Zəmilərin bərəkət nəğməsi

 

"Sampo" markalı kombayn qızılı zəmidə iki dövrə vurub dayanan kimi kənarda duran "Zil" markalı yükünü özüboşaldan avtomaşın ona yan aldı. Kombaynın bunkerindən avtomaşına sel tək "sarı kəhrəba" dənələri töküldü. İsrafil Şabanovun çöhrəsi bir qədər də işıqlandı. Çəkilən zəhmət hədər getməyib. Hər hektardan orta hesabla 28-30 sentner məhsul götürülür. Pis nəticə deyil, - deyə ürəyində götür-qoy etdi.

Göz işlədikcə uzanıb gedən zəmiyə nəzər salıb kombaynçıya yaxınlaşdı:

- Əli qardaş, görürsən necə məhsul var. İki dövrə vurmamış, bunker dolur. Vaxt itirməyə haqqımız yoxdur. Heç belə məhsulu çöldə qoymaq olar? Adam biçdikcə ləzzət alır, - Xəlil müəllim gülə-gülə cavab verdi.

Məni bu sahəyə gətirən kənd bələdiyyəsinin sədri Tofiq Babayev onlardan söz açır:

- Xəlil Fərəcov ixtisasca ali təhsilli müəllimdir. Hazırda kənd icra nümayəndəliyinin rəhbəridir. Uzun illər qonşu kənddəki orta məktəbdə çalışıb. İndi yaxşı ailə təsərrüfatı yaradıb. İdarə etdiyi kombaynı isə lizinq yolu ilə alıb. İndi o bu kombaynla istehsalçılara xidmət göstərir. Texnikanın dilini əməlli-başlı bilir. Bununla bərabər özü də taxılçılıqla məşğul olur.

Bir az aralıda "sarı kəhrəba" zəmisində başqa bir kombayn görünür. Sükan arxasında əyləşən mexanizatorun kimliyi ilə maraqlanıram. Düylün kənd sakini, təcrübəli mexanizator İbad Həsənovdur. Deyirlər, əməksevər insandır. Neçə illərdir ki, öz köməkçisi ilə birgə biçin kampaniyasında iştirak edir.

Dəstə kəndi bağlar diyarı Ordubadın ən iri yaşayış məskənlərindən biridir. 5 min nəfərə yaxın əhalinin yaşadığı bu kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, meyvəçilik və heyvandarlıqdır. Kənddəki 2 saylı orta məktəbin direktoru Şirəli Məmmədov deyir ki, sovet dövründə buradakı sovxoz meyvəçilik üzrə ixtisaslaşmışdı. Yüz hektarlarla ərik bağı var idi. Hər il min tonlarla məhsul dərilirdi. Həmin məhsullar da rayondakı emal müəssisələri vasitəsilə keçmiş ittifaqın yaxın-uzaq ünvanlarına göndərilirdi. İqtisadi əlaqələr kəsiləndən sonra alıcı olmadığından bu sahəyə maraq azaldı. Son illər isə əkinçiliyə, xüsusən də taxılçılığa, tərəvəzçiliyə maraq artıb.

Kənddə taxılçılığa marağın çoxalması səbəbsiz deyil. Buğda istehsalçılarının maddi marağının artırılması və məhsul istehsalının stimullaşdırılması ilə bağlı dövlətin göstərdiyi dəstək önəmli rol oynayır. Texnika və suvarma suyu sarıdan çətinliklər qalmayıb. Məhsuldar toxum sortları ilə təminat yaxşılaşıb. Torpaq mülkiyyətçiləri aqrolizinq xidmətindən normal istifadə edirlər. Ötən il muxtar respublikada istehsal olunan buğdanın hər kiloqramının 40 qəpikdən mərkəzləşdirilmiş qaydada satın alınması bu sahəyə marağı daha da artırıb.

Son illər kəndin ayrı-ayrı ərazilərində 3 subartezian quyusunun qazılması, Araz çayı üzərində qurulan "Dəstə-1" və "Dəstə-2" nasos stansiyalarının əsaslı təmir olunaraq yenidən istismara verilməsi suvarmaya olan ehtiyacı xeyli yaxşılaşdırıb. Buna görə də bir vaxtlar su olmadığından əkilib-becərilməyən torpaq sahələri də artıq istifadə olunur. Ötən payız həmin torpaq sahələrinin bir qismində taxıl əkilib, yeni meyvə bağları salınıb.

