili işlər orqanları insanların, vətəndaşlarımızın
güvənc yeridir. Hakimiyyətin nümayəndəsi olan
polis qanunçuluğa riayət etməli, mədəniyyəti,
nəzakətli davranışı ilə nümunə
olmalı, xalqın dəstəyini qazanmalı, hər bir hərəkətinin
arxasında dövlətin nüfuzunun, imicinin
dayandığını dərk etməlidir. Xidməti borca
sadiq olmalı, əzm və fədakarlıqla
çalışmalı, cəmiyyətdə polisin
nüfuzunun, ona olan inamın artırılması
üçün biliyini, qüvvə və
bacarığını əsirgəməməlidir. Daim
axtarışda olmalı, öz üzərində işləməli,
təcrübəli əməkdaşlardan öyrənməli,
qanunvericilik aktlarını, cinayətkarlıqla mübarizəyə
dair beynəlxalq sənədlərin tələblərini dərindən
bilməlidirlər.
Vətəndaşlar da əmin
olmalıdırlar ki, onlar lazım olan anda kömək və
qayğını məhz polisdə tapacaqlar. Bizim
üçün isə ən böyük, ən dəyərli
və obyektiv qiymət xalqın inamıdır: hər bir əməkdaşa
və bütövlükdə nazirliyə olan inam.
Hesab edirəm ki, daxili
işlər orqanlarının gənc əməkdaşları
bu gün onlarda görmək istədiyimiz bilik və
bacarığa, xüsusi hazırlıq səviyyəsinə
malikdirlər. Müasir iş metodlarını həvəslə
mənimsəyirlər, xidmətdə özlərini
doğruldurlar. Bir sözlə, polisin fədakar və nəcib
missiyasını davam etdirməyə qadirdirlər. Biz, belə
demək mümkünsə, Azərbaycan polisinin şərəf
bayrağını daşımağı onlara etibar edə
bilərik və edirik də.
Sualınızın
ikinci hissəsinə gəldikdə isə, mən hər bir gənc
əməkdaşı cəsur, mübariz, qətiyyətli,
prinsipial, savadlı, təşəbbüskar, insanlarla
ünsiyyət qurmağı bacaran polis kimi görmək istərdim.
Bu xüsusda ulu öndərin heç bir zaman
unutmadığım, gənc əməkdaşlarımıza
isə dönə-dönə xatırlatdığım
çox dəyərli bir tövsiyəsini yada salıram:
"Özünü polis peşəsinə həsr edən
insan, hüquq-mühafizə orqanlarında işləyən hər
bir şəxs birinci növbədə mənəviyyatca saf
olmalıdır. Bütün başqa
çatışmazlıqları, nöqsanları
bağışlamaq olar, onlara dözmək də olar. Amma bu
nöqsanı, - əgər buna nöqsan demək olarsa, -
bağışlamaq, bu hallara dözmək olmaz". Dahi Heydər
Əliyevin böyük müdrikliklə müəyyən
etdiyi bu meyar bütün polis əməkdaşlarının,
o cümlədən xidmətə yeni başlayan, yaxud daxili
işlər orqanlarında xidmət etmək arzusunda olan gənclərimizin
həyat amalına çevrilməlidir.
- Cənab nazir, son
dövrlər dövlət başçısının da
açılışında iştirak etdiyi çoxsaylı
infrastrukturlar, sözsüz ki, əməkdaşların xidmət
şəraitinin yaxşılaşdırılmasına
müsbət təsir göstərir. Mümkünsə, bu barədə
bir qədər ətraflı məlumat verərdiniz.
- Ölkə həyatının
bütün sahələrində əldə olunmuş misilsiz
nailiyyətlər nəticəsində Azərbaycan beynəlxalq
aləmdə sosial-iqtisadi inkişaf dinamikası və
aparılan islahatların səmərəliliyi
baxımından lider dövlətlərdəndir. Eyni zamanda,
bu uğurlar hər bir vətəndaşın gündəlik
həyatında, rifah halında öz əksini tapır. Həyata
keçirilən böyük quruculuq işləri daxili
işlər orqanlarınının fəaliyyətinə, onun
çoxminli şəxsi heyətinin sosial müdafiəsinə
də müsbət təsirini göstərir.
