Daxili İşlər Nazirliyinin Polis Akademiyasının məzunlarının növbəti buraxılış mərasimi keçirilmişdir

 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Akademiyanın şəxsi heyəti parad-çıxış geyimində əsas sıra meydanında düzülmüşdür.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov məzunları təbrik etmiş və tövsiyələrini söyləmiş, uğurlar arzulamışdır.

Ramil Usubov ulu öndər Heydər Əliyevin hüquq-mühafizə orqanlarına göstərdiyi qayğıdan bəhs edərək vurğulamışdir ki, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən akademiyaya göstərilən diqqət və qayğı nəticəsində tədris müəssisəsinin maddi-texniki bazası və tədris prosesi xeyli təkmilləşmişdir. Beynəlxalq standartlara cavab verən inzibati və tədris korpusları inşa edilmiş, müasir avadanlıqla təchiz edilmişdir.

Nazir bildirmişdır ki, müasir Azərbaycan polisinin yaranma tarixi, onun təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin müdrik siyasəti sayəsində Azərbaycanda əmin-amanlıq yaranmış, vətəndaşların təhlükəsizliyi təmin olunmuşdur. Bu işlərdə Azərbaycan polisinin böyük xidmətləri vardır. Bu xidmətləri ulu öndərimiz həmişə yüksək qiymətləndirmişdir. Prezidentimiz İlham Əliyev də dəfələrlə müxtəlif tədbirlərdə bunu qeyd etmişdir.

R.Usubov diqqətə çatdırmışdır ki, daxili işlər orqanlarının şəxsi heyəti ölkəmizdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün bütün qüvvələrini səfərbər etmişdir. Ötən dövr ərzində Azərbaycanda cinayətkarlığa qarşı mübarizə təmin olunmuş, yüzlərlə polis əməkdaşı vətənin müdafiəsi, torpaqlarımızın düşməndən azad olunması yolunda şəhid olmuşdur. Minlərlə əməkdaşımız vətən uğrunda döyüşlərdə iştirak etmişdir.

Polis Akademiyasının rəisi, general-mayor Ramiz Nağıyev görülən işlərdən danışmışdır. Bildirmişdir ki, akademiya 5 illik təhsil sisteminə keçmiş, Bolonya bəyannaməsinin tələblərinə və dövlət təhsil standartlarına əsasən yeni tədris planları tərtib edilmişdir.

Vurğulamışdır ki, 2008-2009-cu tədris ilini 200 müdavim başa vurmuş, onlardan 3 nəfər fərqlənmə diplomuna layiq görülmüşdür.

Daxili işlər naziri Ramil Usubov təhsili "əla" qiymətlərlə başa vurmuş və polis baş leytenantı rütbəsinə layiq görülmüş 3 məzuna diplomları təqdim etmişdir.

Polis Akademiyasının növbəti buraxılışının məzunlarına diplomlar təqdim edildikdən sonra akademiyanı fərqlənmə diplomu ilə bitirmiş Zaur Abbasov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurmuşdur.

Sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilmiş, "Polis Akademiyasının marşı" ifa olunmuşdur.

Mərasimdə Milli Məclisin deputatları, Daxili İşlər Nazirliyinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.