Bu il
respublikamızın ikinci böyük sənaye mərkəzi
sayılan Sumqayıt şəhərinin yaradılmasından
60 il ötür. Ölkəmizin hər yerində gənclər
şəhəri kimi tanınan Sumqayıtın yubileyinin
respublikamızda geniş qeyd edilməsi barədə Azərbaycan
Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu ildə
imzaladığı sərəncam sumqayıtlıların
sevincinə səbəb olub. İmzalanan bu sərəncam
Sumqayıta və sumqayıtlılara dövlət
qayğısının canlı təzahürüdür.
60 illik bir ömür
yaşayan şəhərin öz yaşıdları var. Həmin
insanlar Sumqayıtın salındığı ilk günlərdən
onunla bir olmuş və indi də ömürlərinin ahıl
çağlarında həmişəcavan saydıqları
şəhərə xidmət etməkdən yorulmurlar. Bizi
onlarla görüşə aparan da şəhərin
yaşıdlarının bu gün hansı qayğı ilə
yaşadıqlarını görmək, heç vaxt yorulmaq
bilməyən bu ağsaqqalların təqaüdə
çıxdıqları bir vaxtda nə etdiklərini öyrənmək
həvəsi idi.
Şəhərin mərkəzində
yenicə istifadəyə verilən "Ağsaqqallar
evi"ndə Sumqayıt Ağsaqqallar Şurasının sədri
Müzəffər Gülümov
görüşümüzün əvvəlindəcə
bildirdi: "Kim deyir ki, əl işdən soyuyub? Gənclərlə
çiyin-çiyinə işləməyə bizdə
güc də var, həvəs də".
Haşiyə:
"Ağsaqqallar evi" şəhərin mərkəzində
yerləşir. Onu da qeyd edək ki, Sumqayıtda indi minlərlə
yaşlı nəslin nümayəndəsi - bu şəhərin
yaşıdları yaşayır. Sumqayıtın ərsəyə
gəlməsində onların böyük əməyi olub.
Yubiley ərəfəsində belə bir binanın şəhərin
ilk qurucularının, ümumiyyətlə, yaşlı nəslin
nümayəndələrinin istifadəsinə verilməsi həmin
insanlara hörmət, diqqət və qayğının
nümunəsidir. Şəhər ağsaqqallarının
istifadəsinə verilən binada yaşlı nəslin işləməsi
üçün hər şərait yaradılıb. Bu
gün də ixtiyar qocaların bir qismi şəhərin
inkişafına öz töhfələrini verir, keçirilən
tədbirlərdə yaxından iştirak edirlər. Bu,
onların daha dolğun şəkildə təşkilatlanmasına,
şəhərin ictimai-siyasi həyatında fəal
iştirak etmələrinə geniş imkanlar yaradır. Bina
şəhərin mərkəzində inşa edildiyindən
yaşlı nəslin nümayəndələri çətinlik
çəkmədən buraya gəlib-gedə bilirlər.
Sumqayıt Şəhər
Ağsaqqallar Şurasının 27 üzvü var. 5
komissiyanı özündə birləşdirən şurada
40 ərazi təşkilatı ictimai əsaslarla fəaliyyət
göstərir. Həmçinin şəhər xeyir-şər
evlərində 280 dayaq məntəqəsi yaradılıb ki,
buna görə də fəalların sayı 2500-dən
artıqdır. Sumqayıt Şəhər Ağsaqqallar
Şurasına üzvlər yerli təşkilatların
protokollarına əsasən seçilir. M.Gülümov onu da
bildirdi ki, şura üzvləri Sumqayıtın
inkişafında xüsusi xidmətləri olan sənaye, təhsil,
mədəniyyət və digər sahələrdə işləmiş
adamlardır ki, onların da hər biri bu günədək
sakinlər arasında böyük hörmət sahibidirlər.
Belələrinə
misal olaraq müharibə və əmək veteranları
Gülbahar Vəliyevanı, İmanverdi Vəliyevi, Süleyman
Yusifovu, Mirnadir Mövsümovu, Vaqif Həmidovu, Sahib Qarayevi, Həmid
Nəzərlini, Akif Kazımovu, Nəriman Cəfərovu
göstərmək olar. Şəhərin mədəniyyət,
təhsil, səhiyyə sahələrində
çalışan ozamankı "gənc"lərə gəlincə,
onlar bunun öhdəsindən gələ bildilər. Sumqayıtın
ilk mədəni elitasını təşkil edən Zakir
Balamiyev, Zərifə Təhməzova, Yaşar Bazayev, Qubad və
Rəna Dadaşovlar, Nazilə İbrahimova, Telman Salahov,
Qüdrət Məlikov və digərləri bu gün də
çalışmaqda davam edirlər. Kimyaçılar Fikrət
Məlikov, Fridun Rzayev, Hüsü Əliyev, Mirzə İsgəndərov
və Şıxbaba Rzayev günü bu gün də
çalışdıqları müəssisələrdə
olur, ictimai işlərdə idarə rəhbərlərinə
yaxından kömək edirlər. Sumqayıtlılara
böyük örnək olan bu insanlar yaşlarının
ahıl çağında da vətənə, xalqa xidmətdən
yorulmurlar.