Ümumən, ulu öndər
Heydər Əliyev siyasi hakimiyyətə gəldiyi ilk günlərdən
şəxsi heyət xüsusi diqqət və qayğı ilə
əhatə olundu, vəzifə və rütbə
maaşları, digər təminat xərcləri
ardıcıl olaraq artırıldı, maddi-texniki təchizatın
yaxşılaşdırılması üçün xeyli
iş görüldü. Ümummilli liderin
qayğıkeşlik ənənələrini böyük fəallıqla
davam etdirən möhtərəm Prezident İlham Əliyev də
daxili işlər orqanlarında fəal inkişaf tempinin
saxlanılması, xidmət şəraitinin, əməkdaşların
və hərbi qulluqçuların sosial-məişət
problemlərinin həlli üçün bütün
lazımi şəraiti yaratmışdır. Ölkə rəhbərinin
təşəbbüsü ilə 2004-cü ildə qəbul
olunmuş "Azərbaycan Respublikasında polis
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə
dair" Dövlət Proqramı isə xidməti fəaliyyətin
beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində
əvəzsiz rol oynamışdır. Əməliyyat-xidməti
fəaliyyətdə, təlimdə və təhsildə
böyük önəm daşıyan xüsusi texnika,
avadanlıq və vasitələrlə təchizat mükəmməl
səviyyəyə çatmış, yeni informasiya sistemlərinin
tətbiqi intensiv xarakter almışdır. Demək olar ki, əksər
struktur qurumlar üçün yeni inzibati binalar inşa
edilmiş və ya müasirləşdirilmişdir. Nazirliyin təşkilati
strukturunda əhəmiyyətli yeri olan Daxili Qoşunlar
nümunə göstərilə biləcək, yüksək
döyüş hazırlığına malik mobil hərbi
birləşməyə çevrilmişdir. Hərbi hissələrdə
əsgər və zabitlər üçün hər cür
şərait yaradılmış, müasir standartlara cavab verən
yataqxana korpusları, məişət obyektləri, təlim
şəhərcikləri və s. tikilmişdir.
Təkcə cari ilin
ötən dövründə möhtərəm Prezidentimizin
açılışında iştirak etdiyi tədbirləri
sadalamaqla daxili işlər orqanlarına dövlət səviyyəsində
göstərilən diqqətin və dəstəyin miyqasını
əhatə etmək olar. Fevral ayının 24-də Daxili
İşlər Nazirliyinin general-leytenant Arif Heydərov
adına Respublika hospitalının və "Təhlükəsiz
şəhər" avtomatlaşdırılmış idarəetmə
mərkəzinin yeni binalarının, martın 2-də Bərdə
rayonunda Daxili Qoşunların "N" saylı hərbi hissəsi
üçün inşa olunmuş şəhərciyin,
mayın 25-də Gəncədə şəhər polis idarəsinin
yeni inzibati binasının və Daxili Qoşunların
"N" saylı hərbi hissəsində zabit
yataqxanasının açılışında iştirak edən
Prezident İlham Əliyev bu obyektlərin tikintisini ölkədə
uğurla aparılan sosial-iqtisadi islahatların məntiqi nəticəsi
kimi dəyərləndirmişdir.
Dövlətimizin
başçısı qeyd etmişdir ki, nazirliyin hospitalı
müasir avadanlıqlarla təchizatına, binasının
görünüşünə və daxili dizaynına görə
ən yüksək standartlara cavab verir və bəlkə də
inkişaf etmiş ölkələrdə mövcud olan xəstəxanaları
qabaqlayır. Bununla bərabər, "Təhlükəsiz
şəhər" avtomatlaşdırılmış idarəetmə
sistemini dünyanın ən modern informasiya resursu kimi səciyyələndirən
ölkə rəhbəri bu qurumun paytaxtda təhlükəsizliyin
etibarlı şəkildə təmin olunmasında əhəmiyyətliliyini,
əməliyyat şəraitinə müsbət təsir
göstərəcəyini, habelə baş verən qanunazidd
hallara çevik reaksiya verilməsini köklü şəkildə
yaxşılaşdıracağını xüsusi qeyd
etmişdir. Regionların sosial-iqtisadi inkişaf strategiyası
çərçivəsində istifadəyə verilən digər
obyektlər də dövlət başçısının rəhbərliyi
ilə həyata keçirilən böyük quruculuq işlərinin
tərkib hissəsi olaraq fəaliyyətimiz üçün əvəzsiz
töhfələrdir.
