Regional dövlət proqramı bölgələrdə
səhiyyənin inkişafına təkan verəcək
Tibbi xidmətin
müasir standartlar səviyyəsinə yüksəldilməsi,
vətəndaşların sağlamlığının
etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin
davamlı olaraq modernləşdirilməsi Azərbaycan dövlətinin
üzərinə götürdüyü sosial öhdəliklər
sırasında mühüm yer tutur. Ötən müddətdə
səhiyyə sisteminin inkişafı - bu sahənin maddi-texniki
bazasının, kadr potensialının gücləndirilməsi,
infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində
saxlanılmışdır.
Dövlət büdcəsindən
səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə
artırılması tibb müəssisələrinin fəaliyyətinin,
ümumilikdə tibbi xidmətin çağdaş tələblər
səviyyəsinə qaldırılmasına böyük
imkanlar açmışdır. Azərbaycan Prezidenti İlham Əliyev
çıxışlarında dəfələrlə
vurğulamışdır ki, "...biz artan iqtisadi
imkanlarımızı ilk növbədə sosial sahələrin
inkişafına, o cümlədən səhiyyənin problemlərinin
həllinə yönəltməliyik". Səhiyyə
sistemində hələ keçmiş sovetlər birliyi
dövründən yığılıb qalmış bəzi
problemlərin, çatışmazlıqların aradan
qaldırılması - yeni tibb ocaqlarının
yaradılması, mövcud xəstəxanaların əsaslı
təmiri və yenidənqurulması, onların dərman
preparatları və digər texniki vasitələrlə təminatı
məqsədilə bütün zəruri tədbirlər həyata
keçirilir. Əgər 2005-ci ildə səhiyyəyə
dövlət büdcəsindən 110 milyon manat
ayrılmışdısa, 2006-cı ildə bu rəqəm 179
milyon, 2007-ci ildə 269 milyon, 2008-ci ildə 330 milyon manat təşkil
etmişdir. Maliyyə böhranına baxmayaraq, 2009-cu ildə səhiyyəyə
dövlət büdcəsindən 508,9 milyon manat vəsaitin
ayrılması Azərbaycan dövlətinin insanların
sağlamlığı məsələsinə necə
böyük həssaslıqla yanaşdığını bir
daha təsdiqləyir. Əlbəttə, bu da son hədd
deyildir - dövlət başçısı Azərbaycanın
iqtisadi imkanları genişləndikcə səhiyyəyə
ayrılan vəsaitlərin həcmini artırmaq niyyətində
olduğunu bəyan etmişdir.
İnkişafda olan
dövlətlərin təcrübəsi göstərir ki, səhiyyənin
müasir tələblər səviyyəsində qurulması,
ilk növbədə, bu sahədə infrastrukturun müasirləşdirilməsindən
asılıdır. Yeni tələblərə cavab verən səhiyyə
müəssisələrinin tikilməsi, mövcud tibb
ocaqlarının təmiri və yenidənqurulması bu
baxımdan az əhəmiyyət kəsb etmir. Dövlət
başçısı hələ 11 fevral 2004-cü il tarixdə
imzaladığı Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramında butun fundamental sahələr kimi, səhiyyə
sisteminə də geniş diqqət ayırmışdır.
Dövlət
proqramında bölgələrdə insanlara yüksək səviyyədə
tibbi xidmətin göstərilməsini təmin edəcək
bir sıra təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsi - yeni xəstəxanaların,
poliklinikaların inşası, yaxud mövcud səhiyyə
müəssisələrinin müasir tələblər səviyyəsində
təmir və bərpa olunması, onların maddi-texniki, habelə
zəruri tibb ləvazimatları ilə təminatı məsələləri
geniş əksini tapmışdır.