Sumqayıtda məskunlaşmış
qaçqın və məcburi köçkünlərlə
görüşlər keçirən şura üzvləri
onların yaşadıqları əraziyə gedir, problemləri
ilə maraqlanırlar. Həmin rayonların ağsaqqalları
ilə mütəmadi keçirilən görüşlərdə
vətənpərvərlik, torpaq məhəbbəti ruhunda
söhbətlər aparılır .
Bu gün Sumqayıtda gənc
nəslin tərbiyəsində ağsaqqallar
şurasının üzvlərinin əhəmiyyətli dərəcədə
rolu vardır. Onlar tez-tez orta məktəblərdə,
ümumtəhsil müəssisələrində olur, ərazidə
yaradılan əlaqələndirmə qruplarının, müəllimlərin,
valideynlərin iştirakı ilə yığıncaqlar
keçirirlər.
Şəhər məktəblərində
25 şura təşkilatı fəaliyyət göstərir. Mütəmadi
keçirilən görüşlər isə öz
faydasını verir. Şəhər ağsaqqallar
şurasında gənclər və yeniyetmələrlə tərbiyəvi
iş üzrə əlaqələndirmə şurası
yaradılıb. Orada ağsaqqallar şurasının, təhsil
şöbəsinin, gənclər və idman idarəsinin,
hüquq-mühafizə orqanlarının, səhiyyə təşkilatının
və digər qurumların nümayəndələri təmsil
olunurlar. Ümumiyyətlə, şəhər ağsaqqallar
şurasının üzvlərinin gənc nəslin təlim-tərbiyəsinə
həsr olunan tədbirlərdə, məktəblərarası
keçirilən olimpiyadalarda, bilik günündə, son zəng
mərasimlərində iştirakı artıq ənənəyə
çevrilib.
Sumqayıt Ağsaqqallar
Şurasının yararlandığı iş üslubunun bir
üstün cəhəti də onların digər rayon və
şəhərlərin şuraları ilə
yaratdıqları əlaqələridir. Vaxtaşırı
yaxın rayonların şura üzvləri ilə
görüşlər təşkil edilir. Bu görüşlərdə
rayonlarda aparılan quruculuq işlərindən, gənclərlə
bağlı təlim-tərbiyə məsələlərindən,
salınan yeni yaşıllıq zolaqlarının
qorunmasından söhbət gedir, görülmüş
işlərlə əlaqədar fikir mübadiləsi
aparılır. Keçirilən şura iclaslarında
qonşu rayonların təcrübəsi də müzakirə
edilir. M.Gülümov qeyd etdi ki, yaşından asılı
olmayaraq hər kəs yaxşı nə varsa öyrənməlidir.
Biz də qarşılaşdığımız yeniliyi öz
işimizdə tətbiq etməyə
çalışırıq.
Müzəffər
Gülümov onu da bildirdi ki, ağsaqqallar şurasının
qaldırdığı bütün məsələlər
öz həllini tapır. Bu da şura üzvlərinə
şəhər rəhbərliyinin göstərdiyi etimaddan irəli
gəlir. Şəhər icra başçısının
tapşırığı ilə şuranın yerləşdiyi
binanın iş otaqları müasir texniki avadanlıqlarla,
kargüzarlıq ləvazimatları ilə tam təchiz olunub. Gündəlik
mətbuatla təmin olunan şurada ən çox oxunan qəzetin
məhz "Azərbaycan" olduğunu bildirən
M.Gülümov onu da qeyd etdi ki, qəzetdə dərc edilən
yazılar ağsaqqallarımız tərəfindən maraqla
izlənir.
- Günün hadisələri
öz obyektiv əksini məhz "Azərbaycan"da
tapır. Qəzetun səhifələrində hər dəfə
doğma şəhərimizlə bağlı bir material
görəndə sevinirik.
Bu il Sumqayıtın
yaradılmasından nə az, nə çox - düz 60 il
ötür. Keçmişə dönmək mümkün
deyil, onu qoruyub saxlamaqsa nəsillərin borcudur. Ötən hər
bir il tarix adlı yolun keçilmiş səhifəsidir.
Tarix isə özündə
hər şeyi yaşadır. Keçən illərin
uğurunu, çətinliklərini, ağrı-acısını
yaşayan həmin hadisələrin
iştirakçıları, bir növ, tarixi özləri belə,
bilmədən yazanlardır. Dünənki gənclər uzun
illərin keçmişini xatırlayanda adamın gözləri
qarşısında yeni bir dünya canlanır. Çünki
onlar sənin yaşadığın şəhərin
yaşıdlarıdır və onların hər biri əsl
tarixdir. Bu tarixin isə hələ neçə illəri yola
salması üçün onu qoruyub saxlamaq gərəkdir. Mavi
Xəzərin sahilində yerləşən Sumqayıt isə
yaşıdlarının nəzərində gənclər
şəhəri olaraq qalmaqdadır, yaşının
neçə olmasından asılı olmayaraq...
Akif ƏLİYEV
Azərbaycan.- 2009.- 2 iyul.- S. 7.