İki gün öncə
cənab İlham Əliyevin açılışını
keçirdiyi Bakı Baş Polis İdarəsinin, habelə
İdman Cəmiyyətinin yeni inzibati binalarının istifadəyə
verilməsi də dövlət qayğısının
növbət əyani təzahürüdür. Cəmiyyətin
böyük idman zalında gənc idmançılar və
Olimpiya oyunlarının mükafatçıları
qarşısında çıxış edən möhtərəm
Prezident Daxili İşlər Nazirliyinin bütün
infrastrukturunun yeniləndiyini, Azərbaycan dövlətinin
öz polisinə, polis işçilərinə diqqət və
qayğısını bundan sonra da davam etdirəcəyini,
habelə cinayətkarlığa qarşı mübarizənin
ön cəbhəsində olan polis orqanlarının Azərbaycanın
uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam
şəkildə bərqərar olunmasında, asayişin
yüksək səviyyədə qorunması işində
çox böyük zəhmətinin olduğunu və polis
işçilərinin işini çox yüksək qiymətləndirdiyini
vurğulamışdır. Zati-alilərinin fəaliyyətimizə
verdiyi bu ali qiymət, sözsüz ki, hər bir əməkdaşı,
hər bir hərbi qulluqçunu böyük nailiyyətlərə
ruhlandırmaqla bərabər, onların üzərinə daim
səylə çalışmaq, göstərilən inam və
etimadı doğrultmaq məsuliyyətini qoyur.
- Azərbaycanın
uğurlarından danışarkən hər zaman ictimai
asayişi və respublikamızda baş verən cinayətlərin
digər ölkələrlə müqayisədə
azlığını xüsusilə qeyd edirik. Bu fakt ölkədəki
kriminogen durumu qənaətbəxş saymağa əsas verir.
Cinayətkarlığın vəziyyətinin son illər
üzrə müqayisəli təhlili kontekstində hansı
müsbət və mənfi tendensiyaları qeyd edərdiniz?
- Son 15 ildə cinayətkarlığa
qarşı mübarizədə, asayişin və əmin-amanlığın
təmin edilməsində, vətəndaşların, ölkədə
olan əcnəbilərin təhlükəsiz şəraitdə
yaşayıb fəaliyyət göstərməsində əldə
olunmuş nailiyyətlərin banisi məhz ümummilli
liderimizdir. Respublikada cinayətkarlığa qarşı qətiyyətli
mübarizənin başlanğıcını qoymuş ulu
öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixli
"Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi tədbirləri
haqqında" fərmanından ötən 15 il ərzində
həyata keçirilən əməliyyat-axtarış tədbirləri
ilə 22 mindən çox cinayətkar qrup və dəstə
zərərsizləşdirilmişdir. Əllərdə
qanunsuz saxlanılan 30 minə yaxın odlu silah
yığılmış və qeyd olunan illərdə onun tətbiqi
ilə törədilən cinayətlərin sayı təxminən
7 dəfə, habelə qəsdən adam öldürmələr,
quldurluqlar, soyğunçuluqlar və s. xüsusilə
ağır cinayətlər 3 dəfə azalmışdır.
Bu müddətdə axtarışda olan 70 mindən artıq təqsirləndirilən
şəxs tutulmuş, qanunsuz dövriyyədən 3 tondan
çox narkotik vasitə çıxarılmışdır. Son
illər bir sıra ağır cinayətlərin davamlı
şəkildə azalma tendensiyası müşahidə olunur.
Ayrı-ayrı qanun pozuntularının baş verməsi isə
proqnozlaşdırılan çərçivədən kənara
çıxmır. Möhtərəm Prezidentimizin rəhbərliyi
altında respublikanın digər hüquq-mühafizə və
xüsusi xidmət orqanları ilə birgə məqsədyönlü
tədbirlər bu gün də ardıcıllıqla davam
etdirilir.
