Özbəkistan gənclərinin "Kamolot" ictimai hərəkatının nümayəndələri Milli Məclisdə olmuşlar

 

Ölkəmizdə səfərdə olan Özbəkistan gənclərinin "Kamolot" ictimai hərəkatının nümayəndələri iyulun 1-də Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri ilə görüşmüşlər. Komitənin sədri Hadi Rəcəbli qonaqlara parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi, Azərbaycanda həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat vermişdir. H.Rəcəbli demişdir ki, Azərbaycan dövləti uşaq və gənclərin, gənc ailələrin problemlərini daim diqqətdə saxlayır. Bu sahə ilə bağlı dövlət proqramları hazırlanaraq həyata keçirilir. Milli Məclis "Gənclər siyasəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında" qanunlar qəbul etmişdir. Hazırda Ailə Məcəlləsinin monitorinqi aparılır və məcəlləyə ediləcək dəyişikliklərdə gənclərin ailə qurmaları ilə bağlı qaydalar təkmilləşdiriləcəkdir. Gənc ailələrin mənzil problemlərinin həlli üçün sosial ipotekaların verilməsi həyata keçirilir.

Azərbaycanda 2500-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyini vurğulayan komitə sədri bildirmişdir ki, onların 300-ü gənclərə məxsusdur.

"Kamolot" ictimai hərəkatının Mərkəzi Şurasının sədri Akrom Alimov ölkəsində gənclər siyasəti sahəsində görülən işlərdən danışmışdır. Ötən il Özbəkistanda Gənclər ili olduğunu deyən qonaq dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini söyləmişdir.

"Kamolot" ictimai hərəkatının Özbəkistanda 200-ə yaxın rayon bölməsinin fəaliyyət göstərdiyini deyən A.Alimov təşkilatın gənclərin məşğulluq problemlərinin həllində fəal rol oynadığını söyləmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 2.