Polşa Prezidenti "Heydər Əliyev" ordeni ilə təltif edilmişdir
İyulun 2-də sənədlərin
imzalanma mərasimindən sonra Polşa Prezidenti Lex
Kaçinskinin təltifetmə mərasimi olmuşdur.
Polşa ilə Azərbaycan
arasında dostluq və əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə
görə Polşa Respublikasının Prezidenti Lex
Kaçinskinin ölkəmizin ali mükafatı olan "Heydər
Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı oxundu.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV Polşa Prezidenti Lex Kaçinskini təbrik
edərək dedi:
- Hörmətli Cənab
Prezident, mən Sizi Azərbaycan dövlətinin ən ali
mükafatı - "Heydər Əliyev" ordeni ilə məmnuniyyətlə
təltif edirəm.
Siz Azərbaycan
xalqının yaxın dostusunuz və Polşa-Azərbaycan
ikitərəfli əlaqələrinin inkişafında Sizin
xüsusi xidmətləriniz vardır. Sizin önəmli təşəbbüsləriniz
Polşa ilə Azərbaycan arasında energetika sahəsində
və geniş mənada Avropada enerji məsələlərinin
həlli işində çox mühüm rol
oynamışdır. Son üç il ərzində bu, Sizin Azərbaycana
beşinci səfərinizdir. Bu, iki ölkə arasında
çox güclü əlaqələrin bariz nümunəsidir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll olunması prinsiplərini Siz həmişə
müdafiə edirsiniz və bütün Azərbaycan xalqı
buna görə Sizə minnətdardır.
Sizə möhkəm
cansağlığı və gələcək fəaliyyətinizdə
yeni uğurlar arzu edirəm.
İndi isə icazə
verin bu yüksək mükafatı Sizə təqdim edim.
Azərbaycan Prezidenti
İlham Əliyev ordeni Polşa Prezidenti Lex Kaçinskiyə
təqdim etdi.
Polşa Prezidenti Lex
KAÇİNSKİ təşəkkür edərək dedi:
- Cənab Prezident!
Bu ordeni Sizin tərəfdən
qəbul etməkdən şərəf hissi duyuram. Çünki
bu orden Azərbaycanın müstəqilliyinin rəmzidir. Bu elə
bir müstəqillikdir ki, Sizin ölkəniz də, bizim
ölkəmiz də müstəqilliyi eyni zaman kəsiyində
qazanmışdır. Məhz bu elə bir müstəqillik idi
ki, qəti surətdə və prinsipial qaydada həm Azərbaycan,
həm də Polşa xalqlarının həyatında
çox böyük, ciddi dəyişikliklərə səbəb
oldu. Mən uzun müddət siyasətlə məşğul
olmuşam. Daha sonra isə öz ölkəmin Prezidenti
seçildim və qarşıda duran əsas vəzifələrdən
biri 18 il əvvəl müstəqilliyini qazanmış,
müstəqil inkişaf yoluna qədəm qoymuş ölkələrlə
münasibətlərin qurulmasından ibarət idi. Bu, həmçinin
Azərbaycan və Polşanın maraqlarını anlayan tərəflərin,
dairələrin də uğuru idi. Eyni zamanda, vacib məsələ
ondan ibarətdir ki, həm böyük, həm kiçik
xalqların muxtariyyətə və müstəqilliyə tam hüquqları
vardır.
İcazə verin,
Dağlıq Qarabağ məsələsi barədə bir-iki
söz deyim. Bu məsələ ilə bağlı şəxsən
məndə heç bir şəkk-şübhə yoxdur. Güc
tətbiq etməklə hər hansı bir ölkənin ərazi
bütövlüyünün pozulması qəbuledilməzdir.
Heç kəs hətta ən güclü bir himayədarın
bayrağı altında hərəkət etməli deyil. Mən
bilirəm ki, elə bu məsələdə işlər məhz
belə də baş verdi. Mən, təbii ki, bu problemin
sülh yolu ilə nizamlanmasının tərəfdarıyam. Lakin
əslinə qalsa, bu məsələnin həlli məhz bir
formada olmalıdır. Azlıqların hüququnun
qorunmasına əməl olunmalı, lakin Azərbaycanın ərazi
bütövlüyünün saxlanması, bərpası təmin
edilməlidir.
Bir daha Sizə minnətdaram.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.-
S. 2.