Regionların
sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində
dövlət başçısı son 5 ildə
ayrı-ayrı rayonlarda inşa edilmiş yeni müalicə-diaqnostika
mərkəzlərinin, xəstəxanaların, poliklinikaların
açılış mərasimində iştirak etmiş, eləcə
də bu sahədə həllini gözləyən bəzi
problemlərin aradan qaldırılması üçün
aidiyyəti orqanlara tapşırıqlar vermişdir. 2004-2008-ci
illəri əhatə edən dövlət proqramının
imzalanmasının ikinci ildönümünə həsr
olunmuş müşavirədə çıxış edən
Azərbaycan Prezidenti cənab İlham Əliyev bölgələrdə
yeni tibb müəssisələrinin inşasına xüsusi
diqqət yetiriləcəyini də vurğulamışdır.
"Uzun illər idi ki, bu, çox geridə qalmış bir
sahə idi. 2005-ci ildən başlayaraq, Azərbaycanın
müxtəlif bölgələrində ən müasir
standartlara cavab verən yeni diaqnostika-müalicə mərkəzlərinin
təməl daşı qoyulubdur. Bir il ərzində, demək
olar ki, Azərbaycanın bütün bölgələrində
ən müasir avadanlıqla təchiz edilmiş yeni tibb
ocaqları yaradılacaqdır. Bütün bunlar regionların
inkişafı deməkdir. Bütün bunlar xalqın daha da
yaxşı yaşaması deməkdir" - deyən cənab
İlham Əliyevin imzaladığı dövlət
proqramlarına, verdiyi tövsiyə və
tapşırıqlara müvafiq olaraq həyata keçirilən
əməli tədbirlərin nəticəsi kimi son illər səhiyyə
müəssisələrinin fəaliyyətində
dönüş yaranmış, vətəndaşlara göstərilən
tibbi xidmətin səviyyəsi
yaxşılaşmışdır.
Nazirlər Kabinetinin
2009-cu ilin birinci rübünün yekunlarına həsr
olunmuş iclasda verilən məlumatlardan bəlli olur ki,
ötən beş ildə Azərbaycanda 300-ə yaxın tibb
müəssisəsi tikilmiş, yaxud əsaslı təmir
olunaraq əhalinin istifadəsinə verilmişdir. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər Proqramı"na əsasən, ARDNŞ-nin
maliyyə vəsaiti hesabına respublikamızın 10-dan
artıq bölgəsində beynəlxalq standartlara cavab verən
müalicə-diaqnostika mərkəzləri inşa
edilmişdir.
Lənkəranda, Qazaxda,
Siyəzəndə, Şirvanda, Naxçıvanda, Şahbuzda,
Gəncədə, Bərdədə, Zaqatalada müasir tələblərə
cavab verən müalicə-diaqnostika mərkəzləri əhalinin
istifadəsinə verilmişdir. Bundan əlavə,
Sumqayıtda "Real-Med" diaqnostika sağlamlıq mərkəzi,
Xaçmazda "N-KAY M Klinik" özəl klinikası,
Sabirabadda "Muğan" klinikası, Naxçıvan Muxtar
Respublikasının Culfa rayonunda mərkəzi xəstəxana,
Babək rayonunda "Duzdağ" fizioterapiya mərkəzi və
s. səhiyyə obyektləri müasir standartlara uyğun
tikilmiş və fəaliyyətə
başlamışdır. Bu il ölkə
başçısı Yevlax şəhərində uşaq xəstəxanasının,
Göygöl Mərkəzi Rayon Xəstəxanasının, Bərdə
şəhərində müalicə-diaqnostika mərkəzinin,
Bakıda talassemiya mərkəzinin
açılışında iştirak etmiş, tibb
ocaqlarını gəzmiş, tövsiyələrini vermişdir.
