Rusiyada Azərbaycan Mədəniyyəti günləri başlamışdır

 

Moskvada və Kazan şəhərində keçiriləcək Azərbaycan Mədəniyyəti günlərində ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi 80 nəfərlik nümayəndə heyəti təmsil edir. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tədbirlərin iyulun 2-dək Moskvada, 2-dən 5-dək isə Kazanda keçirilməsi nəzərdə tutulmuşdur. Proqrama Moskvada Tahir Məmmədovun, Kazanda Fərid Hayrulinin fotosərgiləri, Uşaq-Gənclər Simfonik Orkestrinin və Bakı Xoreoqrafiya Məktəbinin rəqs qrupunun konsertləri daxildir.

İyunun 30-da Moskvada İttifaqlar Evinin Sütunlu zalında Azərbaycan Mədəniyyəti günlərinin açılış mərasimi keçirilmişdir. Rusiyanın mədəniyyət nazirinin müavini Aleksandr Qolutva iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafında böyük nailiyyətləri vurğulamışdır. O demişdir ki, Azərbaycanın Uşaq-Gənclər Simfonik Orkestrinin Moskvanın böyük zalında konsert verməsi mövcud münasibətlərin göstəricilərindəndir. Azərbaycan mədəniyyətini və incəsənətini çox sevdiklərini vurğulayan nazir müavini əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik etmişdir.

Nazir Əbülfəs Qarayev Rusiya paytaxtının ən böyük auditoriyalarının birində belə möhtəşəm konsertə start verilməsini mədəniyyət sahəsində mühüm hadisə kimi səciyyələndirmişdir. Azərbaycanda Rusiya Mədəniyyəti günlərinin uğurla keçdiyini xatırladan nazir onu da bildirmişdir ki, Rusiya ilə Azərbaycan xalqları arasında qarşılıqlı etimad gələcək uğur və nailiyyətlərə yol açır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin uvertürası ilə başlayan konsertdə Uşaq-Gənclər Simfonik Orkestrinin ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Vaqif Mustafazadənin, Cahangir Cahangirovun və Niyazinin əsərləri ilə yanaşı, Motsart, Brans, Ştraus və bir çox dünya şöhrətli musiqiçilərin əsərləri səsləndirilmişdir. Tamaşaçıların maraqla izlədikləri proqramda muğam müsabiqəsinin qalibi Elməddin İbrahimovun ifasında "Qarabağ şikəstəsi", Bakı Xoreoqrafiya Məktəbinin yetirmələrinin çıxışları uzun sürən alqışlarla müşayiət olunmuşdur.

Azərbaycan Mədəniyyəti günləri iyulun 2-də Kazan şəhərində davam etdiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.