Azərbaycan gəmiləri "LUKoyl"un layihələrində iştirak edir

 

ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının gəmiləri unikal imkanlara malik olduğundan tez-tez xarici neft şirkətləri tərəfindən icarəyə götürülür. Bu sahədə ən çox tələb olunanlardan biri yükünü özüboşaldan STB-1 nəql barjıdır.

Yükgötürmə qabiliyyəti 18 min ton olan barjın göyərtəsinin uzunluğu 163, eni 45,5 metrdir. Barjın dartıcı qurğularla təchiz olunmuş hidravlik sistemi əlavə kranlar tələb olunmadan ən böyük və ağır yükləri göyərtəyə qaldırmağa və boşaltmağa imkan verir.

1983-cü ildə Azərbaycana gətirilən STB-1 barjı tikinti bloklarının dənizə aparılması üçün nəzərdə tutulub. Həmin barj vasitəsilə ARDNŞ "Günəşli" yatağının işlənməsi zamanı ən böyük platformaları yatağa nəql edib. Daha sonra STB-1 fəal surətdə ABƏŞ tərəfindən istifadə edilib. İndi isə STB-1 və onu daşıyan "Nefteqaz-58" yedək gəmisi Rusiyanın "LUKoyl" şirkəti tərəfindən istifadə olunacaq. Barj artıq Həştərxana yola düşüb. Orada yeni inşa edilmiş neft platformasını göyərtəsinə alan STB-1 onu Xəzər dənizinin şimalına aparacaq. Həmin bölgədə "LUKoyl" şirkəti yeni yataqların işlənməsinə başlayıb.

Eyni zamanda, yaxın vaxtlarda 2500 tonluq yükgötürmə qabiliyyətinə malik, ən müasir avadanlıqla təchiz edilmiş "Azərbaycan" kran gəmisinin də "Andoqa" yedək gəmisi vasitəsilə həmin əraziyə aparılması gözlənilir.

 

 

Azərbaycan.- 2009.- 2 iyul.- S. 6.