Ötən ayın 22-də isə akademik Zərifə Əliyeva
adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun yeni binası əhalinin istifadəsinə
verilmişdir. Xəstəxananın binası yeni texnologiyalar və
qabaqcıl təcrübələr əsasında
tikilmişdir. Ən müasir standartlara uyğun inşa
edilmiş bu kompleksdə əsas bina, poliklinika, iki stasionar
korpus, o cümlədən əməliyyat, reanimasiya, 85
çarpayılıq sağ və 72 çarpayılıq sol
yataq blokları, cərrahiyyə bloku və bu korpusları birləşdirən
üçmərtəbəli keçid bloku, aptek, yeməkxana,
oftalmologiya kafedrası, müxtəlif yardımçı təsərrüfat
korpusları və s. vardır. Binada gün ərzində
ambulator şəraitdə, ümumilikdə 750-dək xəstəyə
diaqnostik müayinə və müalicə xidmətləri
göstərmək mümkündür. Burada
quraşdırılmış ən müasir avadanlıq imkan
verir ki, xəstələr ambulator şəraitdə əməliyyat
olunsunlar və həmin gün də evə yazılsınlar. Kompleksdə
ABŞ, Yaponiya və Almaniyadan gətirilən son model
qurğular quraşdırılmışdır. Yeni binada həm
xəstələrə yüksək səviyyədə tibbi
xidmət göstərilir, həm də tibbi heyətin fəaliyyəti
üçün hər cür şərait
yaradılmışdır. Bundan başqa, Cənubi Qafqaz
regionunda yeganə olan bu oftalmoloji müəssisədə tədqiqatlar
aparmaq üçün də lazımi şərait vardır.
İnstitutda 500 nəfərə yaxın işçi heyəti,
o cümlədən 280 həkim fəaliyyət göstərir.
Açılış mərasimində iştirak edən
ölkə başçısı cənab İlham Əliyev
çıxışında xüsusi
vurğulamışdır ki, bu nəhəng səhiyyə
ocağı region üçün əvəzolunmaz tibb müəssisəsi
olacaqdır: "Bu gözəl mərkəzdə, bir daha demək
istəyirəm ki, ən çətin əməliyyatların
aparılması üçün bütün şərait
var. Həm elmi fəaliyyətlə məşğul olmaq
üçün imkan var, burada eyni zamanda, kafedra da, uşaq
bölməsi də yerləşir. Yəni, bu institut,
sözün əsl mənasında, region üçün əvəzolunmaz
tibb müəssisədir. Mən istisna etmirəm ki, xarici
ölkələrdən də buraya müalicə almaq
üçün insanlar gələcəkdir."
Bakının kənd və
qəsəbələrinin inkişafı proqramı çərçivəsində
Xocasən, Əhmədli, Binə, Bülbülə, Nardaran qəsəbələrində
poliklinikalar, Buzovnada vərəm əleyhinə dispanser
üçün 125 çarpayılıq yeni korpus inşa
edilmiş, Zirədə müalicə-diaqnostika mərkəzi,
Qala qəsəbəsində xəstəxana istifadəyə
verilmişdir. Bundan başqa, 1 saylı Psixiatriya Xəstəxanasının
Adi Rejimli Məcburi Müalicə Şöbəsinin, milli
referens laboratoriyanın açılışı olmuş, 1
saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının,
3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinin, 5 saylı
Doğum Evinin yeni tikilən və ya əsaslı təmir edilən
korpusları fəaliyyətə başlamışdır.
Tibb müəssisələrinin
tikinti və yenidənqurma işləri ilə yanaşı,
onların təchizat məsələlərinə də
böyük önəm verilir. Son illər istifadəyə
verilmiş müalicə müəssisələrinin əksəriyyətində
unikal cərrahiyyə əməliyyatlarının
aparılması üçün hər cür şərait
yaradılmış, Avropa, Amerika və Yaponiya şirkətlərinin
istehsalı olan müasir tibbi avadanlıqlar
quraşdırılmışdır. Regionlarda fəaliyyət
göstərən tibb müəssisələrinin maddi-texniki
bazasının və təchizatının
yaxşılaşdırılması nəticəsində
rayonlardan Bakıya gələn xəstələrin sayı
ötən illə müqayisədə 30 faizədək
azalmışdır.
