Həkim məzunlar məslək andı içdilər

 

Naxçıvan Dövlət Universitetində tibb fakültəsinin məzun günü qeyd olunub. Ənənə şəklini alan bu tədbiri fərqləndirən cəhət ondan ibarət idi ki, 1999-cu ildə 25 tələbə ilə fəaliyyətə başlamış fakültənin pediatriya ixtisası bu il həm də özünün 10 yaşına qədəm qoydu.

Təntənəli mərasimi giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq qeyd etdi ki, bu gün respublika Prezidenti İlham Əliyev tərəfindən ictimai həyatın bütün sahələrində həyata keçirilən uğurlu islahatların nəticəsi regionumuzda da göz qabağındadır.

Natiq muxtar respublikada geniş vüsət alan abadlıq-quruculuq işlərini, hər il universitetdə yeni-yeni tədris korpuslarının tikilərək istifadəyə verilməsini, onların güclü maddi-texniki bazayla, müasir elektron tədris vasitələri ilə təchizatını dövlətimizin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndirdi. Bu tədbirlərin universitetin tibb fakültəsindən də yan ötmədiyini qeyd edən rektor, fakültə tələbələrinin artıq 2002-ci ildən etibarən qardaş Türkiyə Respublikasının Kocaeli, Fırat, Kayseri, Atatürk kimi universitetlərində dəfələrlə keçdikləri elmi-istehsalat təcrübələrinin, stajirovkaların onların tibb sahəsindəki dünya təcrübəsini öyrənib tətbiq etməklə gələcəyin mütəxəssisləri kimi formalaşmasındakı rolunu yüksək qiymətləndirdi.

Tibb fakültəsinin dekanı Bəhruz Məmmədov fakültənin yaranma tarixindən və inkişaf yolundan, muxtar respublika və universitet rəhbərliyinin fakültəyə göstərdiyi yüksək diqqət və qayğıdan ətraflı danışdı, yaxın gələcəkdə fakültənin ən müasir maddi-texniki baza ilə təmin olacağını bildirdi.

Sonra məzun tələbələr Hippokrat andı içərək seçdikləri peşə borclarını vicdanla yerinə yetirəcəklərinə dair söz verdilər. Tədbir bədii hissə ilə yekunlaşdı.

Bu il tibb fakültəsini 143 məzun bitirərək müstəqil iş həyatına qovuşacaq.

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 2.