Ölkəmizdə
kriminogen durumun vəziyyəti ilə bağlı göstəriciləri
əks etdirən rəsmi statistika barədə ictimaiyyət
müntəzəm məlumatlandırılır. Əldə
olunan nəticələri isə bir faktla ümumi şəkildə
qeyd edərdim. Artıq uzun illərdir ki, Azərbaycan əmin-amanlığın
yüksək səviyyədə qorunduğu təhlükəsiz
ölkələrdən olmaqla asayişin təmininə, cinayətkarlıqla
mübarizənin nəticələrinə, o cümlədən
əhalinin hər 100 min nəfərinə düşən
cinayətlərin sayının azlığına görə
MDB, eləcə də Şərqi Avropa məkanında
öncül mövqe tutur.
- Daxili işlər
orqanlarında vətəndaşların qəbulu və
onların müraciətlərinə baxılması işinin
vəziyyəti hansı səviyyədədir?
- Vətəndaşların
qəbulu və onların müraciətlərinə
baxılması işi daim diqqət mərkəzində
saxlanılan əsas məsələlərdən olmaqla bu sahəyə
nazir kimi şəxsən özüm nəzarət edirəm. Daxil
olan ərizə, təklif və şikayətlər xüsusi
diqqət və həssaslıqla araşdırılır,
ümumiləşdirilir, təhlil olunur. Bu işin nəticələri
idarəçilik qərarlarının qəbul edilməsində,
ictimai asayişin təmini prosesində nəzərə
alınır.
Ötən il nazirliyin rəhbərliyi
tərəfindən respublikanın 10 regionu üzrə 300-ə
yaxın vətəndaş qəbul edilərək
qaldırdıqları problemlərin əksəriyyəti
yerində həll edilmiş, bir qisim şikayətlər
üzrə araşdırmalar aparılaraq təşəbbüskarlara
yazılı cavablar verilmişdir. Ümumilikdə isə
Daxili İşlər Nazirliyinin aparatında 4714 vətəndaş
qəbul edilmişdir. Bu müddətdə 19.605 şəxsdən
28.299 ərizə və şikayət daxil olmuşdur. Müraciətlərin
təhlilindən bir tendensiya aşkar görünür:
onların müəyyən hissəsi eyni məzmunlu və ya
təkrar xarakterli olur, yaxud da qaldırılan məsələlər
DİN-in səlahiyyətlərinə aid olmur. Sonuncu halda müraciət aidiyyəti
üzrə göndərilir.
Amma bilavasitə daxili
işlər orqanlarının fəaliyyəti ilə əlaqədar
olanlar nazirliyin rəhbərliyi tərəfindən nəzarətə
götürülərək baxılır və öz qanuni həllini
tapır. Bütövlükdə 2008-ci ildə Daxili
İşlər Nazirliyində araşdırılmış
45.583 müraciətdən 48,5 faizində qaldırılan məsələlər
təsdiqə yetmiş, 29,2 faizi əsassız olmuş, 7,5
faizi aidiyyəti dövlət orqanlarına, 3,4 faizi tabeli
qurumlara göndərilmişdir.
2009-cu ilin ötən
dövründə isə nazirliyin rəhbərliyinin
ünvanına 7476 vətəndaşdan 10.745, elektron
poçtuna 483 vətəndaşdan 598 müraciət daxil
olmuş, tərəfimdən 35 vətəndaş qəbul
edilərək qaldırdıqları məsələlərlə
bağlı müvafiq tədbirlərin görülməsi təmin
olunmuşdur.
- Cənab nazir, polis-vətəndaş
münasibətlərinin, ictimaiyyətlə əlaqələrin
gücləndirilməsi istiqamətində hansı işlər
görülür?
- Hüquq-mühafizə
fəaliyyətinin yeni iqtisadi və sosial münasibətlərə
uyğun qurulması cəmiyyətin Daxili İşlər
Nazirliyinə olan tələblərini də əhəmiyyətli
dərəcədə artırır, üzərinə
düşən vəzifələrin dairəsi genişlənir.