Bundan əlavə, səhiyyə
xidmətlərinin səviyyəsinin yüksəldilməsi
üçün əhalinin tibb işçiləri və xəstəxana
çarpayıları ilə təminatı üzrə yeni
normativlər müəyyən olunmuş, bu, ölkə səhiyyəsinin
strukturunun kökündən dəyişməsinə imkan
yaratmışdır. İndi tibb işçilərinin
sayı tibb müəssisələrindəki çarpayı
sayı ilə deyil, əhalinin sayı ilə müəyyən
olunur. Yeni normativlər yaşayış məntəqələrində,
hətta ən ucqar kənddə də insanların
sağlamlığının tibb işçilərinin nəzarətində
olmasına imkan verir. 2008-ci ilin fevral ayının 1-dən Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan
bütün müalicə-profilaktika müəssisələrində
pullu xidmətin ləğv edilməsi də mühüm
addımlardan biri kimi qeyd olunmalıdır.
Səhiyyəyə
göstərilən yüksək diqqətin adekvat nəticəsi
olaraq bu sistemdə daha keyfiyyətli, çevik və sistemli
xidmət infrastrukturunun təşkili məsələləri
xüsusi diqqət mərkəzində saxlanılmış,
"proqram maliyyələşməsi" prinsipinin tətbiqi
bir sıra xəstəliklərin profilaktikasında, eləcə
də dövlətin vətəndaşlara göstərdiyi
tibbi yardımın keyfiyyətcə
yaxşılaşmasına imkan vermişdir. "Qanın, qan
komponentlərinin donorluğu və qan xidmətlərinin
inkişafına dair Dövlət Proqramı",
"Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə
Dövlət Proqramı", "Xroniki böyrək
çatışmazlığı üzrə Tədbirlər
Proqramı", "Yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı",
"Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə
preparatlarla təminatı üzrə Tədbirlər
Proqramı", "Ana və uşaqların
sağlamlığının qorunması haqqında Tədbirlər
Proqramı" hazırlanaraq uğurla icra edilir. İrsi qan və
böyrək xəstəliklərindən əziyyət
çəkən insanların dövlət hesabına
hemodializ və dərman preparatları ilə təminatı da
əhəmiyyətli dərəcədə
yaxşılaşmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 13 mart 2007-ci il tarixli Azərbaycan Tibb
Universitetinin tədris cərrahiyyə klinikasının
yaradılması haqqında sərəncamı da səhiyyəyə
dövlət qayğısının tərkib hissəsi kimi
xüsusi əhəmiyyət kəsb edir. Dövlət
başçısı tərəfindən 2007-ci ilin
sentyabrında imzalanan sərəncam özünəməxsus ənənələri
ilə nəinki Azərbaycanın tibb elmində, eləcə
də keçmiş İttifaqda, Avropa və dünyanın ən
qabaqcıl uroloji klinikaları arasında yeri olan Respublika
Kliniki Uroloji Xəstəxanasının yenidən qurulması
da səhiyyəyə göstərilən qayğının əyani
təcəssümüdür. Bu sərəncama əsasən,
Azərbaycanda dünya səviyyəli böyrək
köçürmə mərkəzi və uroloji klinikanın
yaradılması, bütövlükdə, transplantasiya elminin
inkişafı üçün tədbirlər planı nəzərdə
tutulmuşdur. Bu işlərin görülməsinə və
eyni zamanda, xəstəxananın müasir avadanlıqla təchiz
edilməsinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan Səhiyyə Nazirliyinə 16 milyon manat məbləğində
vəsait ayrılmışdır. Müstəqil Azərbaycanda
transplantologiyanın əsasını qoyan böyrəkköçürmə
mərkəzində işlər praktiki olaraq yekunlaşmışdır
və onun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə
