"Təhsil haqqında" qanun beynəlxalq təşkilatlar
tərəfindən yüksək
qiymətləndirilir
İyulun 1-də Milli Məclisin
Elm və təhsil komitəsinin iclası keçirilmişdir.
Komitənin sədri Şəmsəddin Hacıyev gündəlikdə
olan məsələlər barədə məlumat verdikdən
sonra 2009-cu ilin yaz sessiyası ərzində görülən
işlərə münasibət bildirildi. Şəmsəddin
Hacıyev dedi ki, bu müddətdə komitənin ən
böyük uğuru 15 il idi müzakirə olunan "Təhsil
haqqında" qanunun qəbuludur.
Qanunun qəbulu
zamanı müzakirələrdə iştirak edən 110
deputatın 107-si onun lehinə səs vermişdir. Azərbaycan
cəmiyyətində bu qanuna yüksək şəkildə
müsbət reaksiya var. Dünyanın qabaqcıl təhsil
standartları və milli dəyərlərimizin prioritetliyi əsasında
hazırlanan bu qanun Azərbaycan təhsilindəki bütün
boşluqları aradan qaldıracaq. Komitə sədri onu da
bildirdi ki, İSESKO-nun təhsil komitəsi və Dünya
Bankı bu qanunu yüksək qiymətləndiriblər.
Komitə sədrinin
müavini Bəxtiyar Əliyev, komitə üzvlərindən Əli
Əhmədov, Abel Məhərrəmov, Gövhər Baxşəliyeva,
Ağacan Abıyev və Nizami Xudiyev də komitənin 2009-cu
ilin yaz sessiyasındakı fəaliyyətini yüksək qiymətləndirdilər.
"Təhsil haqqında" qanunun Azərbaycanda təhsilin
inkişafına mühüm töhfələr verəcəyini
bildirdilər. Deputatlar bu qanunun yüksək səviyyədə
hazırlanmasında ölkə başçısı cənab
İlham Əliyevin təhsilə diqqət və
qayğısının mühüm rol
oynadığını xüsusi qeyd etdilər.
İclasda Elm və təhsil
komitəsinin 2009-cu il payız sessiyası üçün
iş planı da müzakirə olundu. Şəmsəddin
Hacıyev iş planına 4 qanun layihəsinin
salındığını dedi. Bunlar "Elm və dövlət
elmi-texniki siyasəti haqqında", "Ali təhsil
haqqında", "Ümumi orta təhsil haqqında" və
"Yaşlıların təhsili haqqında" qanun layihələridir.
Komitə üzvləri iş planını təsdiq etdilər.
Sonda "Elm və
dövlət elmi-texniki siyasəti haqqında" qanun layihəsi
işçi qrup tərəfindən müzakirə edildi.
Azərbaycan.- 2009.- 2 iyul.- S. 4.