İnsan hüquq və azadlıqlarının qorunması
başlıca funksiyalardan birinə çevrilir. Möhtərəm
Prezidentimizin "Hakimiyyət nümayəndəsi olaraq polis
xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı
və mədəniyyəti ilə onun daha böyük
etimadını qazanmalıdır" tələbi rəhbər
tutularaq sosial funksiyaları effektli yerinə yetirməyə
imkan verən, zamanın tələbinə və dünya təcrübəsinə
uyğun müasir iş metodları tətbiq edilir.
Vətəndaşların
məruz qaldıqları hüquqazidd əməllərə
qarşı təxirəsalınmaz operativ tədbirlərin
görülməsi məqsədilə yaradılmış
"102" Zəng Mərkəzi - post-patrul
naryadlarının və istintaq-əməliyyat
qruplarının çevikliyini, işinin səmərəliliyini
xeyli artırmaqla fəaliyyətin məhz insan meyarı kimi
ali prinsiplər üzərində qurulmasına xidmət edir. Kompleks
xarakter daşıyan "Təhlükəsiz şəhər"
sistemi də əməliyyat şəraitinə öz müsbət
təsirini göstərir və yaxın vaxtlarda fəaliyyət
dairəsinin genişləndirilməsi
planlaşdırılır. Onun tətbiqi küçələrdə
və ictimai yerlərdə törədilən cinayətlərin
qarşısının alınmasını,
açılmasını, inzibati hüquqpozmalara və yol-nəqliyyat
hadisələrinə çevik reaksiya verilməsini əhəmiyyətli
dərəcədə yaxşılaşdırır. İnkişaf
etmiş dövlətlərin təcrübəsi əsasında
"sahə rəisi" institutunun tətbiqi ilə
bağlı keçirilmiş eksperiment də öz müsbət
nəticələrini göstərmiş və hazırda bu
işin ölkənin bütün ərazisində tətbiqinə
başlanılmışdır. Məqsəd - polisin bayır
xidmətlərinin əhaliyə maksimum yaxın
olmasını təmin etmək, yaşayış yerlərində
və ailələrdə profilaktiki tədbirlərin
effektivliyini artırmaq, narkomaniyanın, alkoqolizmin, uşaq
baxımsızlığının, məişət
xuliqanlığı və zorakılığının
qarşısını vaxtında almaq, hüquqi təbliğat
və izahat işlərini ünvanlı şəkildə
aparmaqdır.
Əhali tərəfindən
müsbət qarşılanan bu tədbirlər, o cümlədən
eksperiment qaydasında həyata keçirilən
"İctimai Polis" və "Sahə rəisi" layihələri
vətəndaşların onların daxili işlər
orqanlarında gedən demokratikləşmə proseslərinə
və ictimai təhlükəsizliyin təmin edilməsi
işinə fəal cəlb olunmalarına xidmət edir. Nazirliyin
rəhbərliyinin prinsipial mövqeyi - polisin fəaliyyətinin
şəffaf, cəmiyyət üçün açıq və
sosialyönümlü olmasıdır. Odur ki, əhalinin
bütün qrup və təbəqələri, vətəndaş
cəmiyyəti institutları ilə qarşılıqlı əlaqədə
iş aparılır. Vətəndaşların polisə
münasibətinin öyrənilməsi diqqət mərkəzində
saxlanılmaqla onun mahiyyəti, cinayətkarlığa
qarşı mübarizənin nəticələri barədə
ictimaiyyət mütəmadi məlumatlandırılır.
Müsahibənin sonunda
xalqımızı və Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevi şəxsi heyət adından əmin
edirəm ki, ölkədəki sabitliyin, əmin-amanlığın
əsas təminatçılarından olan daxili işlər
orqanları bundan sonra da cinayətkarlığa qarşı
mübarizəni qətiyyətlə davam etdirəcək,
asayişi və daxili təhlükəsizliyi etibarlı şəkildə
qoruyacaq, qanunvericilik aktlarından, dövlət
başçısının fərman, sərəncam və
göstərişlərindən irəli gələn vəzifələri
yüksək peşəkarlıqla və əzmlə yerinə
yetirəcək, dövlətçiliyin və müstəqilliyin
keşiyində ayıq-sayıq dayanacaqdır.
İxtiyar HÜSEYNLİ
Azərbaycan.- 2009.- 2 iyul.- S. 3.