tutulur. Cənab İlham Əliyev akademik Zərifə Əliyeva
adına Elmi Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun yeni binasının
açılışında etdiyi
çıxışında son illərdə Azərbaycanda səhiyyə
sisteminin təkmilləşdirilməsindən danışarkən
demişdir: "Bizdə indi Tibb Universitetinin terapevtik və cərrahiyyə
korpusları tikilir. Hər ikisi özlüyündə
böyük xəstəxanadır... Eyni zamanda milli onkoloji mərkəzin
tikintisi uğurla davam edir və həmçinin onun nəzdində
uşaq onkologiya mərkəzi tikilir. Azərbaycanda belə bir
mərkəz heç vaxt olmamışdır... Böyrəkköçürmə
mərkəzinin tikintisi uğurla gedir. O mərkəz də nəinki
Azərbaycan üçün, bütün bölgə
üçün ən qabaqcıl mərkəz olacaqdır. Bu
yaxınlarda talassemiya mərkəzinin açılışını
qeyd etdik... O mərkəzin əsasında gələcəkdə
böyük qan mərkəzinin yaradılması nəzərdə
tutulmuşdur. Bunu etmək üçün bütün
imkanlar var.
Bu yaxınlarda hərbi
hospitalın, Daxili İşlər Nazirliyinin
Hospitalının, Gömrük Komitəsinin
hospitalının istifadəyə verilməsi - bütün bu
addımlar da ümumi işimizə bir töhfədir".
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda səhiyyə
sistemində həyata keçiriləcək tədbirlər
sistemi də öz əksini tapmışdır. Proqrama əsasən,
2009-2013-cü illərdə səhiyyə sahəsində həyata
keçiriləcək tədbirlər əhalinin
sağlamlığının qorunmasına, tibbi xidmətlərin
keyfiyyətinin daha da yüksəldilməsinə, Azərbaycan
Respublikasında müasir standartlara cavab verən səhiyyənin
qurulmasına təminat verməlidir. Bu məqsədlərə
nail olmaq üçün qarşıdakı illərdə
dövlətin maliyyə imkanları çərçivəsində
pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi
və keyfiyyətinin artırılması; əhalinin sosial cəhətdən
aztəminatlı təbəqələrinə tibbi
yardımın göstərilməsi ilə bağlı tədbirlər
sisteminin hazırlanması və həyata keçirilməsi;
analar və uşaqlar arasında qidalanmanın və
mikro-nutrientlərlə təminatın
yaxşılaşdırılması; tibbi-profilaktika tədbirlərinin
əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
səhiyyə sektorunun tələblərinə uyğun olaraq
tibbi kadr hazırlığının
planlaşdırılması və ailə həkimlərinin
hazırlanması; səhiyyə müəssisələrinin dərman
və avadanlıq təminatının
yaxşılaşdırılması məqsədilə tibb sənayesi
müəssisələrinin yaradılmasının və fəaliyyətinin
dövlət tərəfindən dəstəklənməsi;
rayonlarda yeni səhiyyə müəssisələrinin
inşası; bütün ölkə üzrə səhiyyə
sahəsində coğrafi məlumat sisteminin yaradılması
nəzərdə tutulur.
Bütün bunlar bir
daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyev
sosial məsələlərə daim xüsusi diqqətlə
yanaşaraq bölgələrdə müasir tibb müəssisələrinin
yaradılmasına, əhalinin sağlamlığının
etibarlı şəkildə qorunmasına
çalışır. Bu gün respublikamızda ən
müasir tələblərə cavab verən tibb müəssisələrinin
inşası, vətəndaşların
sağlamlığı üçün xüsusi
proqramların həyata keçirilməsi Prezident İlham Əliyevin
"Mən hər bir azərbaycanlının prezidenti
olacağam" vədinin real, praktik işdə təsdiqidir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 2 iyul.- S. 5.