İri torpaq mülkiyyətçisi olan Zeynalabdin Məmmədxanovun fikrincə, son illər burada əkinçiliklə məşğul olmaq asanlaşıb. Zeynalabdin kişi ötən illərə qədər Bakı şəhərində yaşayıb. İxtisasca rus dili müəllimidir. Dediyinə görə, şəhərdə də yaxşı yaşamaq imkanları var idi. Hətta bir müddət ticarət işləri ilə məşğul olub. Amma torpağa, aqrar sahəyə dövlət tərəfindən yüksək münasibət göstəriləndən o da bir çox həmyerliləri kimi doğma kəndə qayıdıb. Burada qardaşları ilə birlikdə ailə təsərrüfatı yaradıb. Bələdiyyə torpaqlarından da icarəyə götürüb.

Bu mövsüm Məmmədxanov qardaşları 10 hektar sahədə taxıl, 11 hektarda isə digər məhsul əkib-becəriblər. Qardaşlar tingçiliklə də məşğul olurlar. Bu il bazarda 10 min ədəddən artıq meyvə tingləri satıblar. Hər tingin dəyəri 1 manatdan yuxarı olub. Taxıl zəmilərindən isə 30 tondan artıq məhsul toplanılıb. Onun xeyli hissəsi arpadır. Bu da təsərrüfatın fermasında bəslənilən 40 baş mal-qaraya yem üçün nəzərdə tutulub. 2 hektar sahədə tərəvəz məhsulları yetişdirilir. Bu sahədən də yaxşı gəlir gözlənilir. Zeynalabdin deyir ki, Dəstə kəndində yetişdirilən pomidorun, paxlalı bitkilərin də yerli bazarda öz müştəriləri var. Alıcılar Naxçıvan şəhər bazarlarında onları həvəslə alırlar.

Təcrübəli təsərrüfatçı İsrafil Şabanov da həqiqi mənada torpaq adamıdır. O, uzun illər kənddəki sovxozda rəhbər vəzifədə işləyib. Yaxşı işi ilə hörmət qazanıb. Muxtar Respublika Ali Məclisində həmyerlilərini təmsil edib. İndi isə fərdi təsərrüfat sahibidir. Deyir ki, sovet dönəmində bir briqadanın üzvləri yaxşı halda 30-40 hektar sahədə əkin apara bilirdilər. İndi isə kənddə elə fermer təsərrüfatları yaradılıb ki, onların ixtiyarlarında 60-70 hektar torpaq sahəsi var.

Fermer Fərhad Abbasov onlardan biridir. Cari mövsüm bu təsərrüfatın üzvləri 60 hektar sahədə əkin əkiblər. Onun 30 hektarı taxıl sahələridir. Zəmilərin bir hissəsində biçin başa çatdırılıb. Hər hektardan orta hesabla 27-28 sentner məhsul götürülüb. Ordubad torpaqlarında bu, heç pis nəticə deyil.

Ramiz Əliyev isə gənc təsərrüfatçıdır. Bir vaxtlar babasının becərdiyi torpaq sahələri indi onun ixtiyarındadır. Ramiz də ailə ənənəsini layiqincə davam etdirir, "baba çörəyi"nin qədrini bilir. Gəznə sahəsində becərdiyi 10 hektar arpa sahəsindən yüksək məhsul götürüb.

Zündün, Alçalı deyilən ərazilərdə yetişdirilən taxıl da yüksək məhsuldarlıqdan soraq verir. 43 hektar sahədə yerli bələdiyyə qurumunun üzvləri əkin əkiblər. Hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul gözlənilir. Bələdiyyə başçısı Tofiq Babayev deyir ki, indiyə qədər bu torpaqlarda əkin əkilməyib. Yeni su xətləri çəkiləndən sonra onlar da əkin dövriyyəsinə daxil olub.

Bir sözlə, bu mövsüm Ordubad rayonunun Dəstə kəndinin taxıl zəmilərində bol məhsul yetişdirilib. İndi əsas diqqət bu nemətin tez və itkisiz yığılmasına yönəldilib. Hər gün səhər açılandan axşam düşənə qədər zəmilərdə qaynar iş gedir. Ötən illə müqayisədə hər hektardan orta hesabla 7-8 sentner artıq məhsul götürülür.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 6.