Azərbaycan-İsrail əlaqələri
genişlənir
AzərTAc xəbər
verir ki, İqtisadi İnkişaf naziri Şahin Mustafayev
Bakıda səfərdə olan İsrailin sənaye, ticarət
və əmək naziri Binyamin Ben-Elizerin rəhbərlik etdiyi
nümayəndə heyəti ilə
görüşmüşdür.
Şahin Mustafayev
qonağa Azərbaycan iqtisadiyyatı, aparılan islahatlar və
qazanılmış uğurlar barədə məlumat
vermişdir. Qeyd edilmişdir ki, əsası ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və
hazırda Azərbaycan Prezidenti İlham Əliyevin uğurla
davam etdirdiyi islahatlar nəticəsində iqtisadiyyatın
bütün sahələrində əhəmiyyətli irəliləyişlərə
nail olunmuşdur. Azərbaycanda özəl bölmənin
inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş,
əlverişli investisiya mühiti yaradılmış,
sahibkarlıq iqtisadiyyatın aparıcı sahəsinə
çevrilmişdir.
Ölkəmizdə beynəlxalq
əlaqələrin inkişafına xüsusi əhəmiyyət
verildiyini vurğulayan nazir Azərbaycan ilə İsrail
arasında əməkdaşlığın inkişaf etdirilməsi,
ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi
üçün işgüzar görüşlərin,
biznes-forumlarının təşkilinin əhəmiyyətini
qeyd etmişdir.
Vurğulamışdır
ki, Azərbaycanın və İsrailin dövlət
başçılarının iştirakı ilə
keçirilmiş biznes-forum əməkdaşlığın
inkişafında xüsusi rol oynayacaqdır. Hər iki ölkənin
iş adamlarının böyük maraq göstərdiyi tədbir
sahibkarların işgüzar əlaqələrinin
inkişafı üçün atılan mühüm
addımdır.
Şahin Mustafayev
İsrail şirkətlərinin kənd təsərrüfatı
sahəsində müasir texnologiyalara əsaslanan istehsal və
emal müəssisələrinin yaradılması ilə
bağlı qabaqcıl təcrübəyə malik olduğunu
qeyd etmiş, Azərbaycan tərəfinin müasir
aqrofermaların, logistik mərkəzlərinin, həmçinin
soyuducu anbarların və istixanaların yaradılmasında
maraqlı olduğunu bildirmiş, israilli iş
adamlarını bu layihələrdə fəal iştiraka dəvət
etmişdir. Diqqətə çatdırmışdır ki,
İsrail iş adamları, həmçinin Azərbaycan
İnvestisiya Şirkəti ilə əməkdaşlığı
genişləndirməklə qeyri-neft sektoruna, xüsusilə də
kənd təsərrüfatı, informasiya-kommunikasiya
texnologiyaları, səhiyyə və s. sahələrə
investisiya yatıra bilərlər.
Binyamin Ben-Elizer ölkəsinin
Azərbaycanla iqtisadi əlaqələrinin genişlənməsində
maraqlı olduğunu vurğulamış, əməkdaşlığın
inkişafı üçün İsrailin hər cür dəstək
göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə Azərbaycanda
İsrail texnologiyasına əsaslanan pilot fermer təsərrüfatının
yaradılması layihəsi ilə bağlı müzakirə
aparılmış, bu təsərrüfatın müştərək
müəssisə formasında olması barədə ilkin
razılıq əldə edilmişdir. Tərəflər hər
iki ölkənin marağını nəzərə alaraq bu
sahədə işlərin davam etdirilməsini məqsədəuyğun
hesab etmişlər.
İsrailli nazir azərbaycanlı
həmkarını 2009-cu ilin noyabrında Təl-Əvivdə
keçiriləcək aqrar sahədə texnologiyalara həsr
olunmuş "Watech" sərgi və konfransına dəvət
etmişdir.
Azərbaycan.- 2009.- 2 iyul.- S. 6.