"Azərbaycan İnternəşnl" jurnalının təsisçisinə Hafiz Paşayev adına mükafat təqdim olunmuşdur

 

ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders demişdir: "Pirus və Betti "Azərbaycan İnternəşnl" jurnalının səhifələrində Azərbaycanın qapılarını amerikalılar üçün açmışlar".

Diplomat bildirmişdir ki, 1993-cü ildə yarandığı vaxtdan nəşr öz səhifələrində Azərbaycan xalqına, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, musiqisinə, mətbəxinə və ənənələrinə həsr olunmuş yazılara xüsusi yer ayırmışdır.

Tədbirdə iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev jurnalın təsisçilərini təbrik etmişdir. O, nəşrin yaranma tarixindən və bu istiqamətdə qarşıya çıxmış çətinliklərdən danışmışdır. Hafiz Paşayev ABŞ-Azərbaycan münasibətlərinin inkişafında jurnalın gördüyü işlərin əhəmiyyətini vurğulamışdır.

Hafiz Paşayev adına mükafat 2008-ci ildə təsis edilmişdir. Bu mükafat ABŞ ilə Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafına töhfələr vermiş insanlara təqdim olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.